Xəbərlər

STEAM Azərbaycan Festivalının açılış mərasimi olub

Dekabrın 9-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində “STEAM Azərbaycan Festivalı 2021”in açılış mərasimi olub.

 

AZƏRTAC xəbər verir ki, ölkənin 6-11-ci sinif şagirdləri üçün ilk dəfə təşkil edilən festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsidir.

 

Tədbirdə təhsil naziri Emin Əmrullayev diqqətə çatdırıb ki, STEAM rəqəmsal bacarıqları, XXI əsr kompetensiyalarını özündə birləşdirən layihədir. On beş regiondan 100 mindən çox şagirdi əhatə edir. Nazir vurğulayıb ki, şagirdlər üçün gələcəyin çağırışına uyğun tədris məzmunu yaratmağa çalışırıq. Bu məqsədlə innovativ məktəblər layihəsinə başlanılacaq. Layihə özündə rəqəmsal bacarıqları, STEAM-i birləşdirəcək.

 

STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov bildirib ki, layihə 2019-2020-ci tədris ilindən həyata keçirilir. Hazırda layihə 302 məktəbi, 1600 müəllimi əhatə edir. Layihə VI, VII, VIII siniflərdə həftədə 2 saat olmaqla il ərzində 68 saat keçirilir. Layihənin icra olunduğu məktəblərdən 189-u Bakı şəhərinin, 113-ü isə regionların payına düşür. STEAM layihəsi çərçivəsində istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə mütəmadi olaraq yarış və müsabiqələr keçirilir. STEAM Azərbaycan Festivalının təşkili də həmin fəaliyyətlər sırasındadır.

 

Festival çərçivəsində 10 kateqoriya üzrə - “STEAM open (makerthon)”, “Hackathon”, “Mıcro:Bıt”, “Lego sumo”, “Lıne follower”, “3D Cad”, “Short movıe”, “Edu drone”, “Humanoıd robot” yarışlar keçiriləcək. Festivala regionlardan 91 komandadan 374 iştirakçı, paytaxt üzrə 198 komandadan 518 iştirakçı olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb.

 

Festivalın açılışında Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, Türkiyə və İsraildən olan qonaqlar iştirak ediblər.

 

Sonra tədbir iştirakçıları komandaların stendləri ilə tanış olublar.

 

Qeyd edək ki, 2019-cu ildən Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan STEAM (Science, Technology, Engineering, Art və Math) layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq və s. kimi XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir. Eyni zamanda, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə etmək qabiliyyətlərini yüksəltməkdir.