Nağıllar, hekayələr

Lovğa siçan

Biri vardı, biri yoxdu, balaca bir siçan vardı. O, çox yeyir, günü-gündən kökəlirdi. Axırda kökəlib pişik boyda oldu. Bir gün öz-özünə dedi:

 

- Hə, bax bundan sonra bir pişiklə qarşılaşsam, onun dərsini verə bilərəm.

 

Sonra yuvasından pişik axtarmağa çıxıb  başladı gileylənməyə:

 

- Deyəsən, bütün pişiklər məni görüb, qorxusundan qaçıb gizləniblər.

 

Həmin vaxt yaxınlıqdan keçən bir pişik siçanın bu sözlərini eşitdi. Gizlicə ona yaxınlaşıb dedi:

 

- İstəyirsən, gəl birlikdə oynayaq!

 

Pişiyi görən siçan qorxudan bayaqkı sözlərini yaddan çıxardı. Dərhal yuvasına doğru götürüldü. Həmin gündən siçan lovğalığın yaxşı şey olmadığını başa düşdü.