Şeirlər

Alməmməd İsgəndərli. İgid əsgər

Nə vaxtdır tapdaq altda
Qalıb vətən torpağı.
Bu dərdin çoxlarına
Çatmayıbdır sorağı.

 


Bu dərd ilə hər zaman
Alışıram, yanıram.
Çarəsiz bir xəstəyəm,
Sağalmağa yox güman.

 


Yaşamağı bir ümüd,
Ömrü xəyal olanlar,
Necə yaşasın, söylə,
İndi yurdsuz qalanlar?

 


Donuz darıdan çıxmaz,
Nə qədər, çıx get, desəm.
Düşmən də gedən deyil,
Yurdumu tərk et, desəm.

 


Bir iti xəncər olub,
Vurub qəlbimə yara.
Əbəsdir, illərlə mən
Yas tutub geysəm qara.

 

Vətənini sevməyən,
Qədrin bilməz anasın.
Qurban getməyən əsgər,
Bir gün tutacaq yasın.

 


Bəsdi dözdüm bu qədər,
Hər cəhdin olur hədər.
Ölməsək vətən üçün.
Bizə düşmən də gülər.

 


Ey oğul, igid əsgər,
Göstərginən sən hünər.
Köməyə yetən olmaz,
Olmasa səndə təpər.

 


Döndər geri fələyin
Tərs fırlanan çarxını.
Sən gəl oturt yerində
Bədniyyətli azğını.

 


Düşmən dönməz geriyə,
Ələ silah almasan.
Kim qalacaq, Vətənin
Qeydinə sən qalmasan.