Bu maraqlıdır!

Argentinanın "quş cənnəti"- Laquna Blanka Milli Parkı

Argentina heyrətamiz bir ölkədir, onun ərazisində özünəməxsus xüsusiyyətləri olan nadir təbii parklar və qoruqlar mövcuddur. Laquna Blanka Milli Parkı (Parque Nacional Laguna Blanca) da istisna deyil. Onun möhtəşəm mənzərələri onilliklər ərzində dünyanın hər bir yanından turistləri cəlb edir.

 

Qoruğun əsası hələ 1940-cı ildə, orada yerləşən laqunları və nadir quş sayılan - qaraboyunlu qu quşlarını qorumaq üçün qoyulub.

 

Qoruğun landşaftı müxtəlifliyi ilə diqqəti cəlb edir. Park çoxlu köçəri su quşlarının yaşadığı laqunun (okeandan, dənizdən bar, dil, mərcan rifləri ilə ay­rıl­mış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsidir) ətrafında formalaşmışdır. Bununla belə, gölün sahillərində vulkanik sahələrə, divarları qədim petroqliflərlə örtülmüş təpələrə və Mapuçe hindlilərinin Kolumbdan əvvəlki məskənlərinə rast gəlmək mümkündür. Yəni, qoruğun ərazisinə daxil olarkən qonaqlar təkcə ətrafdakı təbiətdən həzz almaq və çoxsaylı quşları müşahidə etmək deyil, həm də Argentinanın və Neuken əyalətinin tarixi irsinə toxunmaq imkanı əldə edirlər.

 

Parkın relyefi müxtəlif, eyni zamanda çox mənzərəlidir, çünki düz ərazilər, su anbarları və dağ yüksəklikləri ilə əhatə olunur. Qoruğun sahəsi təxminən 112 km²-dir.

 

Laquna Blanka təkcə bioloqlar üçün deyil, həm də tarixçilər üçün maraqlı məkandır. Məsələ burasındadır ki, gölün yaxınlığında Salamanka adlı mağara var və orada qədim insanların istifadə etdiyi əşyaları tapmaq mümkün olub. Divarlarda onun sakinlərinin həyatından səhnələri əks etdirən çoxsaylı qayaüstü rəsmlər hələ də qalmaqdadır.

 

Qoruğun əsas sakinləri

 

Laquna Blanka faunasının nümayəndələrinin əhəmiyyətli bir hissəsi quşlardır və onlar layiqincə qoruğun fəxri hesab olunurlar. Parkda təxminən 2 min fərd olan qara boyunlu qu quşlarını xüsusilə vurğulamağa dəyər. Burada qu quşlarından başqa 200-ə yaxın müxtəlif növ quş yuva salmaq və istirahət etmək üçün dayanır. Onların arasında ördəklər, flaminqolar, qaşqaldaq, suquşğunu quşunu misal çəkmək olar. Quşlar, əsasən, Blanka laqununun qərb sahilinə yaxın suda əylənirlər.

 

Yerli Verde gölü digər heyrətamiz quşların - çəhrayı flaminqoların yaşayış yeridir.

 

Laquna Blankanın təcrid olunmuş süni şəkildə yaradılmış su anbarlarında Cənubi Amerikanın endemik heyvanı olan Pataqon qurbağası yaşayır. Əvvəllər bu amfibiyaların koloniyası parkın təbii göllərində yaşayırdı, lakin yırtıcı balıqlar tərəfindən demək olar ki, tamamilə məhv edildi.

 

Laguna Blanka Milli Parkı ziyarətçilərinə Argentinanın qədim tarixinə asanlıqla toxunmağa və onun möhtəşəm canlı təbiətinə heyran olmağa imkan verəcək unikal bir yerdir.