Nağıllar, hekayələr

Mətanət Ulu Şirvanlı. Görməmiş pişik

Biri vardı... biri yoxdu... Bir qoca qarı vardı... Bu qarının Ləliş adında nəvəsi vardı. Nənə və nəvə kasıb komada yaşayırdılar. Hətta bəzən yeməyə heç nə tapmırdılar. Belə vaxtlarda qonşular onlara kömək edir, Ləlişə yemək gətirirdilər.


Onlar hər kəslə mehriban dolanırdılar, qonşular da onları sevirdilər. 


Qış gəldi. Havalar soyudu. Qar yağdı. Belə soyuq havada bir gözü göy, digər gözü yaşıl pişik Ləlişgilin balaca və köhnə daxmalarının qarşısında miyoldadı. Pişik tez-tez əllərini bir-birinə sürtür, daha sonra ağzına apararaq üfürürdü.


Myo... myo... myo...


Pişik gördü ki, onu saya salan, qapını açan yoxdur. Hirsləndi: 


– Myo...m...y...o...edərək qapını cırmaqlamağa başladı.

Nənə qapını açdı. Pişik nənəni görən kimi yazıq-yazıq;


– Myo...o...o... – etdi.


Nənə;


– A...a...a... sən kimin pişiyisən?


– Mən kimsənin pişiyi deyiləm.


Acmışam. Yemək istəyirəm. Buradan keçəndə hiss etdim ki, evinizdən ləzzətli yemək iyi gəlir, - dedi, pişik.


Nənə bir anlıq özünü itirdi. Tez özünü toplayıb:


- Ay pişik, qonşu bizə iki küftə gətirib. Gəl, sən də qonaq ol. Birini sən, o birini nəvəm Ləliş yesin, – dedi:


Pişik miyoldadı. Yaltaqlıqla özünü nənənin ayaqlarına sürtdü.


– Sağ ol, ay nənə, yemək tapa bilmirdim – dedi. Amma ürəyində fikirləşdi;


– Əcəb asan baş tutdu kələyim. Neyləyim axı, siçan da yoxdur, tutub yeyəm. Nadir növə dönüb siçan. Qışın günündə başqa çarəm yoxdur.

Nənə pişiyə sobanın yanında yer göstərdi.


– Buyur, əyləş ay pişik.


Hə, de görək, sənin adın nədir? Pişik məsumcasına dilləndi:


– Dobuş, adım Dobuşdur.


– Lap yaxşı. Ay Dobuş, sən bir balaca qızın. Mən o biri otaqdan Ləlişi də gətirim gəlim. Bu dəqiqə sənə yemək verəcəyəm. Nənə tez qayıtdı. Qonşudan gələn küftənin birini Dobuşun, o birini isə Ləlişin qarşısına qoydu. Özü isə ac qaldı.


Nənə Dobuşa dedi:


– Dobuş, sən öz payını ye, mən də gedim Ləliş üçün qaşıq gətirim, onu yedizdirim.


Nənə qayıdana qədər Dobuş tez-tələsik kiftə payını uddu. Sonra stolun üstündəki küftəyə sarı boylandı.  Ləlişin qarşısındakı kasadan küftəni qapıb, açıq pəncərədən özünü çölə atdı.

Nənə oğru pişiyin arxasınca yüyürdü. Əlindəki qaşığı arxasınca tullayıb, dedi:


– Səni, nankor, oğru pişik. Bəs mən Ləlişimə nə verəcəyəm yeməyə?!


Ləliş acından ağlayırdı. Nənə onu ovundurmağa çalışırdı. Amma bacarmırdı. Nənə Ləlişə nə qədər nağıl danışsa da, Ləliş ovunmadı ki, ovunmadı...


Bu dəfə nənə nəvəsinə mahnı oxumağa başladı:


Həftəni ay həftəni...
Kim istəməz müftəni?!
Ovundurun Ləlişi
Pişik aparıb küftəni.
Ləliş isə ovunmurdu. Hey ağlayırdı...

Hə, uşaqlar, Ləliş ağlaya-ağlaya qalsın...sizə kimdən deyim, Dobuşdan...


Dobuş gombul qarnını qucaqlayıb, bir hasar dibində, yiyəsiz qalan it komasında xoruldayırdı. Hərdən də gözünü açıb, ərtafa bic-bic baxırdı. Və birdən yaxınlıqdakı evin həyətindən tüstü qalxdı. Tezliklə kabab iyi ətrafı bürüdü. Görməmiş Dobuşun ağzı sulandı.


– Myo... myo... edərək evin hasarına sarı yüyürdü. Cırmaqlaya-cırmaqlaya hasarın üstünə qalxdı.


– Myo... bəh, bəh! Burada qonaqlıqdır ki! Yerim məlum! -dedi pişik.

Həyətin ortasında tüklü, yekə bir it oturub, kabab yeyirdi. İt hasarın başındakı pişiyi gördü. Hirsləndi;


– Ham...ham...ey, murdar pişik, düş rədd ol hasarın başından, -dedi.


Pişik yazıq-yazıq miyoldadı;


– Myo...myo...Olar mən də gəlim qonaqlığa, acından ölürəm.


– Olmaz! Sən bir bunun gözünə bax!


İtin ağlından pişiyi dolamaq keçdi, Odur ki, soruşdu:


– Sənin adın nədi? 


– Mənim adım Dobuşdur.


– Myo ...myo... sevindi Dobuş. Ona elə gəldi ki, it ona ət tikəsi verəcək.


İt mırıldadı:


– Bura bax, Dobuş, bu evin sahibəsi mənim yiyəmdir. O, pişikləri sevmir.


Əlimi sənə bulamamış, çıx aradan.


Dobuş hiyləyə əl atdı;


– Gəl dost olaq. Sənin adın nədi?-soruşdu.


– Mənim adım İtoşdu. Səndən mənə dost olmaz! Odur ki, rədd ol ordan!


Pişik:


– Yox, heç hara getməyəcəyəm!


İtoş hirsləndi:


– Necə yəni getməyəcəyəm?! Mır...r...edib, yediyi tikəsini acıqla Dobuşa sarı tolazladı, onu vurmaq istədi.


Pişik tikəni göydə qapdı. O tərəfinə, bu tərəfinə çevirib;


– Myo..myo... bu ki, sümükdür. Üstündə ət qalmayıb. Dobuş hirsləndi:


– İt oğlu it! -dedi. Sümüyü mənə niyə verirsən. Bir parça ət verəydin də.


– Hə, düz tapdın, mən it oğlu, itəm. Sən isə heç pişiyə də oxşamırsan. İndi isə sürüş buradan! – deyən it hasardan uzaqlaşdı.


Dobuş gizlicə həyətə düşdü. Manqalın yanına gəldi ki, oradan yağlı tikələrdən oğurlayıb, yesin. İtoş Dobuşu gördü. Asta-asta ona yaxınlaşdı;


– Hoppa! edərək quyruğundan tutub, pişiyi qaldırdı. Dobuş havada çabaladı, amma İtoşun əlindən çıxa bilmədi.


İtoş:


– Hi... hi... hi... mır... mır... hi... hi... hi... edib, güldü. Qorxdun? – soruşdu pişikdən. Dobuş qorxudan onun üzünə baxa-baxa qaldı. 


– Gözünə bax bunun, hərəsi bir rəngdə! – deyib, İtoş yenidən güldü və pişiyi yerə atdı.


Dörd ayaqları üstündə yerə düşən Dobuşun gözü yadına düşdü. Hirsləndi.


– Myo...myo...məni təhqir etmə. Mən Şir nəslindənəm, sənin kimi it nəslindən deyiləm! -deyən Dobuş İtoşun üstünə tullandı. Süpürləşdilər.


– Myo... My..o...o... myo...o


– S..s.s...s...s


– Ham...ham...m... ...mır... mır... – səsləri ətrafı bürüdü.

İtoş güclü idi. Dobuşun ona gücü çatmadı. Odur ki, aradan çıxmaq istədi.


Hasara sarı qaçdı. İtoş onun dalınca hasara dırmaşdı. Dobuşun quyruğundan yapışdı. Dobuş hasarı aşdı. Amma quyruğu İtoşun ağzında qaldı.


Dobuş İtoşun ağzında qalan quyruğuna baxıb;


– Vay! Myo...o...o...vay, quyruğumu qırdı. Myo...o...o...deyib bağırdı.


İtoş:


– Al, götür, bu da sənin quyruğun. Bir də oğurluq etmə. Bu gündən adın oğru Dobuşdur!

Hə, uşaqlar, oğru və görməmiş Dobuş quyruğunun hayında qalsın, gedək görək Ləliş neyləyir?


Ləliş acından ağlayırdı. Nənə Ləlişi oxuya-oxuya ovutmağa çalışırdı;


Balam indi yatar...
Yatar, balam, yatar.
Sabah yemək tapar,
Tapar, balam, tapar.


Balam yatsın, deyib, onu yatırtmaq istəsə də, Ləliş yata bilmirdi. Birdən qapı döyüldü.


Gələn Şoti baba idi. Ləlişə pay gətirmişdi.


Şoti baba:


– Salam, ay Ləliş balam, – dedi.


Nənə və nəvə sevindilər. Hər ikisi sevincək salam verdilər:


– Salam Şoti baba, salam.


Şoti baba:


– Bayaq buradan keçirdim. Pəncərədən Dobuşun etdiyi yaramazlığı gördüm. Odur ki, tez evə qaçdım, Ləlişə pay gətirdim.


Ləliş sevindi. Sevincindən atılıb-düşdü.


Şoti baba:


– Bu il bostanımda bol məhsul olmuşdu. Mən məhsulları yığıb qışa saxlamışam.


– Budur bax!


Onun səbətində qarğıdalı unu, mərci, yemiş qurusu və çoxlu meyvələr vardı. Nənə sevindi. Şoti babaya çox sağ ol! - dedi. Və sevindiyindən oxumağa başladı.


Şoti baba sağ olsun,
Yeməyimiz çox olsun.
Dobuş pişik utansın,
Ləliş balam tox olsun!


Uşaqlar, nənə bu mahnını oxuyan zaman görməmiş Dobuş pəncərədən onları görürdü. Pişik görməmişlik etdiyinə və Ləlişin payını oğurladığına görə utandı. Həsrətlə pəncərədən nənənin evinə baxa-baxa qaldı. Nənə nəvəsinə hələ də mahnı oxuyurdu;


Çəpik çalın oynasın,
Oynasın ay oynasın!
Allah balamı saxlasın,
Saxlasın ay saxlasın!

Dobuş necə gün idi ki, quyruğunu özü ilə gəzdirirdi. Heç kim ona yemək vermirdi. Hara gedirdisə;


– Görməmiş pişik! Oğru pişik! – deyib, onu qovurdular.


Dobuş nənənin daxmasının yanına gəldi.


– Myo ... myo... myo.... edib, qapının kəndarını kəsdirdi.


Qapını açan olmadı. Dobuş qapının ağzında oturdu.


Pişik acından ölürdü. O qopan quyruğuna baxıb;


– Myo...myo...myo...edib, ağlamağa başladı.

Nənə ağlamaq səsi eşidib qapını açdı.


– Boy, bu sənmisən, ay görməmiş, oğru Dobuş? Nədi, yenə oğurluğa gəlmisən?-soruşdu.


Dobuş:


– Nənə, mən yaxşı iş tutmadım. Görməmişliyimin ucbatından Ləlişin payını oğurladım. Peşman olmuşam. Məni bağışla, dedi.


Nənə soruşdu:


– Əlindəki nədi belə?


Dobuş:


– Quyruğumdu. Oğurluq etdiyimə görə İtoş qırıb – dedi və bərkdən hönkürdü:


Nənənin ona yazığı gəldi.


– Hm...m...m...e dərək fikirləşməyə başladı. 


Dobuş nənəyə yalvardı:


– Nənəcan, acından ölürəm. Mənə yemək ver, xahiş edirəm.

Nənə Dobuşu evə dəvət etdi. Onun quyruğunu yerinə qoydu və yarasına məlhəm çəkib, bağladı. Sonra da ona südlü sıyıq gətirdi. Pişik acgözlüklə sıyığı yedi və nənəyə təşəkkür etdi;


– Myo..myo... ay nənə, mən sənin yaxşılığını heç vaxt unutmaram, - dedi.


Bu gündən daha oğurluq və görməmişlik etməyəcəyəm! -deyib nənəyə söz verdi.

Amma İtoşla Dobuş heç vaxt barışmadılar. Bilirsinizmi niyə, uşaqlar?! Ona görə ki, itlə pişiyin heç vaxt dostluğu baş tutmur. Çünki onlar bir-birlərini sevə bilmirlər.


Sonuncu dəfə İtoş Dobuşu görən kimi;


– Mır... mır... mır... edib, dişlərini ona qıcatdı. Dobuş isə tüklərini qabardaraq ona hirsləndi. Elə o andaca quyruğu yadına düşdü. Pişik quyruğunu yanına qısıb yazıq-yazıq miyoldadı;


– Myo... myo... myo... edib, Ləlişin yanına qaçdı.


Dobuşun quyruğu sağalmışdı. O quyruğuna baxıb sevindiyindən;


– Myo...myo...edirdi.


Dobuş köhnə vərdişindən əl çəkmiş, əvvəlki kimi görməmişlik və oğurluq etmirdi. Ləliş Dobuşla dost oldu, onu öz daxmalarında yaşamağa dəvət etdi. 

Hə, uşaqlar, nağılımız sona yetdi. İtoş evinə getdi. Ləliş Dobuşu sevdi. Dobuş nənəyə söz verdi. Ağıllı pişik oldu. Dobuş nənənin ayağı altında xoruldadı, yatdı. Hər kəs arzusuna çatdı.