Xəbərlər

“Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin final mərhələsinə start verilib

Dekabrın 14-də Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkəti tərəfindən “Kod Saatı” qlobal hərəkatı çərçivəsində V-IX sinif şagirdləri üçün təşkil olunan “Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin final mərhələsinə start verilib.

 

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin proqramlaşdırma dilləri üzrə bacarıqlarını inkişaf etdirmək, yeni texnologiyalar üzrə öyrənilən biliklərin təcrübədə tətbiqi üçün şərait yaratmaqdır. Eyni zamanda, onların yüksək texnoloji ixtisaslara marağını artırmaqdır.

 

Müsabiqənin final mərhələsində 100 şagird 20 komandada münsiflər heyəti qarşısında proqramlaşdırma dilləri vasitəsilə yaradıcı layihələrlə işləmək bacarıqlarını nümayiş etdirəcək. Proqramlaşdırma və layihələrin hazırlanmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb. Bu müddət bitdikdən sonra hazırlanan layihələrin müdafiəsi həyata keçiriləcək.

 

Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, hər bir ölkənin gələcəyi onun gənclərinin təhsilindən əsaslı dərəcədə asılıdır. Gənclərin müasir tələblərə cavab verən bilik və bacarıqlara yiyələnməsi çox vacibdir. Dünyada gedən qlobal proseslər göstərir ki, cəmiyyətin gələcək həyatı müasir texnologiyaların, süni intellektin inkişafını tələb edir. Bunların əsasında isə rəqəmsal bacarıqlar dayanır. Bu baxımdan “Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsi xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal bacarıqlar olmadan gələcəyi təsəvvür etmək mümkün deyil.

 

Nazir müavini vurğulayıb ki, qlobal trendlərin tələbinə əsasən hər bir insan ömürboyu öz üzərində çalışmalıdır, öyrənməlidir, oxumalıdır. Bu gün biz gənclərimizi gələcəyə hazırlamaq üçün onlara müasir biliklər verməliyik.

 

Firudin Qurbanov məlumat verib ki, “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 2017-2018-ci tədris ilindən etibarən ümumtəhsil məktəblərində informatika fənninin yeni formatda tədrisi üzrə layihənin tətbiqinə başlanılıb. Layihənin məqsədi təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etməkdir. “Rəqəmsal bacarıqlar” layihəsi hər il əhatə dairəsini genişləndirir. Layihə bu tədris ilindən 16 şəhər və region üzrə 250 məktəbdən olan 191 min şagirdi əhatə edir.

 

Qeyd edək ki, üç mərhələdən ibarət müsabiqənin birinci mərhələsi 3 gün ərzində onlayn formatda keçirilib. Müsabiqə üçün qeydiyyatdan keçmiş bütün şagirdlər “Rəqəmsal bacarıqlar” layihəsinin platformasında tapşırıqları həll ediblər. Birinci mərhələnin tapşırıqlarını uğurla bitirən şagirdlər bir gün ərzində onlayn rejimdə keçirilən II mərhələyə buraxılıb. Bu mərhələdə şagirdlərin proqramlaşdırma və alqoritmik düşüncə bacarıqlarını dəyərləndirmək üçün onlara müxtəlif tapşırıqlar verilib. Düzgün cavabların sayına və onların həllinə sərf olunan vaxta əsasən ən yüksək nəticə göstərən şagirdlər final mərhələsində iştirak hüququ qazanıblar.