Bu maraqlıdır!

Yol nişanlarına diqqәt edәk

Qədimdə nəqliyyat vasitələrində dartıcı qüvvə olaraq, əsasən, at və ya mal-qaradan istifadə olunurdu. Lakin elm və texnika inkişaf etdi və avtomobil meydana gəldi. Bununla da yollarda hərəkət sürəti artdı. Yollarda sürət artdığından sürücülərə qarşıdakı yol haqqında məlumat verəcək yol nişanlarına ehtiyac yarandı. Beləliklə də, dünyada ilk yol nişanları XIX əsrin sonlarında, ilk avtomobillərlə birlikdə yarandı.

 

Əvvəllər hər bir ölkənin öz yol nişanları var idi. Beynəlxalq avtomobil yolları inkişaf etdikcə yol nişanlarının bütün sürücülər tərəfindən başa düşülməsi zərurəti yarandı. Beləliklə də, 1968-ci ildə Vyanada yol hərəkəti haqqında Beynəlxalq Konvensiya qəbul edildi. 1997-ci ildən ölkəmiz də bu Konvensiyaya qoşulmuşdur.

 

Sürücülərin zəruri tədbirləri vaxtında həyata keçirə bilməsi üçün yol nişanlarını bilmələri olduqca vacibdir. Onların yol nişanlarının mənasını bilməməsi yol qəza hadisələrinin yaranmasına səbəb olur. Bundan da ən çox əziyyət çəkən piyadalardır.

 

Yol nişanları aşağıdakı kimi qruplaşdırılır:

 

Xәbәrdarlıq nişanları


Mәcburi hәrәkәt istiqamәti nişanları


Mәlumatverici-göstәrici nişanlar


Əlavә mәlumat nişanları (lövhәciklәri)

 

Üstünlük nişanları


Servis nişanları


Qadağan nişanları


Nәqliyyat vasitәlәrinin tanınma nişanları

 

Xәbәrdarlıq nişanları – bu nişanlar sürücülərə və piyadalara yolların təhlükəli sahələri haqqında xəbərdarlıq edir. Sürücü bu nişanları görərkən daha diqqətli olmalı və hərəkət sürətini azaltmalıdır. Xəbərdarlıq nişanlarının əksəriyyəti qırmızı haşiyəsi və ağ fonu olan üçbucaq formasındadır.

 

Üstünlük nişanları – yolayrıcılarını, yolun hәrәkәt hissәsinin kәsişmәlәrini göstәrir. Üstünlük nişanlarının vahid forma vә rәngi yoxdur.

 

Qadağan nişanları – qırmızı rәnglә haşiyәlәnmiş dairә formasındadır. Bu nişanlar yollarda, yaxud onların ayrı-ayrı sahәlәrindә nәqliyyat vasitәlәrinin vә piyadaların hәrәkәtini mәhdudlaşdırır vә ya qadağan edir.

 

Mәcburi hәrәkәt istiqamәti nişanları – sürücülәrә nәqliyyat vasitәlәrinin hәrәkәtinin icazә verilmiş istiqamәtini, sürәtini, piyadalar üçün nәzәrdә tutulan yolları göstәrir. Bu nişanların dairәvi forması vә mavi fonu vardır.

 

Mәlumatverici-göstәrici nişanlar – yaşayış mәntәqәlәrinin vә başqa obyektlәrin yerlәşmәsi barәdә mәlumat verir. Bu nişanlar düzbucaqlı formasındadır. Yaşayış mәntәqәlәrinin adları, yolun vәziyyәti, yolboyu obyektlәrin yerlәşmәsi vә s. barәdә mәlumatlar bu nişanlar vasitәsilә verilir.

 

Yaşıl fon avtomagistral, göy fon başqa avtomobil yolları, ağ fon yaşayış mәntәqәsi әlamәti demәkdir.

 

Servis nişanları – uzaq sәfәrә çıxanlara müvafiq obyektlәrin yerlәşmәsi haqqında mәlumat verir. Bu nişanlar düzbucaqlı formasında olub enli mavi haşiyәyә malikdir.

 

Əlavә mәlumat nişanları – birlikdә qoyulduğu digәr qrupların nişanlarını dәqiqlәşdirmәk vә ya mәhdudlaşdırmaq üçün istifadә olunur. Hәrәkәtin daha rahat tәşkilinә imkan yaradır.

 

Nәqliyyat vasitәlәrinin tanınma nişanları – adından da göründüyü kimi, nәqliyyat vasitәlәrini tanımağa xidmәt edir.

 

Yol hәrәkәti nişanlarını tanısaq vә fәrqlәndirsәk, yollarda baş verәn qәzaların sayını azaltmış olarıq.