Bu maraqlıdır!

Coğrafi informasiya sistemləri

GPS-in (ing. Global Positioning System) qlobal mövqe təyinetmə sisteminin köməkliyi ilə dünyanın istənilən məntəqəsində koordinatları, eləcə də Yer səthində və fəzada müxtəlif obyektlərin hərəkət sürətini avtomatik olaraq təyin etmək mümkündür. GPS qəbuledicisindən, yaxud naviqatordan həm hərbi, həm də mülki məqsədlə istifadə edilir.

 

CİS - verilənlərin toplanması, saxlanması və emalına xidmət edən informasiya sistemlərinin bir növüdür. CİS-də coğrafi obyektlər (qitələr, ölkələr, şəhərlər, dağlar, düzənliklər, okeanlar, dənizlər və s.) haqqında geniş məlumatlar toplanılır.

 

Xəritələrin təhlili xeyli vaxt və zəhmət tələb edir. CİS-in köməkliyi ilə müəyyən bir ərazi haqqında dolğun məlumat almaq və müxtəlif xəritələri müqayisə etmək mümkündür. CİS müxtəlif tipli xəritələri elektron hala gətirir və ümumiləşdirir ki, bu da gələcəkdə onların istifadəsini asanlaşdırır. CİS termini elmə ilk dəfə 1960-cı ildə ingilis coğrafiyaçısı Rocer Tomlinson tərəfindən gətirilmişdir.

 

CİS-də daha çox istifadə olunan kartoqrafik kompüter proqramları - Arcİnfo (ESRİ), MGE, Framme (İntegraph), GEO/SQLvə s-dir.

 

Müasir dövrdə coğrafi obyektlər haqqında informasiyaları təqdim etmək və onların mövqeyini daha tez təyin etmək üçün ən səmərəli üsul CİS-dir. Adi xəritədə hər hansı bir coğrafi obyektin mövqeyini təyin etmək üçün ən asan üsul onun koordinatlarını bilməkdir. CİS ilə daha sadə və asan üsulla obyektin axtarışını həyata keçirmək mümkündür. Bunun üçün obyektin adını axtarış sisteminə daxil etmək kifayətdir.

 

CİS-də işləmək üçün müxtəlif aparatlar və proqram təminatı olmalıdır:


- kompüter; verilənləri saxlamaq üçün vasitələr (vinçester, kompakt disk və s.); informasiyanı daxil etmək üçün avadanlıqlar (digitayzer, skaner, rəqəmsal kamera və s.); informasiyanın çıxışı üçün avadanlıqlar (printer, plotter və s.).

 

CİS-in quruluşunu məlumat qatlarının üst-üstə ardıcıl yığılması kimi təsvir etmək olar. Hər bir qatdakı məlumatlar əraziyə dair xəritə və rəqəm göstəriciləri formasında ola bilər.

 

Təhlil zamanı bu qatlarda olan məlumatlar müxtəlif variantlarda istifadə olunur.

 

CİS istənilən coğrafi hadisəni - hava proqnozunu, ətraf mühitdə baş verən dəyişiklikləri, litosfer tavalarının hərəkətini və s.-ni təhlil etməyə və onları modelləşdirməyə imkan verir. O, müxtəlif mənbələrdən alınan coğrafi informasiyaları bir-biri ilə əlaqələndirməklə problemin həllinə yardım edir.

 

CİS kartoqrafiyada yeni istiqamətin - operativ kartoqrafiyanın yaranmasına təkan verib. Operativ kartoqrafiya ərazinin real vəziyyətinin xəritələşdirilməsidir.

 

Xəritələşdirmə zamanı bazaya daxil edilən məlumatlar dərhal təhlil olunur, nəticədə alınan xəritələr təhlükəli proseslərin (meşə yanğınları, təbii fəlakət hadisələri, atom-elektrik stansiyasında baş verə bilən qəza nəticəsində yayılan radiasiya və s.) inkişafını izləməyə, onların arealını proqnozlaşdırmağa imkan verir. Bu isə əhalini və əlaqədar təşkilatları vaxtında məlumatlandırmağa və müvafiq tədbirlərin həyata keçirilməsinə şərait yaradır.