Nağıllar, hekayələr

Dilrüba Cəfərova. İnşa

Gecə saat on iki idi. Altıncı sinif şagirdi Vasif isə hələ də masa arxasında oturub nə isə yazırdı. Anası neçə dəfə onu yatmağa səsləmişdi. Amma Vasif hər dəfə:


- Müəllim inşa tapşırıb. Mütləq yazmalıyam, - deyirdi.


Nəhayət, gecədən xeyli keçmiş atası ona yaxınlaşdı:


- A bala, nə inşadır elə, yazıb qurtara bilmirsən?


- “Böyüyəndə kim olmaq istəyirəm”.


- Həəə... Bu, vacib məsələdir. Ver, mən də baxım.


Atası Vasifin qarşısındakı vərəqlərə nəzər saldı:

 

- Vasif, bu necə inşadır, yazıdan çox sxemlərdir ki?

 

- Hə də, mən fermer olmaq istəyirəm. At ferması yaradacağam. Orada Qarabağ atları yetişdirəcəyəm. Bu da fermanın sxemidir. Cəmi 10 hektardır. Bax bu, evimizdir, 500 kvadrat metrdir. Bu iki düzbucaq isə tövlələri göstərir.

 

Hərəsi 250 kvadrat metr. Bu ərazi isə otlaq sahəsidir.

 

- Sən bu atlarla neyləyəcəksən? Heç olmasa, inək, qoyun ferması açaydın.

 

- Babam deyirdi ki, Qarabağ atları dünyada ən güclü və çevik atlardır. Əvvəllər onlar idman yarışlarında birinci olardılar. Mən də istəyirəm ki, atlarım beynəlxalq yarışlarda iştirak etsin. Hamı da desin ki, Azərbaycandan gəlmiş Qarabağ atları yarışın qalibi oldu. Təsəvvür edirsənmi, düşmənlərimiz üçün necə zərbə olar?!

 

- Elə isə sən burada, - ata barmağını sxemə uzatdı, - idman məşqləri üçün yer ayır. Yarım hektar bəs edər.

 

Vasif sevinib əlini əlinə vurdu.

 

-Ay sağ ol, ata! Nə yaxşı yadıma saldın...


Ertəsi gün Vasif yeddi səhifədən ibarət olan inşanı müəllimə təqdim etdi. Müəllim dedi ki, bir həftədən sonra nəticələri elan edəcək.

 

Vasif günləri sayırdı. O, ürəyinin səsinə cavab eşitmək üçün tələsirdi. Atası da tez-tez soruşurdu:

 

- Nə oldu, müəllim inşanı yoxladı?

 

Nəhayət, həmin gün yetişdi. Müəllim bir neçə inşanı təriflədi. Həmin inşalardan parçalar oxudu. Sonra yoxlanılmış inşaları uşaqlara qaytardı. Vasif qırmızı qələmlə yazılmış qeydləri, sual işarələrini görəndə kefi pozuldu. Dərsin sonunadək gözlədi. Zəng çalınanda müəllimə yaxınlaşdı. Titrək səslə soruşdu:

 

- Müəllim, inşam xoşunuza gəlmədi?

 

Müəllim inşanı ondan alıb vərəqlədi:

 

- Vasif, mən bilirəm ki, sən çalışqan oğlansan. Amma yazdıqların gerçəkliyə uyğun olmayan xəyallardır. XXI əsrdə yaşayırıq, oğlum, elm, texnika, kompüter əsridir. Sən isə at sürmək istəyirsən. Həm də inşanın, az qala, yarısı sxemlərdən ibarətdir. Mən sənin yazı bacarığını yoxlamaq istəyirəm, sən isə sxem çəkmisən. Amma bu sxemlərdən görünür ki, sən həndəsəni yaxşı bilirsən. Niyə də riyaziyyatçı, konstruktor və ya inşaatçı olmayasan? Sən başqa bir inşa yaz.

 

Müəllim Vasifə inşanı necə yazacağı barədə məsləhət də verdi.

 

...Həmin axşam Vasifgildə hamının qanı qara idi. O, müəllimin qərarını ata-anasına söyləmişdi, indi onlardan məsləhət gözləyirdi:

 

- Nə deyirsən, ata, başqa inşa yazım?

 

- Nə deyim, Vasif, mənə qalsa, inşandan imtina edə bilərsən. Ancaq xəyallarından belə asanlıqla əl çəkmə. Hər halda, qərarı özün verməlisən. Sən mənim ağıllı balamsan...


25 il sonra...

 

Uşaqları ekskursiyaya aparan avtobus körpünü keçib yaşıl sahəyə çıxdı. Yolda üstünə “Qarabağ atları” yazılmış lövhə göründü. Sürücünün yanında oturmuş yaşlı müəllim astadan dilləndi:

 

- Deyəsən, çatırıq.

 

Doğrudan da, bir qədər irəlidə gözəl ikimərtəbəli ev, ondan bir qədər aralı isə iri bir tövlə göründü. Ətrafda gənclər at çapır, bəziləri isə atın yüyənindən tutub gəzdirirdilər.

 

Avtobus evin qarşısında dayandı. Uşaqlar düşüb maraqla atlara baxmağa başladılar. Elə bu vaxt bir atlı onlara yaxınlaşdı. Gözəl bir sıçrayışla atdan enib yüyəni məhəccərə bağladı və müəllimə yaxınlaşıb onunla əl tutub görüşdü:

 

- Xoş gəlmisiniz, İsmayıl müəllim.

 

İsmayıl müəllim uşaqları yanına çağırıb dedi:

 

- Sizə haqqında danışdığım Vasif Həsənov bax bu cavan oğlandır.

 

Vasif uşaqları tövləyə, idman meydançasına apardı. Qarabağ atları haqqında onlara xeyli məlumat verdi. Sonra İsmayıl müəllimlə bir kənara çəkilib çay içməyə başladılar. İsmayıl müəllim dedi:

 

- Maşallah, oğlun da sənin kimi ağıllı uşaqdır. O gün inşadan beş alıb.

 

- Doğrudan? Heç xəbərim yoxdur.

 

- Hə, yazmışdı ki, səyyah-kosmonavt olub başqa qalaktikaları gəzmək istəyir. Bir kosmik xəritə çəkib səyahət marşrutunu da göstərmişdi, - müəllim gülümsədi. - Düzdür, 25 il əvvəl olsaydı, ona məsləhət görərdim ki, astronom olsun. Amma sən mənə xəyalı gerçəkləşdirməyin mümkün olduğunu sübut etdin.

 

Bunu deyib İsmayıl müəllim mehribancasına əlini Vasifin çiyninə qoydu. Vasif təvazökarlıqla başını aşağı salıb gülümsədi...