Mədəni irsimiz

Azərbaycanın qayaüstü rəsmləri

İnsanlar yazı icad olunmamışdan xeyli əvvəl dünyanı necə gördüklərini başqalarına çatdırmaq üçün vasitələr axtarmağa başlayıblar. Onlar petroqliflərin köməyi ilə həyəcanları barədə danışmaq, ovda uğuru cəlb etmək, həyatlarından səhnələrlə paylaşmağa başladılar. Petroqliflər (qədim yunan sözlərindən götürülüb: “πέτρος” – “daş” və “γλυφή” – “oyma”) qədim insanların çəkdiyi qayaüstü rəsmlərə deyilir, onlar bu rəsmləri daşlar üzərində cızır və ya boya ilə çəkirdilər.

 

Qayaüstü rəsmlər uzaq keçmişdə həyat haqqında unikal informasiya mənbəyidir. Onlar tarixçiləri, arxeoloqları, sənətşünasları, etnoqrafları, linqvistləri, folklorçuları, zooloqları, həmçinin elmin digər sahələrindən olan tədqiqatçıları cəlb edir. Bu abidələr praktik olaraq Yer kürəsinin hər yerində aşkarlanıb, dünyanın 120 ölkəsində 35 milyondan çox petroqlif müəyyən edilib. Ən məşhurlar arasında Fransanın (Şafo və Limeyl) petroqliflərini, İspaniyada (Altamira, Kastrexondela Penya, LaPasyeqa), Avstraliyada (Tasmaniya), Afrikada (Tasilli Acer), Orta Asiyada (SaymalıTaş), Başqırdıstanda (Kapova), Sibirdə (Tom və Anqara çaylarının sahillərində), Cənubi Amerikada, Türkiyədə, İranda, Qafqazda və dünyanın bir çox başqa regionlarındakı qayaüstü rəsmləri qeyd etmək olar.

 

Onların arasında Azərbaycan dünya sivilizasiyasının qədim mərkəzlərindən biri kimi xüsusi yer tutur. Burada tarixin bütün mərhələlərində bəşəriyyətin inkişafının sübutlarına rast gəlmək olar. Ölkəmizdə qayaüstü təsvirlər sənətinin tarixi dərin keçmişə gedir və Yuxarı Paleolit, Mezolit, Neolit, Eneolit, Tunc dövrü və Orta əsrlər daxil olmaqla zamanın müxtəlif dövrlərini əhatə edir. Azərbaycanda petroqliflərin coğrafiyası da genişdir: onlara praktik olaraq ölkənin hər yerində rast gəlinir. Qayaüstü təsvirlər qrupunun aşkarlandığı əsas yerlər Qobustan, Bakı və Abşeron yarımadası, Naxçıvanda Gəmiqaya dağı və Kəlbəcər rayonunda Dəlidağın ətəyidir.

 

Qobustanın qayaüstü təsvirləri

 

Azərbaycanın ən tanınmış və yaxşı öyrənilmiş qayaüstü rəsmləri Qobustanda yerləşir. Qobustan dağlarında Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şonqardağ və Şıxqaya ərazilərində Daş dövrü və sonrakı dövrlərdə yaşayan insanların həyatına aid sübutlar müəyyən edilib. Qobustanın qayaüstü təsvirləri 1930-cu illərdə aşkarlanıb. Həmin dövrdə burada daş karxanasında işlər aparılırdı və ərazi iri daş qayalarla qalaqlanmışdı. Bu işlərin gedişində qeyri-adi rəsmlər fəhlələrdən birinin diqqətini cəlb edir. Ərazi təmizləndikcə təsvirlər daha çox nəzərə çarpırdı. Ətrafdakı mağaralarda da xeyli rəsmlər aşkarlandı. Tapıntı barədə alimlərə xəbər verildi və daş karxanasında işlər dayandırıldı. 1939-cu ildə arxeoloq İshaq Cəfərzadə Qobustan petroqliflərinin ilk arxeoloji tədqiqatına başladı. O vaxtdan İ.Cəfərzadə, C.Rüstəmov, F.Muradova və digər arxeoloqların səyi nəticəsində 1000-dən çox qaya üzərində 7 mindən artıq rəsm, həmçinin qədim yaşayış məskənləri, mağaralar, 40-dək kurqan, 100 mindən çox maddi mədəniyyət əşyaları aşkarlandı. Daha qədim artefaktlar Mezolit dövrünə aid edilir. Lakin güman edilir ki, burada həyat daha əvvəl mövcud olub və bu da Qobustanı sivilizasiyanın beşiklərindən biri hesab etməyə əsas verir.

 

Qobustanın qayaüstü təsvirləri müxtəlif dövrlərə aid edilir və eramızdan əvvəl X-VIII minilliyə (digər mənbələrə görə XV-X minilliyə) və Orta əsrlərədək olan dövrə aid edilir. Belə böyük tarixi dövrü əhatə etdiyinə görə onlar dünyanın başqa qayaüstü kolleksiyaları arasında yüksək yer tutur. Qobustanın qayaüstü təsvirlərinin inkişaf mərhələləri rəsmlərin mövzularının, tərzlərinin, düzülüşünün, icra texnikasının müxtəlifliyində, həmçinin ta qədim zamanlardan son əsrlərədək bir-birinin üzərində təsvir olunmasında aşkar görünür. Bu sənət nümunələrinin mövzusu bir çox hallarda insanların həyatı ilə bağlıdır. At üstündə və piyada ov təsvirləri, döyüş süjetləri, kollektiv əmək səhnələri, məhsul biçini kimi təsvirlər aşkarlanıb. Azərbaycanın müasir “Yallı” xalq rəqsini xatırladan tək və qrup şəklində mərasim rəqslərinin rəsmləri qorunub saxlanılıb. Ehtimal ki, bu rəsmlərin bir hissəsinin çəkildiyi dövrdə Qobustanda tropik iqlim hökm sürüb, landşaftı zəngin flora və faunaya sahib olub. Qayaüstü təsvirlərdə son 10 min il ərzində burada yaşayan heyvanların - ceyran, vəhşi keçi, maral, qaban, at və şirlərin, həmçinin quşların, balıqların, ilanların, kərtənkələlərin və müxtəlif həşəratların rəsmlərini görmək mümkündür.

 

İnsan siluetlərinin kişi və qadın siluetlərinə bölünməsi Qobustan üçün xarakterikdir. İnsanların təxminən natural böyüklükdə olan siluet rəsmləri daha qədim hesab olunur və Erkən Neolit dövrünə, nəslin böyüyü ana hesab olunduğu dövrə aid edilir. Qadın siluetlərini döşün və baldırların girdə konturlarına görə ayırmaq olur. Qadın burada xeyirxahlığın və firavanlığın, nəslin davamçısı kimi nəzərdə tutulur. Kişilər rəsmlərdə əllərində kaman və oxla ovçu qismində - hündür boylu, qədd-qamətli, qüvvətli əzələyə malik, bellərində kəmər təsvir olunur. Kişilər əsasən ayağın qorunması üçün yaraq-əsləhədə, qadınların bəzisi isə döydürmə (tatuaj) ilə bəzədilərək təsvir olunurdu. Maraqlıdır ki, insanların belə təsviri tropik ölkələr və Okeaniya üçün xarakterikdir, Avropa və MDB ölkələrində buna bənzər təsvirlər qeydə alınmayıb.

 

İnsanların siluet təsvirləri ilə yanaşı, natural böyüklükdə çəkilən vəhşi öküzlərin kontur rəsmləri də diqqəti cəlb edir – onların bəzisinin uzunluğu 240 santimetrə, hündürlüyü isə təqribən 140 santimetrə çatır. Vəhşi öküzlərin iri, həmçinin bir qədər kiçildilmiş kontur rəsmləri və oxlarla silahlanmış insanların kiçik təsvirləri eramızdan əvvəl VII-IV minilliklərə, ovçuluğun insanların həyatında vacib rol oynadığı dövrə təsadüf edir. Solyar rəmzlər xüsusi diqqət tələb edir. Tunc dövründə Azərbaycan ərazisində məskunlaşan tayfalar arasında günəşə sitayiş geniş yayılmışdı və bu, Qobustan petroqliflərində də öz əksini tapıb. Solyar rəmzlər burada dairə formasında şüa və ya çarpaz xətlərlə cızılıb. Eramızdan əvvəl II minilliyə aid edilən avarçəkənlər və burun tərəfində parlaq günəş diski olan qayıq təsvirləri də solyar mifologiya ilə əlaqələndirilir. Bu, onu göstərir ki, qədim sakinlər yaxşı dənizçi olublar. Qayığın dal tərəfində günəşin təsviri İsveçdə, Rusiyada (Ural), Misirdə tapılan oxşar rəsmlərlə analogiya aparmağa imkan verir.

 

Zaman keçdikcə rəsm texnikası dəyişib. Daha erkən dövrə aid, çox vaxt natural böyüklükdə çəkilən təsvirlərdən fərqli olaraq, Tunc dövründə rəsmlərin ölçüsü kiçilməyə başlayıb. Təsviri sənətin inkişafı ilə yanaşı, buna daha müasir alətlərdən, o cümlədən metal alətlərdən istifadə kömək edib. Orta əsrlərdə (VIII əsrdən və daha sonrakı əsrlərdən başlayaraq) ovçuluğun iqtisadi əhəmiyyətinin azalması, keramika və metal üzərində təsviri sənətin inkişafı ilə əlaqədar Qobustanın qayaüstü rəsmləri sxematik xarakter alıb və ölçüləri get-gedə balacalaşıb. Təsvirlər o qədər də real təsir bağışlamır, düz xətlərlə və çox vaxt həndəsi fiqurlarla cızılırdı. Rəsmlər arasında XII-XIV əsrlərə aid edilən ərəb əlifbası yazılarına rast gəlinir.

 

2007-ci ildə qoruğun bütün dünya üçün əhəmiyyəti nəzərə alınaraq, UNESCO-nun Dünya İrs Komitəsinin 31-ci sessiyasında Qobustanın qayaüstü rəsmlərinin mədəni mənzərəsi Dünya İrsi obyektlərinin siyahısına daxil edilib.

 

Abşeronun qayaüstü təsvirləri

 

Qayaüstü təsvirlər təkcə Qobustanda deyil, həm də Bakı və Abşeron daxil olmaqla, Xəzər dənizinin sahili boyunca tədqiq edilib. Qədim insan yaşayış məskənləri Mərdəkan, Şüvəlan, Zirə, Suraxanı, Ramana, Qalada, Pirallahı adası qarşısındakı sahildə mövcud olub. Elə orada da müxtəlif petroqliflərə rast gəlinir. Abşeron yarımadası ərazisində aşkarlanan rəsmlər eramızdan əvvəl III-II minilliklərdən başlayaraq eramızadək olan dövrü əhatə edir. Bu təsvirlər tematika və süjet xətti baxımından fərqlənir.

 

Dübəndi. Abşeronun ən əhəmiyyətli qədim təsviri sənət abidələrindən biri Dübəndi ərazisində yerləşir. Bu yerin landşaftı Qobustanın landşaftına çox oxşayır: qayalıq yerdə nəhəng daş parçaları səpələnib. Dübəndi yüksəkliyinin şərq yamacında dənizdən 150-200 metr məsafədə böyük qaya plitəsinin əmələ gətirdiyi kaha mövcuddur. Plitə qayanın üstündən asılaraq altında kiçik boşluq yaranıb. Kaha 1960-cı illərin sonunda aşkarlanıb və Azərbaycan arxeoloqları Qardaşxan Aslanov, daha sonra İdris Əliyev tərəfindən tədqiq edilib. Onlar burada qədim insan məskəni və qayaüstü rəsmlər aşkarlayıblar. Kahanın şimal plitələrində cızılmış müxtəlif rəsmlər insan fiqurlarının və öküzlərin təsvirini əks etdirir. Qeyd etmək çox mühümdür ki, rəsmlərin xarakteri Qobustan qayaüstü təsvirlərlə analoq təşkil edir. Aşkarlanan rəsmlər burada yaşayan insanların maldarlıqla və ovçuluqla məşğul olduqlarını sübut edir.

 

Ramana. Abşeronda petroqliflərin olduğu daha bir tanınmış yer Ramana qəsəbəsidir. Qəsəbə özünün XIV əsrə aid qaya üzərində yerləşən qalası ilə məşhurdur. Ehtimal ki, qalanın tikintisinə qədər bu qaya sitayiş yeri olub, çünki onun üzərində qədim insanın fəaliyyət izləri aşkarlanıb. Burada günəş rəmzləri və kasayabənzər dərinliklər var. Qalanın altındakı qayada keçi təsvirləri müəyyən edilib. Bu, yeganə təsvir deyil. Bu yaxınlarda qalanın bir neçə kilometrliyində analoji qayaüstü təsvirlər də aşkarlanıb. Xüsusilə vəhşi heyvanların – iri buynuzları olan maral, vəhşi keçi, ilan təsvirləri aşkarlanıb. Tapılan rəsmlər də Qobustandakı petroqliflərə oxşayır. Sözsüz ki, rəsmlər arasında bağlılıq var, ehtimal etmək məntiqə uyğundur ki, rəsmlərin müəllifi olan bu iki – Qobustan və Abşeron mədəniyyəti arasında bağlılıq və ümumi mənşə olub.

 

Gəmiqaya. Azərbaycanda qayaüstü rəsmlərin rast gəlindiyi digər yer Naxçıvanda yerləşən Gəmiqayadır. “Daş gəmi” mənasını verən Gəmiqaya Kiçik Qafqazın ən hündür zirvəsi olan Qapıcıq (3906 metr) dağının xalq arasında əfsanəvi adıdır. Burada bazalt qayalarında eramızdan əvvəl IV–I minilliklərə aid edilən maraqlı rəsmlərə rast gəlmək olar.

 

Gəmiqaya abidələrinin öyrənilməsinə 1970-ci illərdə başlanılıb. Nəticədə Naxçıvanın qədim sakinləri üçün xarakterik olan yaşayış yerləri və onların qayaüstü rəsmləri aşkarlanıb. Daşlar üzərində tapılmış rəsm və rəmzlərin sayı 1500-ü keçib və hələ də onlar üzə çıxır. Ən geniş yayılan təsvirlər heyvanların – keçi, öküz, maral, it, canavar rəsmləridir. Burada Naxçıvanın yüksək dağlıq zonalarında məskunlaşan bəbir təsvirlərini görmək mümkündür.

 

Qayaüstü rəsmlər ov səhnələrini əks etdirir, burada əsas ov obyekti dağ keçiləri olub. Təsvirlərdə ovçular ox və kamanla silahlanıblar. Ən maraqlı rəsmlərdən biri insanın atla yanaşı təsviridir. Rəqs edən insanların rəsmləri də geniş yayılıb. Bəzi qayaüstü kompozisiyalarda musiqi alətləri göstərilir. Çox maraqlı rəmzi işarələr mövcuddur: dairələr, dördbucaqlar, üçbucaqlar və s. Maraqlıdır ki, Gəmiqaya petroqlifləri də Qobustandakı qayaüstü təsvirlərlə və Azərbaycanın digər ərazilərində həmin dövrün maddi mədəniyyət abidələrindəki təsvirlərlə çoxsaylı paralel təşkil edir.

 

Kəlbəcərin qayaüstü təsvirləri

 

Azərbaycanın Kəlbəcər rayonunda qayaüstü təsvirlər geniş təqdim olunur. Burada 1967-ci ildə Dəlidağ silsiləsinin ətəyində arxeoloq Qüdrət İsmayılzadə tərəfindən qayaüstü təsvirlər aşkarlanıb. Alim ömrünün 20 ilini Alagöl, Zalxagöl, Qaragöl göllərinin sahillərində, həmçinin Pəriçınqılı, Ayıçınqılı, Lülpər sahələrindəki təsvirlərin öyrənilməsinə həsr edib. Qayaüstü rəsmlərin əksəriyyəti Alagöl çökəkliyində, dəniz səviyyəsindən 3000 metr yüksəklikdə müşahidə edilib. Digər yüksək dağlıq göl olan Qaragölün sahilində 700-dən çox rəsm aşkarlanıb. Petroqliflərin böyük hissəsi Erkən Tunc dövrünə təsadüf edir. Kəlbəcər rayonunun qayaları üzərində müxtəlif heyvanların təsvirlərindən başqa ov səhnələri, həmçinin əllərində ox-kaman olan ovçular təsvir olunur. Burada əkinçilik səhnələrinə rast gəlmək mümkündür: kotana qoşulmuş öküzlər, dənli bitkilərin yığılması və emalı, çiynində dəryaz olan insanabənzər canlının təsviri. Bütövlükdə, burada təqribən 8 min qayaüstü rəsm aşkarlanıb.

 

Araba təsvirləri də maraqlı qrupdur. Arabalar Tunc və Erkən Dəmir dövrlərində qəbilələrin zəruri nəqliyyat vasitəsi idi. Yüksək dağlıq, təkərli nəqliyyat növü üçün əlçatmaz olan ərazilərdə arabaların təsviri Tunc dövründə yüksək dağlıq və aran ərazilər arasında fəal əlaqələrin mövcud olduğunu deməyə əsas verir. Arabalar düzənlik və dağətəyi zonalarda geniş istifadə olunub. Güman edilir ki, aran rayonlarında yaşayan və heyvandarlıqla məşğul olan tayfalar istilər düşəndə yüksək dağlıq ərazilərə köçüblər. Orada da qayaüstü təsvirləri yaradıblar. Kəlbəcər rayonundakı çoxsaylı qayaüstü təsvirlər də Qobustan rəssamlarının yaratdıqları ilə uzlaşır.

 

Yuxarıda sadalananlardan görünür ki, Azərbaycanın qayaüstü rəsmləri zəngin və müxtəlifdir. Azərbaycanın petroqlifləri ötən dövr barədə unikal informasiya mənbəyidir. Onların köməyi ilə biz əcdadlarımızın mədəniyyəti, məişəti barədə, insanın incəsənət və yaradıcılığa daimi meyli barədə daha çox məlumat toplayırıq.

 

Qayaüstü yaradıcılıq mənəvi dünyanın bir hissəsi kimi bizim diyarın qədim mədəniyyət və incəsənət xəzinəsinə daxil olub. Azərbaycanın qayaüstü rəsmləri ölkəmizin ərazisində mövcud olan mədəniyyətin qədimliyini bir daha sübut edir. Onlar təkcə ötən dövrlərin və sivilizasiyaların şahidi, təkcə Azərbaycanın sərvəti deyil, bütün planetimizin sərvətidir.