Görkəmli şəxsiyyətlər

Lutsi Yuni Brut

Tarixin yaddaşında iki Brut qalmışdır. Onlardan biri, daha doğrusu, ikincisi məşhur Roma imperatoru Qay Yuli Sezara xəyanət etmiş və onun qətlində iştirak etmiş Brutdu ki, onu hamı xəyanət rəmzi kimi qəbul edir. Birincisi Brut isə çox – çox qədimlərdə yaşamış və Roma tarixinin çarlıq dövründən respublika dövrünə keçidində böyük rol oynamışdır.Bu rəvayət də birinci Brut haqqındadır.

 

Romanın yeddinci padşahı Məğrur Tarkvini özündən  əvvəlki padşahı öldürərək hakimiyyəti  zorla əlinə keçirmişdi.O, əhaliyə zülm edir, bir çox ağıllı və ədalətli patrisiləri qətlə yetirirdi. Onun öldürdüyü patrisilərdən birinin iki oğlu var idi.Tarkvini onlardan böyüyünü öldürüb kiçiyini sarayda nəzarət altında saxlayırdı.Bu uşaq başa düşürdü ki, padşaha qarşı öz nifrətini göstərsə, onu da atasının və böyük qardaşının aqibəti gözləyir, odur ki, özünü təlxək yerinə qoymuşdu. Onu Brut deyə çağırırdılar. Brut latın dilində axmaq demək idi.

 

Brut bir qədər böyüyüb yeniyetmə çağına çatanda Məğrur Tarkvini ondan bir təhlükə hiss etməyib öz oğlanları ilə bir yerdə olmağa izn verdi.

 

Bir dəfə Tarkvininin oğlanları Brutla birlikdə Yunanıstana, Delfa kahinin yanına getdilər. Şahzadələr kahinə bahalı hədiyyələr verdilər. Brut isə atasından ona qalmış çomağı hədiyyə etdi. Şahzadə qardaşlar bunu Brutun növbəti təlxəkliyi hesab edib gülüşdülər. Lakin Delfa kahini bilirdi ki, bu ağac çomağın içində qızıldan çomaq gizlədilib. O, başa düşdü ki, bu çomağı hədiyyə edən oğlan zahir də özünü axmaq və təlxək kimi aparsa da, daxildə çox ağıllı və dərrakəlidir.

 

Tarkvininin oğlanları kahindən soruşdular ki, atalarından sonra kim padşah olacaq. Kahin cavab verdi ki, burdan qayıdandan sonra kim öz anasını birinci öpsə, o da taxt taca yiyələnəcək. Qardaşlar Romaya tələsdilər. Roma torpağına çatan kimi Brut özünü elə göstərdi ki, guya atdan yıxıldı.Yerə yıxılan kimi o, torpağı qucaqlayıb öpdü. Atasız – anasız qalmış Brut vətən torpağını öz anası sayırdı.

 

Romaya qayıdan Brut əhalini zalım Tarkviniyə qarşı qaldırdı.Tarvininin zülmündən zinhara gəlmiş xalq onu devirdi.

 

Brut Romaya yeni üsul – idarə yaratdı. İndi xalq Romanın əsas meydanı olan Foruma yığışaraq öz hakimlərini seçirdi. Onları konsul adlandırırdılar. Bu söz “məsləhət verən “, “qayğısını çəkən” mənasını verirdi. Eyni zamanda iki konsul seçirdilər ki, təkhakimiyyətlilik olmasın. Konsullar bir illiyə seçilirdi.Onların işinə senat nəzarət edirdi.

 

Konsullar da, senatorlar da yalnız patrisilərdən seçilə bilərdilər. Plebeylər narazı qalmasın deyə onların arasından senata iki xalq tribunu seçirdilər. Onların səsvermə hüququ yox idi, lakin senatın istənilən qərarına veto qoymaq hüquqları var idi. "Veto" latınca “qadağa” demək idi.

 

Beləliklə, dünya tarixində ilk dəfə olaraq e.ə.VI əsrdə Romada respublika üsul – idarəsi yarandı.Onun yaranmasında əsas rol oynayan Brutun adı isə tarixdə zülmə, monarxiyaya qarşı mübarizənin təcəssümü kimi qaldı.

​