Şeirlər

Aləmzər Əlizadə. Bircə dəfə

Ay itlər, ay pişiklər,

Ay quzular, qoyunlar.

Sizi gözlər çöl-bayır,

Sizi gözlər oyunlar.

 

 

Ya boş yerə qaçırsız,

Ya hoppanıb-düşürsüz.

Ya ağaca dırmaşır,

Ya torpağı eşirsiz.

 

 

Bir-birinizə bəzən.

Hirslənib durursunuz.

Ayağınızı tez-tez,

Yerə də vurursunuz.

 

 

Ananız bircə dəfə,

Papış geydirir sizə.

Onlar da heç cırılmır,

Yaxşı ki, qalır təzə.

 

 

Univermaqda rəng-rəng,

Papışlar, çəkmələr var.

Ancaq ki, ananızı,

İçəri buraxmazlar.

 

 

Cırılsa papışınız,

Ayaqyalın qalarsız.

Bilmirəm təzəsini,

Siz heç hardan alarsız?