Nağıllar, hekayələr

Uçan dağsiçanı haqqında nağıl

Biri var idi, biri yox idi, Lutoşa adlı balaca dağsiçanı və onun qayğıkeş, mehriban anası vardı. Ümumiyyətlə, Lutoşa anasını çox sevirdi: kefi və istəyi olanda ona kömək edir, tapşırıqlarını yerinə yetirirdi, ancaq Lutoşanın çox vaxt əhval-ruhiyyəsi olmurdu ...

 

Ana oğlundan ya qab-qacaq yumağı, ya həyəti süpürməyi ya da çiçəkləri sulamağı xahiş edirdi. Lutoşa anasının tapşırığını yerinə yetirirdi, lakin o, bunu çox həvəssiz edirdi.

 

Bir gün Lutoşa pəncərənin tozunu siləndə sakitcə öz-özünə düşündü:

 

- Azad quş olsaydım, boşqablar, çiçəklər və süpürgələrdən uzaq olardım. Tək başına, azad olaraq göydə uçardım. Anamın göstərişlərini eşitməzdim!  

 

Dağsiçanının evinin yanında qalın bir ağac var idi. Bu ağacın budağında may böcəyi oturmuşdu və Lutoşanın düşündüklərini eşidirdi, çünki o, bir az sehrli idi və başqalarının fikirlərini yaxşı oxumağı bacarırdı. Ona bu qabiliyyəti nənəsi öyrətmişdi. Böcək dağsiçanının düşüncələrini eşidib öz-özünə fikirləşdi:

 

- Bəlkə dağsiçanının uçmasına kömək edim? Uç, Lutoşa, qoy külək sənin dostun olsun!

 

Bir anda Lutoşa qanadlanıb səmaya qalxdı.

 

- Bu ki, əladır! - Lutoşa yuxarı qalxaraq heyrətlə qışqırdı. - Mən dünyada ilk uçan dağsiçanıyam!

 

Dağsiçanı-quşunun dolğun yanaqlarını, qısa ayaqlarını və kiçik quyruğunu görən bülbüllər, sərçələr və qarğalar ona gülüb, lağ edirdilər. Ancaq dağsiçanı onlara fikir vermirdi, çünki uçmaq arzusu gerçəkləşmişdi!

 

Doyunca uçan Lutoşa bir anda acdığını hiss etdi və yemək yeməyə qərar verdi.

 

- Anam görəsən haradadır? - deyə o dedi. - Anamın həmişə hazır yeməyi olur. Onun yanına getmək istəyirəm. Bəs indi məni kim yedizdirəcək? Anam üçün darıxmışam...

 

Dağsiçanı-quşu artıq anasının yaşadığı Azur Meşəsinə enməyə hazır idi, lakin meşə çox uzaqda olduğuna görə görünmürdü. Lutoşanın anası ilə arasındakı məsafə çox uzun idi.

 

- Bəs kim mənim qayğıma qalacaq? - Lutoşa yenə öz-özünə düşünüb kədərləndi.

 

Lutoşa səmada yanından ötüb keçən qəhvəyi gözlü bir sərçəyə üz tutub soruşdu:

 

- Azur meşəsi buradan çox uzaqdadır? Mənim anam ordadır. Mənim üçün nahar hazırlayıb. Yetişməliyəm!

 

- Bəli, uçaraq iki saata çatmaq olar, - sərçə cavab verdi. – Hələlik milçək və ya ağcaqanadları tutub ye! Bax ətrafımızda onlardan nə qədər var!

 

- Nə, milçək, ağcaqanad? – dağsiçanı sakitcə sərçəni təqlid etdi. - Mənə normal yemək lazımdır: giləmeyvə, meyvələr, köklər, yarpaqlar.

 

Lutoşa yaxınlıqdakı meşəyə endi və ağacların incə köklərini  götürüb yeməyə başladı. Kökləri pəncələrində ovşdurub, birtəhər çeynəməyə başladı. Anasız yemək dadlı deyildi!

 

- Kaş ki əziz anamın yanına gedərdim, qab-qacaq yuyardım, hətta pəncərənin altlığını belə silərdim, - bəxtsiz səyyah ah çəkdi.

 

Dağsiçanı tanımadığı meşədə gəzir və göz yaşları ilə mahnı oxuyurdu. Birdən o, sehrli may böcəyi ilə yenidən qarşılaşdı.

 

- Doyunca uça bildin? – may böcəyi Lutoşadan soruşdu.

 

- Daha uçmaq istəmirəm, - dağsiçanı cavab verdi, - anamın yanına getmək istəyirəm!

 

- Mən sənə ananın yanına qayıtmağa kömək edəcəm – may böcəyi dedi, - Amma anan üçün bir dəstə çiçək hazırlamağı unutma.

 

- Bəs bu nə üçündür? – dağsiçanı soruşdu.

 

- Onu sevindirmək üçün – may böcəyi cavab verdi.

 

Dağsiçanı may böcəyinin köməyi ilə Azur meşəsinə qayıdanda bacardığı qədər sürətlə anasının yanına qaçdı. O, anasını qucaqladı və gül dəstəsi verib dedi:

 

- Ana, bu güllər sənin üçündür! De görüm evin hansı işini yerinə yetirmək lazımdır? Səninlə o qədər yaxşıdır ki, əziz anam, mən sənə hər şeydə kömək etməyə hazıram!

 

Ana dağsiçanı sevinclə balasına baxıb fərəh hissi keçirdi... O, balasına sarılıb, daha sonra onu yedizdirməyə apardı. Olanları izləyən may böcəyi isə ana dağsiçana göz vurub, öz yuvasına getdi.