Xəbərlər

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə şagird qəbulu elan edilib

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti 2021/2022-ci tədris ili üzrə Xüsusi Məktəbin V sinfinə şagird qəbulu elan edir.

 

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, Xüsusi Məktəbin V sinfinə qəbul imtahanında 2022-ci il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan, fiziki cəhətdən sağlam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

 

İmtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in rəsmi internet saytında (www.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı və pul hesabına 40 AZN əlavə etməlidirlər. Daha sonra 2022-ci il fevralın 1-dən martın 28-dək dim.gov.az saytının baş səhifəsində yerləşdiriləcək keçid vasitəsilə elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər.

 

DİM-in saytında “Şəxsi kabinet” yaratmaq üçün şagirdlər əvvəlcə təhsil aldıqları orta məktəbə müraciət edərək fərdi məlumatlarının “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsini təmin etməlidirlər. Daxil edilmiş məlumatlarda “imtahana buraxılır” və ya “hazırda təhsil alır” bəndi seçilməlidir. Əks halda həmin şagirdlər imtahanda iştirak etmək üçün elektron qeydiyyatdan keçə bilməyəcəklər.

 

Məktəbə xarici ölkə vətəndaşlarının qəbulu dövlətlər arasında bağlanmış müqavilələrə uyğun olaraq həyata keçirilə bilər.

 

Qəbul imtahanları DİM tərəfindən test üsulu ilə keçiriləcək. İmtahanların keçirilmə tarixi və yeri haqqında məlumat qeydiyyat başa çatdıqdan sonra DİM-in saytında elan olunacaq. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni imtahan gününə 5 gün qalmış DİM-in saytından əldə edə biləcəklər.

 

Test imtahanı Azərbaycan dili və riyaziyyat fənlər üzrə Azərbaycan dilində aparılır. Hər fənn üzrə 30 qapalı tipli sual təqdim ediləcək. İmtahanın müddəti 90 dəqiqədir.

 

İmtahana gələrkən namizədlər:

 

- şəxsiyyət vəsiqəsi;

 

- İmtahana buraxılış vərəqəsi;

 

- “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni (bəyannamə buraxılış vərəqəsi ilə birgə çap olunaraq doldurulmalıdır) özləri ilə gətirməlidirlər.

 

Şəxsiyyət vəsiqəsində şəkli olmayan namizədlər təhsil aldıqları məktəbdən neçənci (müvafiq) sinifdə təhsil alması barədə fotoşəkilli arayış (fotoşəkil möhürlə təsdiq edilməlidir) təqdim etməlidirlər.

 

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

 

İmtahanların nəticəsi Dövlət Sərhəd Xidmətinə təqdim ediləcəkdir. Yüksək nəticə göstərmiş namizədlər Dövlət Sərhəd Xidməti tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi Məktəbə qəbul olunacaqlar.

 

Əlavə məlumat almaq üçün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə müraciət edilə bilər.

 

Ünvan: Mərdəkan qəsəbəsi, Ramil Qasımov küçəsi 5.

 

Əlaqə telefonu: 012-554-92-44