Nağıllar, hekayələr

Şotland nağılı. Pəddu

Biri vardı, biri yoxdu, bir qarıyla onun qızı vardı.

 

Bir dəfə yoxsul qarı qoğal bişirəndə qızına qab verib quyudan su gətirməyə göndərdi. Qız evdən çıxıb yola düşdü. Dağdan aşıb düzdən keçdi, nəhayət gəlib quyunun yanına çıxdı. Amma quyunun suyu tamam-kamal qurumuşdu. Nə edəcəyini bilməyən qız çaşbaş qaldı. Axı, o, anasının yanına susuz necə qayıdaydı. Odur ki, qız quyunun başında oturub qəm dəryasına batdı.

 

Qız xeyli belə oturub qaldı. Birdən iri bir qurbağa quruldaya-quruldaya quyudan çıxıb qızdan nə üçün kədərləndiyini soruşdu. Qız da dərdini deyib bildirdi ki, quyuda bir damcı da su yoxdur.

 

Qurbağanın adı Pəddu idi.

 

- Bura bax, - Pəddu dilə gəldi, - mənim sevgilim olsan, sənə çoxlu su verərəm.

 

Zavallı qız qurbağanın sözünün ciddi olduğuna inanmadı. Buna görə də bir qab sudan ötrü qurbağanın arvadı olacağına söz verdi.

 

Bəli, qız qurbağanın verdiyi suyu qabına doldurub evə, anasının yanına qayıtdı. O vaxtdan sonra Pəddu bir dəfə də olsun qızın yadına düşmədi. Amma bir gecə qız öz anası ilə yatağa uzanmağa hazırlaşanda nəsə qapıya yaxın-aşdı.

 

Ana-bala nəfəslərini içinə çəkib susdular. Qapının dalından bu nəğməni eşitdilər:

 

Aç qapını, gözəl pəri,

Yoxsa, məni eşitmirsən?!

Göy çəmənlik yadındamı,

Dedin - sənə gələrəm mən.

 

Qulağına gələn səsdən heyrətlənmiş ana qızından xəbər aldı:

 

- Qızım, qapının arxasından gələn nə səsdir?

 

- Ana, qulaq as, - qız cavab verdi, - qapının dalından gələn səs iyrənc Pəddunun səsidir.

 

- Get biçarə Pədduya qapını aç.

 

Naçar qalmış qız qapını açdı. Pəddu quruldaya-quruldaya hoppanıb içəri keçdi, buxarının başında yanını yerə qoyub zümzümə etməyə başladı:

 

Şam yeməyi gətir yeyim,

Gözəl mələk, tez ol mənə.

Yadındamı, nə demişdin,

O vaxt mənə göy çəməndə.

 

- Sən bundakı üzə bir bax, - qız hikkə ilə dilləndi, - bircə elə o qalıb ki, iyrənc qurbağaya şam yeməyi verəm!

 

- Ey, ay qız, - ana qızına təpindi,- dur ayağa, qurbağaya şam yeməyi ver.

 

Beləliklə, Pəddu şam edib qarnı doyandan sonra yenə oxumağa başladı:

 

Sal yerimi, gözəl pəri,

Yuxum gəlir yatım bir az.

Yadına sal göy çəməni,

Belə olmaz, belə olmaz.

 

- Qulaq as, gör bir nə deyir, - qız deyindi, - mən idbar bir qurbağanı yanıma necə buraxım?

 

- Ey, ay qız,- ana yenə də qızına acıqlandı, - götür yazıq Pəddunu uzat yanına.

 

Qızın yanında uzanan kimi Pəddu yenə də oxumağa başladı:

 

Balta gətir, gözəl mələk

Tez ol, tez ol indi mənə.

Yadındamı söz vermişdin

Göy çəməndə onda mənə.

 

Çox keçməmiş qız baltanı gətirib gəldi. Baltanı görən Pəddu yenə yanıqlı-yanıqlı oxudu:

 

Üz başımı, kəs başımı

Balta ilə, gözəl pəri.

Nə demişdin göy çəməndə

Sal yadına o günləri.

 

Nə başınızı ağrıdım, qız əlacsız qalıb balta ilə qurbağanın başını kəsdi. Qurbağanın başı üzülüb yerə düşən kimi qızın qarşısında çinar boylu, yaraşıqlı bir gənc şahzadə peyda oldu. Ona bənzər ikinci bir şahzadəni o vaxtacan görən olmamışdı.

 

Bu minvalla qızla şahzadə ailə qurub ömürlərinin sonuna kimi bəxtəvər günlər keçirdilər