Nağıllar, hekayələr

Şotland nağılı. Qoğal

Nənə can, ay nənə can, gəl, “Qoğal” nağılını bizə söylə.

 

- Qulaq asın, uşaqlar, bu nağılı siz əvvəllər yüz dəfə eşidibsiniz. Bir də söyləmərəm.

 

- Axı, nənə can, bu çox gözəl nağıldır. Nə olar, bircə dəfə də söylə.

 

- Yaxşı, yaxşı, mənim nəvələrim, sakitcə oturub qulaq asmağa söz versəniz, söyləyərəm.

 

Bəziləri istəklisindən söhbət açıb pəncərənin dibində xısınlaşmadan söz salmağı xoşlayırlar. Mən isə sizə qəşəng yulaf qoğal haqqında maraqlı bir nağıl danışacağam. Hə, uşaqlar, qulaq asın, başlayıram.

 

Biri vardı, biri yoxdu, çayın kənarında öz qarısı ilə ömür sürən bir qoca vardı. Vardan, dövlətdən onların iki inəyi, beş toyuğu, bir xoruzu və iki balası olan bir pişiyi vardı.

 

Qoca inəklərə qulluq edir, qarı isə ip əyirib toxu-yurdu. Pişik balaları tez-tez cumub sobanın yanında dığırlanan ip yumağını qamarlayırdı. “Pişt, pişt! canı yanmışlar, rədd olun!” – qarı pişik balalarını qovur, yumaq yenidən dığırlanırdı.

 

Bir gün səhər yeməyindən sonra qarı qoğal bişirmək qərarına gəldi. Durub yulaf unundan iki dənə qoğal hazırlayıb sobanın üstünə qoydu ki, qızarsın. Bir az sonra qoca evə gəlib sobanın yanında bardaş qurdu. Qoğallardan birini götürüb ortadan böldü. O biri qoğal bunu görən kimi sobanın üstündən yerə diyirlənib sürətlə qaçmağa başladı. Bir əlində yun darağı, o birisində əriş olan qarı, qoğalın dalınca düşdü.

 

Amma balaca qoğal cəld tərpənib gözdən itdi. Qaça-qaça gəlib küləş damlı böyük bir evə çatdı. Cəsarətini toplayıb içəri girdi. Otaqda iri bir stolun arxasında əyləşən üç nəfər dərzi var idi. Qoğalın içəri girdiyini görən kimi dərzilər dərhal qulluqçu qadını səslədilər.

Ocaq başında tiftik atan qulluqçu qadın:

 

- Bura baxın, - dedi. - Qorxmalı heç nə yoxdur. Bu ki, xırdaca qoğaldır. Onu tutun, sizə südlü sıyıq verim. Mən də sizə kömək edərəm.

 

Qulluqçu yun darağı əlində, dərzilərdən biri ütü əlində, o biri qayçı əlində, üçüncüsü taxta lövhəni qapıb qoğalın dalınca düşdülər. Amma balaca qoğal sürüşüb onların arasından çıxdı, sobanın başına fırlanmağa başladı. Dərzinin biri qoğalı qayçı ilə tutmaq istədi, amma güllüyə yıxıldı. Ütü o biri dərzinin əlindən düşdü. Qulluqçu yun darağını salıb itirdi. Di gəl qoğalı tutmaq mümkün olmadı ki, olmadı.

 

Qoğal atılıb-düşüb oxumağa başladı:

 

Mən qapını açmışam

Nənədən də qaçmışam, babadan da qaçmışam,

Qazandan da qaçmışam, tavadan da qaçmışam.

Bax səndən də qaçaram.

 

Beləliklə, qoğal qaça-qaça gəlib yol kənarındakı balaca bir daxmaya yetişdi, içəri girdi. Ev sahibi küncdə oturub zənbil toxuyur, qadın isə ip əyirib yumaq yığırdı.

 

- Tibi, ay Tibi, - kişi dilləndi. - O nədir, elə?

 

- Görmürsən, ay kişi, qoğaldır da!

 

- Nə yaxşı oldu, - kişi dedi. - Çox xoş gəlib, səfa gətirib qoğal! Bu gün şorbamız yamanca dadsızdır. Tut onu, arvad, tut qoğalı!

 

- Ay-hay, tutdun ha! O, ağıllı qoğaldır. Tamahını yığ, Billi, ağzının suyu axmasın, kişi!

 

- Qulaq as, arvad, - Billi dedi. - Yumaqla vurub qoğalı aşır.

 

Qoğal otaqda sürətlə fırlana-fırlana oxumağa başladı:

 

Mən qapını açmışam,

Nənədən də qaçmışam, babadan da qaçmışam,

Qazandan da qaçmışam, tavadan da qaçmışam. -

Dərziləri aldadıb canımı qurtarmışam,

Bax, səndən də qaçaram.

 

Sonra qoğal daxmadan çıxıb qaçdı. Dəcəl çəpişlər kimi hoppanıb-düşən qoğal bir müddətdən sonra rastına çıxan ilk evin qapısını açıb içəri girdi, buxarının yanına gəlib ev sahibəsinin nehrə çalxadığını gördü.

 

- Yanıma gəl, ay balaca qoğal, - qadın dedi. - Gəl, sənə yağ-çörək yaxmacı verim, ye.

 

Amma Qoğal qadına yaxınlaşmadı, nehrənin başına sürətlə fırlanmağa başladı. Qadın tələsik qoğalın dalınca düşmək istəyəndə əli ilişib nehrəni ağzı üstə çevirdi. Qadın nehrəni tarazlayıb düzəldincə iş-işdən keçdi. Qoğal aradan çıxıb təpənin yanındakı dəyirmana sarı qaça-qaça ucadan oxudu:

 

Mən qapını açmışam,

Nənədən də qaçmışam, babadan da qaçmışam,

Qazandan da qaçmışam, tavadan da qaçmışam,

Dərziləri aldadıb canımı qurtarmışam,

O zənbilçi arvadın başını aldatmışam.

Bax, səndən də qaçaram.

 

Qoğal çatıb özünü dəyirmana saldı, Təknədə dən üyüdən dəyirmançı başını qaldırıb:

 

- Aha, - dedi. - Ay qoğal, sənin buralarda gəzib-dolaşmağın bolluq əlamətidir. Odur ki, sənin qayğına qalan yoxdur.

 

Amma mənim qoğaldan, bir də pendirdən xoşum gəlir. Yanımda pendirim də var. Yaxına gəl pendir payımı sənə verim. Bilirsinizmi, uşaqlar, qoğal gönü suya verən qoğal deyildi. Odur ki, o, dəyirmançının şirin dilinə inanmayıb geri döndü. Qaçıb bayıra çıxan kimi oxumağa başladı:

 

Mən qapını açmışam,

Nənədən də qaçmışam, babadan da qaçmışam,

Qazandan da qaçmışam, tavadan da qaçmışam,

Dərziləri aldadıb canımı qurtarmışam,

O zənbilçi arvadın başını aldatmışam.

Yağ çalxayan xalaya yamanca toy tutmuşam,

Bax, səndən də qaçaram.

 

Beləliklə, diyirlənə-diyirlənə Qoğal qaçıb yenə bir evə çatdı. İçəri keçib buxarının yanında durdu. Evdəkilər şorba yemək üçün stolun başına yığışmışdı. Evin qadını taxta qaşıqla boşqabın dibini sıyırırdı.

 

- Paho, Cek, - qadın dilləndi, - evimizə bapbalaca bir qoğal gəlib ki, sobanın yanında özünü isitsin.

 

- Qapını örtün, - evin kişisi dedi. - İndi biz qoğalı tutmağa çalışarıq.

 

Bu sözləri eşidən qoğal qaçıb evdən çıxdı. Uşaqlar qaşıq əllərində onun dalınca götürüldülər. Evin kişisi papağını qoğala sarı tolazladı. Amma qoğal bu dəfə də qaçıb canını qurtaran kimi oxumağa başladı:

 

Mən qapını açmışam,

Nənədən də qaçmışam, babadan da qaçmışam,

Qazandan da qaçmışam, tavadan da qaçmışam,

Dərziləri aldadıb canımı qurtarmışam,

O zənbilçi arvadın başını aldatmışam.

Yağ çalxayan xalaya yamanca toy tutmuşam,

Dəyirmançı əminin yaxasını açmışam,

Bax, səndən də qaçaram.

 

Qoğal az qaçdı, üz qaçdı, dərə-təpə düz qaçdı, axırda gəlib başqa bir evin yanına çatdı. Qapının arasından içəri girib gördü ki, uşaqlar yatmaq üçün yerlərinə girib.

 

Uşaqların atası paltarını soyunub, qadın isə ocağın odunu söndürürdü.

 

- Bıy, başıma xeyir, ay arvad, o nədir?

 

- Şşş, sakit ol, - arvad dedi. - Görmürsən, qoğaldır! - Bəh-bəh, arvad, yulaf yarmasından sonra qoğal yemək adama ləzzət verər ha!

 

- Bacarırsan, tut qoğalı! - arvad dedi.- Bir tikə də mən yeyərəm. Ay kişi, at şalvarı qoğalın üstünə, tut onu saxla da!

 

Kişi qolunu tovlayıb şalvarını Qoğala sarı atdı. Qoğal az qaldı ki, talaya düşsün, ancaq cəld tərpənib şalvar başında qaçıb aradan çıxdı. Şalvarını itirmək istəməyən kişi qoğalın dalınca götürüldü. Uzun müddət qaçdı-tutdudan sonra qoğal özünü meynəliyə verib tənəklərin arasında gözdən itdi. Əlacını allah almış kimi suyu süzülə-süzülə kor-peşman yarım çılpaq vəziyyətdə evə qayıdan kişinin qulağına qoğalın səsi gəldi:

 

Mən qapını açmışam,

Nənədən də qaçmışam, babadan da qaçmışam,

Qazandan da qaçmışam, tavadan da qaçmışam,

Dərziləri aldadıb canımı qurtarmışam,

O zənbilçi arvadın başını aldatmışam.

Yağ çalxayan xalaya yamanca toy tutmuşam,

Dəyirmançı əminin yaxasını açmışam,

Məni yemək istəyən adamlardan qaçmışam,

Bax, səndən də qaçaram.

 

Beləliklə, günün ömrü sona çatdı, qaranlıq düşdü. Balaca qoğal heç yanı görə bilmədi. Gəzə-gəzə gəlib böyük bir naz-naz kolunun dibinə çıxdı ayağı ilişib gumbultu ilə tülkü yuvasına düşdü. İki gün idi ki, tülkünün dilinə ət dəymirdi.

 

- Aha, xoş gəlib, səfa gətirmisən, ay qoğal, səni mənə allahın özü pay göndərib, - tülkü dedi və qoğalı qapıb ortadan iki böldü.

 

Bax, uşaqlar, qoğalın ömrü bu cür sona çatdı. Hə, nəvələrim, siz də böyüyüb boya-başa çatın, çalışın ki, heç vaxt sizi şirnikdirib yoldan çıxartmasınlar. Siz həyatda məğlubiyyətin acısını dadmayasınız. Görürsünüz, çoxbilmiş qoğal insanlara kələk gələ-gələ, axırda hiyləgər tülküyə qismət oldu.

 

Gülmə heç vaxt adamlara,

Olsan varlı, kasıb ya da.

Ömür keçir - sonu qara

Biz qonağıq bu dünyada.