Şeirlər

Əli Nəcəfxanlı. Su

Yerdən göyə, göydən yerə

Çıxan da su, düşən də su!

Çəmənlərdə şehə dönən,

Qayaları deşən də su!

 

 

Durub dünya məhvərində,

Sirri yatır ən dərində.

Yandıran da, söndürən də,

Bişirən də, bişən də su!

 

 

 

 

Hey axsa da ora-bura,

Gah sucaqdır, gah da quraq.

Dağ başında dönər qara,

Sırğa olar gülşəndə su!

 

 

Yağar, dənizlərə dollar,

Həsrəti düzlərə qalar.

Səhralarda ilğım olar,

Bu cilvəli, rəxşəndə su.

 

 

Yarımı çəkdim sınağa,

Batdım bir dərya günaha.

Ala gözdən al yanağa

Damla-damla düşəndə su.