Xəbərlər

Xalça Muzeyində ilin ilk ustad dərsi - “Muzeyin kolleksiyaları necə qorunur?”

Yanvarın 8-də Azərbaycan Milli Xalça Muzeyində ilin ilk ustad dərsi “Muzeyin kolleksiyaları necə qorunur?” mövzusuna həsr ediləcək.

 

Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, ustad dərsi muzeyin eksponatların qorunması və qeydiyyatı üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanovanın 65 illik yubileyi münasibətilə reallaşacaq.

 

Qeyd edək ki, mühazirə iştirakçılarına muzeyin kolleksiyasındakı xalça, xalça məmulatları, bədii metal, parça, geyim, tikmə, çini, şüşə, ağac, kağız və zərgərlik nümunələrinin qorunub saxlanılması məsələləri barədə bu sahədə 30 ildən artıq təcrübəsi olan Mira Məmmədxanova özü məlumat verəcək.

 

Pandemiya şəraiti ilə əlaqədar yerlər məhduddur. Bunu nəzərə alaraq, öncədən qeydiyyatdan keçmək məqsədəuyğun sayılır.