Nağıllar, hekayələr

Nəriman Süleymanov. Elçinin ağacı

Yayda Elçingil bağa köçmüşdülər. Elçinin babası Musa kişi yay-qış bağda qalır, ağaclara qulluq edir, gül-çiçək becərirdi. Elçin də hər səhər tezdən oyanıb babası ilə birlikdə bağda çalışırdı.

 

Bağda çox nəhəng tut ağacı vardı. İsti vaxtlar bütün qonşular bu ağacın kölgəsinə toplaşırdılar. Hər dəfə “bunu əkən adamın əli-qolu var olsun”, - deyirdilər.

 

Bir gün Elçin babasına dedi:

 

- Baba, mənə də ağac əkməyi öyrət.

 

Qızıl payız gəldi. Babasının göstərdiyi yerdə Elçin bir çinar ağacı əkdi. Bütün ili istirahət və tətil günlərində gəlib ağaca qulluq etdi. Ağac böyüdü. Kölgəsi ətrafa düşdü. Hamı bu ağaca “Elçinin ağacı” deməyə başladı. Balaca Elçin bundan çox sevindi.