Nağıllar, hekayələr

İrland nağılı. Kral, keşiş və qaz haqqında nağıl

Qədim zamanlarda İrlandiyada yaşamış O'Tul adlı kral haqqında bir şey eşitmisinizmi? Ömrünün ixtiyar çağında kral O'Tulun qismətinə çıxmış gözlənilməz səadət barəsində nə deyə bilərsiniz? Bilmirsinizsə, qulağınız məndə olsun, nəql eləyim. Deyilənə görə, kral O'Tul cavan olanda bütün İrlandiyada ondan cəsarətli ikinci bir gənc tapmaq mümkün deyildi. Kralın ən sevimli işi ovçuluq idi. Dan yeri sökülən-dən şər qarışana kimi kral atını mahmızlaya-mahmızlaya ovlaqları ələk-vələk edər, itlərini qısqırdardı. Kral qocalıb beli bükülənəcən həyatı çox firavan və şən keçdi. Qocalıb haldan düşmüş kral daha nə yayda, nə də qışda günlərini ovda keçirə bilirdi. Günlər ötüb keçdi, elə bir an gəlib çıxdı ki, biçarə qoca kral əsasına söykənə-söykənə bağda gəzməkdən başqa heç nə edə bilmədi.

 

Madam ki, nə sevinc, nə əyləncə yoxdur, - o fikirləşdi, - demək həyat sona çatıb.

 

Kral özünə təsəlli verib əylənmək üçün bir qaz saxlamağa başladı. İstəyirsiniz inanın, istəyirsiniz yox, amma onu deməliyəm ki, qaz biçarə qoca kralın mehriban dostuna, qulaq həyanına çevrildi. Bir müddət onlar ikilikdə yaxşıca əyləndilər. Nə gülürsünüz? Burada gülməli nə var ki!? Haraya uçub getməsindən asılı olmayaraq kral onu səsləyən kimi qaz geri qayıdır, kralın ürəyi istəyən qədər yanlarını basa-basa onun arxasınca gəzirdi.

 

Cümə günləri - axı siz bilirsiniz ki, müqəddəs dini qanunlara görə allahpərəst xristianlar həmin günü ət yeməkdən imtina edirlər, - onu deyirdim axı, cümə günləri qaz üzə-üzə gölə baş vurar, öz sahibinə nahar üçün yaraşıqlı, yağlı alabalıq gətirərdi. Bəs necə, bu xeyirxah məxluq yazıq qoca kralın yeganə sevinci, təsəllisi idi. Amma çox təəssüflər olsun ki, bu fani dünyada əbədi heç nə yoxdur! Elə bir gün gəldi ki, kralın qazı da qocalıb taqətdən düşdü. Qanadlarında güc qalmadı. Kralın ayaqları kimi qazın da ayaqları sözünə baxmadı. Zavallı quşcuğaz sahibini nəşələndirmək üçün çox çalışsa da, bacarmadı. Yəqin ki, taleyin hökmündən qaçıb qurtarmaq mümkün deyil! Kral O'Tul xiffət etməyə başladı.

 

Günlərin bir günü qocalar, yəni qoca kralla qocalmış qaz göl sahilində oturub qəm dəryasında qərq olmuşdular. Kral qazı dizinin üstündə oturdub yazıq-yazıq ona baxırdı. Gözlərində yaş gilələnmişdi:

 

- Eh, belə mənasız, gərəksiz ömür sürməkdənsə, yıxılıb ölmək, ya da bu göldə boğulmaq daha yaxşıdır, - deyə kral fikirləşdi.

 

O, qazı əlindən buraxdı. Qaz taytıya-taytıya yaxınlıqdakı qamışlığa girdi ki, bəlkə əlinə bir şey keçə. Kral isə oturduğu yerdən qımıldanmadan elə hey özünün kədərli həyatı haqqında düşünürdü. Kral birdən başını qaldırıb qarşısında yaraşıqlı ciddi görkəmli naməlum bir oğlan uşağı gördü.

 

- Hər vaxtın xeyir, kral O'Tul - gənc dilləndi.

 

Kral təəccüblə xəbər aldı:

 

- Bu necə işdir, adımı hardan bilirsən?!

 

- Bunun əhəmiyyəti yoxdur. Mən hələ bəzi şeyləri də bilirəm. Cürət edib sizdən soruşa bilərəmmi, mehriban kral O'Tul? Sizin qazınızın əhvalı necədir? Axı, qaz bu vaxt qamışlıqda ova çıxdığına görə onu görmək mümkün deyildi.

 

 

Kral soruşdu:

 

- Demək qazımdan da xəbərin var?

 

- Man qazınız haqqında hər şeyi bilirəm.

 

- Köhnə şeyləri təzələyirəm.

 

- Demək onda sən qalayçısan?

 

- Yox əşşi, tapa bilmədin! İşdir sənin qoca qazını yenidən cavanlaşdırsam, mənə nə ad verərsən?

 

- Yenidən cavan?!- Dönə-dönə soruşan kralın qırışmış üz-gözü sevincdən işıqlandı. Bundan yaxşı nə ola bilərdi ki?

 

- Əlbəttə yenidən cavan, - oğlan başı ilə təsdiq etdi.

 

Kral O'Tul fit çaldı. O dəqiqə qoca qaz qamışlıqdan çıxıb yanlarını basa-basa bükülüb yumağa dönmüş sahibinə yaxınlaşdı. Sözümün canı budur ki, qoca qaz krala çox sədaqətli idi. Oğlan qazı başdan-ayağa süzüb dilləndi:

 

- Əgər ürəyindən keçirsə, söz verirəm ki, qazı cavanlaşdıraram.

 

- Ulu Tanrıya and içirəm!- riqqətə gəlmiş kral da bir dəri, bir sümük qalmış qoca qazı başdan-ayağa süzüb cavab verdi. - Əgər sən qazı cavan etsən, mən səni öz krallığımda ən kamallı gənc hesab edərəm.

 

- İşə bax a! Sən də söz danışdın da! - oğlan gülümsənərək bic-bic dedi. - Axı, sən demədin ki, bu işin əvəzində mənə nə verəcəksən?

 

- Xətrin nə istəsə! - kral sevinərək cavab verdi. - Bu çox ədalətli iş olar. Bura bax, mən qazı cavanlaşdırdığım gün qazın uçub getdiyi bütün torpaqlarını mənə verərsənmi?

 

- Verərəm!

 

- Cığallıq eləməzsən ki?

 

- Vallah eləmərəm!

 

Belə olan halətdə oğlan qoca qazı səsləyib yanına çağırdı. Sonra oğlan aşağı əyilib qazı qolları üstünə götürdü. Qanadlarını dartıb düzəltdi. Havaya atmazdan əvvəl qazın qanadlarının altından üfürdü ki, qaz asanlıqla uça bilsin.

 

- Bəli, - allaha and içirəm ki, mənə inanasınız! - qoca qaz havaya qalxıb qartal kimi süzməyə başladı. Qaz səmada dövrə vura-vura hərdən ox kimi başı aşağı millənir, hərdən də qaranquş kimi yüngülcə qanadlarını çalıb yüksəklərə pərvaz edirdi. Səmada yorulmadan qanad çalıb torağay kimi dövrə vuran qoca qaza baxdıqca kralın kefi kökəlirdi. O özünü unudub heyrət içərisində ağzını açıb tamaşa edir, nəşələnirdi. Hə, bəs necə, qaz göydə iri bir dövrə vurub gözdən itdi. Bir an sonra yenidən peyda oldu. Və nəhayət aşağı enib sahibinin ayağının yanına qondu. Kral qazın başını, qanadlarını sığallayıb əmin oldu ki, qaz, doğrudan da, cavanlaşıb, əvvəlkindən də sağlam olub.

 

- Ay can, ay can, bundan yaxşı qaz hələ dünyaya gəlməyib! - kral tərifə başladı.

 

- Bəs mənə deməyə sözün yoxdur? - oğlan kraldan xəbər aldı.

 

- Necə yəni yoxdur! Sən İrlandiya torpağına ayaq basmış oğlanların hamısından ağıllısan,- hələ də heyran-heyran qazdan göz çəkməyən kral cavab verdi.

 

- Daha nə demək istəyirsən?

 

- Demək istəyirəm ki, ömrüm boyu sənə minnətdar olacağam.

 

- Sözünün üstündə durub bir az əvvəl qazın uçub getdiyi torpaqlarını mənə verəcəksənmi?

 

- Əlbəttə, verəcəyəm,- kral dedi, - həmişə səni öz torpağımda salamlamağa şadam. Bir qarış torpağım qalsa da, sən həmişə əziz qonağım olacaqsan.

 

- Görürəm ki, vicdanlı, mehriban qocasan, - Oğlan dedi.

 

- Bəxtin onda gətirdi ki, sözündən qaçmadın, yoxsa sənin qazın səma üzünə həmişəlik həsrət qalacaqdı!

 

- Ay cavan, axı, sən kimsən? - kral ikinci dəfə gəncdən xəbər aldı.

 

- Mən müqəddəs keşiş Kevinəm, -cavab gəldi.

 

- Ay allah! Sən işə bir bax! - kral heyrət içərisində gücbəla ilə diz çökdü, çünki qoca sümükləri sözünə baxmaq istəmirdi. - Belə çıxır ki, səhərdən bəri mən burada dünyanın ən müqəddəs məxluqu ilə söhbət edirəm?

 

- Belə çıxır da,- keşiş Kevin şəstlə cavab verdi. - Mən də səhərdən fikirləşirəm ki, söhbət etdiyim sadə, kasıb bir oğlandı!

 

- Qiyafəmi dəyişmişəm, - keşiş dedi, - buna görə də sən məni tanıya bilmədin. Özüm də gəlmişdim ki, səni sınayam. Bu səhər əmin oldum ki, sən vicdanlı, xeyirxah kralsan, çünki mənim timsalımda adi bir qalayçıya verdiyin vədə xilaf çıxmadın. Buna görə də mən səni mükafatlandırıram, qoy sənin qazın cavan qalsın!

 

İstəyirsiniz inanın, istəyirsiniz yox, söylədiyim bu əhvalat həqiqətən qoca kral O'Tulun başına gəlib.

 

Qədim zamanlarda belə deyərmişlər:

 

Tula ovu dərhal yaxaladığı kimi ömrümüzün payızı da yaxamızdan çox erkən yapışır.​