Nağıllar, hekayələr

Gülarə Munis. Balacanın böyük dərdi...

Vərəqin xeyli hissəsi yazılmışdı...
 
Cümlələrdən birinin yarısı yavaş-yavaş islanmağa başladı. İslanan sahə tədricən böyüdü, vərəqin böyük bir hissəsi yaş oldu.
 
Sətrin lap başında dayanan A hərfi təəccüblə soruşdu:
 
– Bu nədir? Bu su haradan səpilir? Yazılar islandı ki...
İkinci sətirdə dayanan vergül yavaşca dilə gəldi:
 
 
– Bu mənim göz yaşlarımdır. Hər dəfə fikirlər yarıda qırılanda məni ora qoyurlar, əsas fikir sonraya qalır. Axı niyə balaca quyruğum mənə bu qədər mane olur? Niyə mən qətiyyətli söz deyən nida işarəsi ola bilmirəm? Niyə mən nöqtə olub fikirləri tamamlaya bilmirəm? Niyə mən üç nöqtə olub insanları düşündürə bilmirəm? Niyə mən sual işarəsi olub oxucuları cavab axtarmağa məcbur edə bilmirəm?
 
A hərfi vergülün başını sığalladı, sonra onun göz yaşlarını silib dedi:
 
– Əziz vergül, heç bilirsənmi, cümlədə sənin necə böyük rolun var? Sən olmasan, oxucular necə əziyyət çəkər? Sən olmasan, ən dəyərli yazılar, əsərlər belə mənasını itirər. Sənin o balaca quyruğun özündən sonra gələn fikirləri öz ardınca çəkib aparır, oxucunu düşünməyə məcbur edir. Əgər sən olmasan, qərarlar, fərmanlar öz qüvvəsini itirər. İnsanların bütün yazdıqları alt-üst olar.
 
Vərəqdə yazılan bütün işarələr və hərflər müdrik A hərfinin dediklərini təsdiq etdi.
 
Vergül bir az fikrə getdi. Birdən üzünə xoş bir təbəssüm yayıldı.
 
– İşə bax, indiyə kimi bunu başa düşməmişəm. Həmişə başqa işarələrə həsəd aparmışam. Sən demə, bütün yazılarda mənim olmağım vacib imiş!
 
Vergül sakitləşib gülümsədi və balaca quyruğunu nəvazişlə tumarladı...