Bu maraqlıdır!

Yeni il Avropa ölkələrində

Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır. 

 

Avropa ölkəsi olan Fransada Şaxta baba Per Noel — yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər. Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar. Bu ölkədə bayramın ən maraqlı tərəfi hədiyyələrdir. Amma burada bir qədər diqqətli olmaq lazımdır. Hər hədiyyəni hər adama vermək olmaz. 

 

Yeni ildə İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı — ata zibil atmaq bəhanəsilə evdən çıxır və Yul Tomten (Şaxta baba) obrazında qayıdır və uşaqlara hədiyyələr paylayır.

 

İtaliyada yeni ildə uşaqların isə Şaxta babaları yox, Şaxta nənələri var. Onun adı Befan nənədir. Bu ölkədə Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti var. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da Yeni il gecəsi onlar öz səslərinə tam sərbəstlik verirlər. Beləcə onlar həm də köhnə ilə vidalaşırlar. Əgər Yeni il bayramı ərəfəsində təsadüfən Roma küçələrindən keçsəniz ehtiyatlı olun. Çünki pəncərələrdən atılan köhnə ev əşyalarına hədəf ola bilərsiniz. İtalyanlar hesab edirlər ki, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır.

 

Böyük Britaniyada bayram günü evdə ideal təmizlik və qanun-qayda hökm sürməlidir. Gecə düşərkən ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını geniş açır. Daha sonra qapı bağlanır və evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə ilin necə keçəcəyi içəri girən adamın görkəmindən çox asılıdır. Qadınlar, sarışınlar və əsmərlər o qədər də arzuolunan deyillər. Ən uğurlu qonaq kürən kişi hesab olunur. Dəhşətli hadisə, çatmaqaş adamın içəri girməsinə qarşı isə o dəqiqə ehtiyat tədbirləri görülür. Ocağa duz atılır, qapıdan xaç asılır. Gələn qonaq özüylə viski, şirin çörək və kömür gətirməlidir. Kömür ocağa atılır ki, Yeni ildə ailə ocağı daha gur yansın.

 

Yeni ildə İslandiyada kiçiklər öz valideynlərini xeyli təəccübləndirirlər. Bu balaca çoxbilmişlər Şaxta babanın onlara göz qoymasından ehtiyatlanaraq ay boyu özlərini yaxşı aparır, dəcəllik etmirlər. Əks halda bayram gecəsi sobanın yanına qoyduqları çəkmələrin içində kartof və ya bir parça kömür tapa bilərlər.

 

Almanlar Yeni il gecəsi saat 12-ni vurarkən ovuclarında metal pul sıxaraq tullanırlar. İnanırlar ki, bunu etsələr yeni il daha bərəkətli olacaq.

 

Finlandiyada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir. Bayramın əsas qəhrəmanı isə fin Şaxta baba — Youlupukkidir.

 

İspaniyada bayram günü hamı şəhərin mərkəzi meydanına axışır. Üzüm yeməyə. Həm də kütləvi şəkildə. Hər kəs müəyyən vaxt ərzində 12 salxım üzüm yeməlidir. Bayram axşamı küçələrdə müxtəlif tələlər qurulur. Bu onun üçündür ki, pis qüvvələr köhnə ildə ilişib qalsın.

 

Avstriyada hələ qədimlərdən Yeni il bayramının xeyirxah obrazları bacatəmizləyən və donuzdur. Bu, əlbəttə, sonuncunun bayram süfrəsində həzm-rabedən keçirilməsinə mane olmur. Yeni il Avstriyada çox şən keçir, insanlar yeni il gecəsini kücələrdə şənlənməklə və karnavallarla keçirirlər.

 

Yeni il Rusiyada ən çox sevilən bayramdır. Uşaqlar yeni ildən hədiyyələr, böyüklər isə səadət, xoşbəxtlik gözləyir. Bu ənənənin əsası 300 il bundan əvvəl Birinci Pyotrun əmri ilə qoyulub. Əmrdə, həmçinin ağac bəzəmək də öz əksini tapıb. Məhz küknar ağacı XIX-cu əsrin axırlarında dəbə mindi.

 

Yeni il gecəsi süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Süfrənin ortasına mütləq odda qızardılmış donuz balası qoyulur. Çünki donuz ruslarda bolluq və var-dövlət simvolu kimi tanınır. Süfrəyə quş ətindən heç nə qoyulmur, hesab edilir ki, evdən xoşbəxtlik uça bilər. Xəmirdən müxtəlif heyvan fiqurları bişirilib gələn qonaqlara paylanır. Yeni ili mütləq təzə paltar və ayaqqabıda qarşılayırlar ki, gələn il də həmişə təzə paltar, ayaqqabı almaq imkanı olsun. Yeni il qabağı hamı çalışır ki, bütün borcları qaytarsın, küsülülər barışsın. Evdən sınmış qab-qacağı atır, pəncərə və güzgülər parıldayana qədər silinir. Müxtəlif karnavallar, ballar təşkil olunur, hamı səhərə kimi rəqs edir.