Xəbərlər

“Muzeylərimizi tanıyaq və tanıtdıraq” interaktiv ekskursiya layihəsi davam edir

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Muzeylərimizi tanıyaq və tanıtdıraq” interaktiv ekskursiya layihəsinə start verilib.

 

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, interaktiv ekskursiya layihəsi bu ilin noyabr-dekabr aylarının şənbə-bazar günləri davam etdiriləcək.

 

Ekskursiyalarda rayon və kəndlərdən olan şəhid və qazi övladları, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrin övladları, internatdan olan məktəblilər iştirak edir.

 

Layihənin məqsədi məktəblilərin asudə vaxtını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, muzeylərin kolleksiya fondu ilə tanış etməkdir. Eyni zamanda, şagirdləri ölkəmizin qədim tarixi, milli-mənəvi dəyərləri barədə məlumatlandırmaqdır.

 

İnteraktiv ekskursiyalar Heydər Əliyev Mərkəzinə, Azərbaycan Milli İncəsənət Muzeyinə, Hərbi Qənimətlər Parkına, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə, Azərbaycan Milli Xalça Muzeyinə, “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğuna, Qobustan Milli Tarixi-Bədii Qoruğuna, “Suraxanı” tanker-muzeyinə və “YARAT” Müasir İncəsənət Mərkəzinə təşkil olunur