Xəbərlər

15 noyabr- Bakı Dövlət Universiteti açılıb

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə ilk ali təhsil ocağımız – Bakı Dövlət Universiteti açılıb. Bakı Dövlət Universiteti 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cüm­huriyyətinin parlamenti tərəfindən təsis edilmişdir.

 

Universitetin nizamnaməsi AXC parlamenti tərəfindən 1919-cu il sentyabrın 29-da təsdiq edilib. Universitetdə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri fəaliyyət göstərib.

 

Bakı Dövlət Universiteti 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cüm­huriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Ümummilli lider Heydər Əliyev BDU-nun yaradılması kimi mühüm tarixi hadisəyə olduqca obyektiv qiymət verərək demişdir ki, əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir.

 

Azərbaycan Xalq Cümhuriyyəti milli mədəniyyətin, təhsilin, ədəbiyyatın və incəsənətin inkişafına xüsusi önəm vermiş, bu ümdə məsələlərə xü­susi qayğı ilə yanaşmışdır. Bu qayğı demokratik ziyalılarımızın uzun illərdən bəri apardığı gərgin mübarizənin həyati təzahürü idi. Azərbaycan milli hökuməti yarandığı ilk günlərdən həlli mühüm olan bir sıra iqtisadi və siyasi problemlərlə üzləşsə də, xalqın maariflənməsi üçün çox ciddi addımlar atmış, bütün məktəblərdə təhsilin icbari olması və ana dilində aparılması sahəsində konkret tədbirlər həyata keçirmişdir. Bu tədbirlərin içərisində bütün müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi fəaliyyətə başlayan, hazırda Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin yaradılması xüsusi yer tutur. Şərq dünyasına respublika məfkurəsini və demokratik idarə üsulunu gətirən Azərbaycan xalqının və dövlətinin həyata keçirdiyi nəhəng tarixi hadisələrdən biri, şübhəsiz, BDU-nun yaradılması olmuşdur. Dövrün ağır və mürəkkəb beynəlxalq şərtlərinə, xarici təhdidlərə, kəskin maliyyə və kadr çatışmazlığına baxmayaraq, milli hökumət ölkədə təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət yetirir, ciddi tədbirlər həyata keçirirdi. Bunun da səbəbini Cümhuriyyət xadimlərinin, demək olar ki, hamısının bir nəfər kimi bu taleyüklü işdə maraqlı olması ilə izah etmək olar. İyirmi üç aylıq fəaliyyətlərinin on ayı ərzində bu dövlət xadimləri gərgin mübahisə və müzakirələrdən sonra həyatlarının bəlkə də ən böyük arzusunu – müstəqil dövlətin müstəqil ali təhsil ocağını – Bakı Dövlət Universitetini yaratmağa nail olmuşdular. Əlbəttə, o dövrdə universitetin yaradılması ideyasının meydana çıxmasını şərtləndirən bir sıra amillər mövcud idi. Hər şeydən əvvəl, azərbaycanlıların maariflənməsini və təhsilinin inkişafını düşünən qabaqcıl ziyalıların, ictimai xadimlərin başlıca arzularından biri universitet açmaq olmuşdu. 

 

Bolonya təhsil sisteminə qoşulmuş universitetdə kompyuter texnologiyasının tətbiqi sahəsində böyük işlər görülmüş, ayrıca İnformasiya Texnologiyaları Mərkəzi, bütün fakültələrdə isə hər birində onlarla kompüter olmaqla, 20 elmi-tədqiqat sinfi yaradılmış və müəllimlərlə təmin edilmişdir.