Şeirlər

Mirmehdi Seyidzadə. Xatırlayarsan məni

Yasəmənlər açanda,
Bülbül bağda uçanda,
Oxuyanda nəğməni-
Xatırlayarsan məni!


 
Aşanda uca dağdan,
Keçəndə gur bulaqdan,
Gəzəndə göy çəməni-
Xatırlayarsan məni!..

 

Dəniz pıçıldaşanda,

Mavi sular daşanda,

Seyr edib ağ yelkəni -

Xatırlayarsan məni!

 

Düşəndə bir məclisə

Şairlər şeir desə,

Təsvir etsə sevəni-

Xatırlayarsan məni!

 

Arzular çox, ömür az,
Mən olmayanda hər yaz,
Dolaşanda gülşəni –
Xatırlayarsan məni!

 

Bir gün səfalı bağda

Gül olaram budaqda.

Görəndə gül dərəni-

Xatırlayarsan məni!

 

Göyləri yara-yara,

Uçanda ulduzlara

Gəzib Marsı, Zöhrəni

Xatırlayarsan məni,

Xatırlayarsan məni!