Görkəmli şəxsiyyətlər

Mövlud Teymur

Azərbaycan Yazıçılar Birliyinin üzvü, ixtisasca filoloq olan Mövlud Məmmədhəsən oğlu Teymurov (ədəbi təxəllüsü Mövlud Teymur) 1951-ci ildə İsmayıllı rayonunun Buynuz kəndində dünyaya göz açıb. İbtidai təhsilini Buynuz kəndində, 5 və 6-cı sinifləri qonşu Topçu kəndində oxuyub, səkkizilliyi Şamaxı şəhər Humanitar təmayüllü internat məktəbində, sonra təhsilini İsmayıllı şəhər 1 nömrəli orta məktəbində və Qalacıq kənd orta məktəbində davam etdirib, onbirliyi isə 1970-ci ildə Bakı şəhərindəki 90 nömrəli fəhlə-gənclər orta məktəbində bitirib.

 

1972-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsinin əyani şöbəsinə daxil olan Mövlud Teymur 1976-cı ildə ali təhsilini başa vuraraq İsmayıllının Gəraybəyli, Uştalqışlaq, Brovdal və Buynuz kənd orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. O, ali kateqoriyalı metodist müəllim kimi gənc nəslin təlim-tərbiyəsində, onların Azərbaycan ədəbiyyatını sevməsinə böyük əmək sərf etmişdir.

 

Yeri gəlmişkən qeyd edək ki, o, eyni zamanda, Jurnalist Sənətkarlığı İnstitutunu da bitirib (1974-1976). Mövlud Teymur 1985-ci ilin aprelindən Bakı İxtisaslaşdırılmış Avtomobillər Zavodunda müxtəlif vəzifələrdə çalışmışdır.

 

Orta məktəb illərindən bədii yaradıcılığa başlayan Mövlud Teymurun “Yağış” adlı ilk şeiri 1972-ci ildə dərc olunub. Sonra şeirləri “Azərbaycan gəncləri”, “Azərbaycan müəllimi”, “Bakı”, “Ədəbiyyat və incəsənət”, “Kommunist”, “Sovet kəndi”, “Azərbaycan pioneri” və sair qəzetlərdə, “Göyərçin”, “Pioner”, “Azərbaycan qadını”, “Ulduz”, “Azərbaycan”, “Azərbaycan təbiəti”, “Kənd əməkçisinin təqvimi” və sair jurnallarda, 70-80-ci illərdə “Gənclik” və “Yazıçı” nəşriyyatlarının buraxdığı “Çinar pöhrələri”, “Mənim bağım, baharım”, “Yaşıl budaqlar”, “Vətən nəğməsi”, “Yeni səslər”, “Azərbaycan” və sair ədəbi-bədii almanaxlarda çap olunub.

 

1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Mövlud Teymur “Araz”, “Qızıl qələm”, Beynəlxalq Rəsul Rza mükafatları laureatı və Prezident təqaüdçüsüdür (2013).

 

Ədəbiyyata, şeirə böyük maraq göstərən Mövlud Teymur İsmayıllı rayonunda çıxan “Zəhmətkeş” qəzeti redaksiyasında fəaliyyət göstərən “Dağ çiçəkləri” ədəbi məclisinin, sonralar Bakı şəhərində əvvəl şair Vaqif İbrahimin, daha sonra Məmməd İsmayılın rəhbərlik etdiyi Azərbaycan LKGİ MK nəzdində fəaliyyət göstərən gənc yazıçıların “Respublika ədəbi birliyi”nin fəal üzvlərindən olub.

 

Onun keçdiyi ömür yolunu vərəqlədikcə bir daha “Şairin tərcümeyi-halı olmur, taleyi olur” fikrinin böyüklüyünə inanmaya bilmirsən...

 

Mövlud Teymur “Bir sözüm var”, “Haqqın ömrü”, “Tarixlərdə qalacaq”, “Göyçay çinarları”, “Rəsul Rza demişkən”, “Qarabağ bizimdir”, “Çox sevirəm anamı”, “İsti adamlar”, “Ürək yanğısı”, “Qar bərəkətdir”, “İsmayıllı dağları”, “Gənclik illərim”, “Yaxşı adam”, “Qəlbimin sazı” və digər şeir kitablarının müəllifidir. Ümumilikdə 20-yə yaxın şeir və poemalar kitabı işıq üzü görən şairin bütün kitablarında ana vətənə, doğma yurda, torpağa, elə-obaya, təbii gözəlliklərə bağlılıq ülvi bir hisslə tərənnüm olunur. Həyata münasibət, insanın daxili aləminə varmaq, gəncliyə, təmiz sevgiyə, saf məhəbbətə ucadan baxmaq hissləri, duyğuları bədii dildə, obrazlı, qabarıq şəkildə verilib. Bədii cəhətdən, dil, üslub baxımından zəngin, yaddaqalan olan bu şeirlər oxucuda xoş təəssürat oyadır.

 

Sözə könül verib, əlinə qələm alandan hər zaman qəlbindən keçəni, düz bildiyini yazıb, oxucunu da düz olmağa, saflığa səsləyib. Onun ömür kredosu məhz bu amal üstə köklənib. Bəlkə də elə bu səbəbdəndir ki, “Mən sözü düz dedim, doğru söylədim, Tərtəmiz söylədim, duru söylədim” deyir.

 

Onun doğma Azərbaycana həsr etdiyi çox dəyərli misralar var. Bu da onun qəlbindəki sonsuz vətən sevgisindən xəbər verir. O, sanki hər şeiri, hər misrası ilə vətənə olan sonsuz sevgisini oxucu ilə bölüşmək istəyir. Azərbaycana canı, ruhu, öz bədəninin bir hissəsi kimi baxır, Vətənini vuran qəlbi, ürəyi hesab edir və bununla qürurla fəxr etdiyini ifadə edir.

 

Mövlud Teymurun şeirlərində həm də təbiətə sonsuz bağlılıq var. Bu da təbiidir. Çünki İsmayıllıda, dağların əhatəsində doğulub, təbiətə vurğun olmamaq mümkünsüzdür. Şair şeirlərinin birində “Nə gözəl kəndimiz, yurd-yuvamız var, Gül-çiçək ətirli xoş havamız var”, deyə doğma yurdu, onun min bir dərdə dərman olan havasını, suyunu, başı qarlı dağlarını, sıx meşələrini, nəcib insanlarını nəzmə çəkir. Bəlkə də onu şeirə, poeziyaya bağlayan əsas amillərdən biri də yaşadığı yerin əsrarəngiz təbiəti, bənzərsiz gözəlliyidir.

 

Onun şeirlərini oxuduqca insanın gözü önündə həm də zəhmətkeş bir qələm adamının, həyatın sınaqlarına sinə gərən, ayaqda durmaq üçün min bir zəhmətə qatlaşan hünərli bir kişinin, əyilməz bir insanın obrazı canlanır. İstər-istəməz hiss edirsən ki, bu misralarda illərin ağrısı-acısı boy verməkdədir...

 

Mövlud Teymurun ən üstün cəhətlərindən biri də odur ki, xalqının tarixini, mədəniyyətini, ən qədim zamanlardan bəri gələn folklorunu, dil və obrazlar sistemini öyrənib, bunu poeziyanın əsaslarına hopdura bilib. O, türkçülüyü yalnız yaradıcılığının məzmunu ilə deyil, həm də mənsub olduğu etnosun ruhundan gələn ifadə texnologiyası ilə verə bilib. Onun türkçülük mövzusunda olan şeirləri ədəbiyyatımızın ideya göstəricilərindən, Azərbaycan poeziyasının uğurlarındandır, ədəbiyyatımızda yeni bir mərhələdir. Bu mövzu bundan sonra da onun yaradıcılığında geniş miqyas alacaq, yalnız kiçik həcmli şeirlərlə deyil, türk epos təfəkküründən gələn poemalarla özünü göstərəcək. Sadalanan fikirlər şairin “Türk atası”, “Ulu Türkiyəm”, “Türk elləri”, “Türk dünyası” və digər şeirlərində özünü qabarıq şəkildə büruzə verir. Bu qəbildən olan şeirlərində Mövlud Teymurun Türkiyə sevgisi, türkçülüyə qəlbən bağlılığı, türk dünyasının birliyinə böyük inamı özünü göstərir.

 

Mövlud Teymur çox sevdiyi uşaqları da yaddan çıxarmayıb, onlara da yaradıcılığında yer ayırıb. Bəlkə də Mövludun uşaq şeirləri yazmasını bir çoxu bilmir. Etiraf etməliyik ki, uşaq şeiri yazmaq çox çətindir. Böyük rus tənqidçisi Belinski deyirdi ki, uşaq şeiri yazmaq üçün uşaq şairi olmaq lazımdı. Uşaqlar üçün yazılmış şeirlər qısa, lakonik, öyrədici və tərbiyəvi əhəmiyyətli olmalıdı. Mövludun uşaqlar üçün yazdığı şeirlər “Çox sevirəm anamı”, “Qar bərəkətdir” kitablarında toplanıb. Bu kitablar müəllifin xəbəri olmadan da bir neçə dəfə nəşr edilib.