Bu maraqlıdır!

Basketbol oyununun tarixi

Basketbol (ingiliscə: basketball - səbət topu) komanda halında əllə oynanan və topu yüksəkliyi 3,05 m olan pota adı verilən çevrədən keçirərək qazanmağa çalışılan komanda oyunudur. Bütün dünyada məşhur olan bir idman növüdür. İlk olaraq 21 dekabr 1891-ci ildə ABŞ-ın Massaçusets əyalətində, Sprinqfild Gənc Kişilər Xristian Birliyi Təhsil Məktəbində bədən tərbiyəsi müəllimi olan Ceyms Neysmit tərəfindən yaradılıb. O, beş əsas ideya və 13 qaydadan istifadə edərək yeni oyunun qaydalarını nəşr etdirib.
Ceyms Neysmitin basketbolu Mayas qəbiləsindən götürdüyü düşünülməkdədir.

 

Atlet və beyzbolculara qış məşqləri etdirmək məqsədiylə inkişaf etdirilən bu oyunda məqsəd taxtadan düzəlmiş səbətlərə topun salınması idi. İlk oyunlar 7 nəfər iki komanda arasında 20 dəqiqəlik üç dövrə üzərindən oynanılıb. Oyunun əsl hədəfi səbətlər olduğuna görə Neysmit bu oyuna \"səbət topu\" mənasını verən "basketbol" adı vermişdi.

 


Basketbol yaradılmasından qısa bir müddət sonra bütün məktəblərə, universitetlərə və hətta gimnastika salonlarına qədər yayıldı. Gənclərdə bu idmana qarşı oyanan istək, klubları basketbol şöbələri açıb komanda qurmağa məcbur etdi və beləcə basketbol Amerikanın ən məşhur milli oyunu halına gəldi.


Basketbolun Avropadakı ilk sınağı 1893-cü ildə Parisin Trevis küçəsindəki köhnə bir gimnastika salonunda edilib. Daha sonralar, xüsusilə Birinci Dünya Müharibəsi əsnasında basketbolun Avropada yayılmasında amerikalı əsgərlərin böyük təsiri oldu. 

 

Amerika 1897-ci ildə kişilər, ardından 1900-cü ildə qadınlar arasında ilk milli basketbol çempionatlarını təşkil edərək bu idmanı ölkə diametrində məşhur hala gətirdi. Amerikalılar milli idman olaraq mənimsədikləri basketbol üzrə 1904-cü ildə Sent Luiz Olimpiya Oyunlarında klub komanda arasında matçlar təşkil edərək Olimpiya Oyunlarına qatılan bütün ölkələrə tanıtdı. 1905-ci ildə dünyanın ən böyük idman salonlarından Nyu York Madison Skver Qarden qapılarını basketbola açdı.


Uzaq şərqdə də 1913-cü ildən etibarən qarşılaşmalar təşkil edilməyə başlandı. Beləcə bu oyun bir neçə il içində Kanada, Fransa, İngiltərə, Avstraliya, Çin və Hindistan başda olmaqla bütün dünya ölkələrinə sürətlə yayıldı, xüsusilə böyük şəhərlərdəki geniş idman sahələrində universitetlər arasında qarşılaşmalar oldu. 

 

20 iyun 1932-ci ildə İsveçrənin Cenevrə şəhərində İsveçrə, Yunanıstan, İtaliya, Portuqaliya, Argentina, Rumıniya və Çexoslovakiya beynəlxalq qarşılaşmaları idarə etmək məqsədi ilə Beynəlxalq Həvəskar Basketbol Federasiyası yaradıldı. FIBA hər dörd ildən bir Olimpiya Oyunlarının təşkil edildiyi şəhərdə toplanaraq basketbolu daha cazibədar hala gətirmək üçün lazımlı qayda dəyişikliklərini etməkdədir.

 

Avropa Basketbol Çempionatı 1935-ci ildən başlayıb, 2 ildən bir təşkil edilməkdədir. Həvəskar bir idman olaraq basketbol ilk dəfə 1936-cı ildə Berlində təşkil edilən Olimpiya Oyunlarına daxil edilib. Olimpiya Oyunlarına qadınlar ilk dəfə 1976-cı ildə qatılıblar. Avropa Liqası isə 1995-96-cı il mövsümündə başlayıb.