Xəbərlər

Mehriban Nağıyevanın “Xarıbülbül və Günəşin nağılı” kitabı çap olunub

Uşaq yazıçısı Mehriban Nağıyevanın yeni “Xarıbülbül və Günəşin nağılı” kitabı işıq üzü görüb.

 

AZƏRTAC xəbər verir ki, kitabda müəllifin “Xarıbülbül və Günəşin nağılı”, “Xeyirxah Tomi”, “Ətirli dağ”, “Kirpinin nağılı”, “Pişik və Qurbağa” nağılları yer alıb.

 

Kitabda xüsusi maraq doğuran “Xarıbülbül və Günəşin nağılı” 44 günlük Vətən müharibəsində qazandığımız böyük Qələbəyə həsr olunub.

 

Xarıbülbülün vətəni olan Şuşa 30 ildir düşmən işğalında idi. Bu illər ərzində Şuşa dağlarında Xarıbülbül görünmürdü. Günəş onu çox axtarsa da tapa bilmirdi. Nəhayət uzun həsrətdən sonra Azərbaycan hərbçiləri qayalıqlardan dırmanaraq Şuşanı düşmən işğalından azad etməyə gəlmişdi. Günəş döyüşlər ərzində yağış yağdırmaması üçün buluda yalvarırdı. Özü də al şəfəqlərini Şuşaya ələyirdi.

Nəhayət Azərbaycan əsgəri Şuşanı işğaldan azad etdi. Günəş də sevincdən çiçək açan Xarıbülbüllə görüşdü.

 

Kitabda yer alan “Xeyirxah Tomi”, “Ətirli dağ”, “Kirpinin nağılı”, “Pişik və Qurbağa” nağılları da uşaqlar üçün tərbiyəvi əhəmiyyət daşıyır.

 

Qeyd edək ki, kitab “Bakı Uşaq Nəşriyyatı”nda çap olunub.