Şeirlər

Fəxrəddin Teyyub. Ağacla müqavilə

Bu ərik ağacı yenə ağlayır,

Gözünün yaşını silib gedirəm.

Külək qan qaraldır, sinə dağlayır,

Ürəyim göynəyir, ölüb gedirəm.

 

 

Özgələr nə bilsin çəkdiklərimi,

Yanıram, nə gəlir axı əlimdən.

Qoruya bilmirəm əkdiklərimi,

Bağda ağaclardan utanıram mən.

 

 

Qoyuram özümü ağac yerinə,

Gilasa demişəm boynun bükməsin.

Tanrım, nolar tapşır mələklərinə,

Xurmanın barını külək tökməsin.

 

 

Suyunu kəsəndə xətrinə dəyir,

Məgər günah deyil bir ac saxlamaq?

Bəzən uşaq kimi qayğı istəyir,

Bala saxlamaqdı ağac saxlamaq.

 

 

Əzgil bir qayğıdı, heyva bir mehr,

Qayğılar çoxalır gələndə bahar.

Budaqlar qələmdi, yarpaqlar möhür,

Mənim hər ağacla müqaviləm var.