Mədəni irsimiz

Şah Abbas

Şah I Abbas 1571-ci il yanvarın 29-da Heratda doğulmuşdu. Atası, şahzadə Məhəmməd Xudabəndə və anası Mazandaran valisi Mir Abdulla xanın qızı "Məhd-i ülya" kimi tanınan Xeyrənnisa Bəyimin üçüncü oğlu idi. 1573-cü ildə atası şahzadə Məhəmməd Mirzə Şiraza vali təyin edildiyi üçün yaş yarımlıq Abbas Mirzə Herat valisi seçildi və Şahqulu Sultan Ustaclı onun lələsi təyin olundu. Uşaqlıq illərini Heratda keçirən Abbas Mirzənin ata və anası Şirazda olduğu üçün onun tərbiyəsi ilə bilavasitə lələsi məşğul olurdu.

1578-ci ildə atası Məhəmməd Xudabəndə şah seçilən zaman Abbas Mirzə Herat valisi kimi vəzifəsini davam etdirdi. 1581-ci ildə Xorasanda olan Ustaclı və Şamlı əmirləri Əliqulu xan Şamlını xanlar xanı seçərək Abbas Mirzəni şah elan etdilər. Lakin Məşhəd hakimi Mürşüdqulu xan Ustaclı ilə döyüşdə Əliqulu xan məğlub edildi, Abbas Mirzə isə Mürşüfqulu xan tərəfindən ələ keçirilərək 1587-ci ilin oktyabrında Qəzvinin Cehelsütun sarayında 16 yaşında Səfəvi taxt-tacına əyləşdirildi.


Şah I Abbas dövlətin varlığını qorumaq üçün, ilk növbədə, Osmanlı dövləti ilə sülh danışıqlarına başladı. 1590-cı ildə İstanbulda sülh müqaviləsi imzalandı. XVI əsrdə Səfəvi—Osmanlı müharibəsinə son qoyan bu müqavilənin şərtlərinə əsasən, Ərdəbil, Xalxal, Qaradağ, Zəncan, Qəzvin və Lənkərandan başqa bütün Azərbaycan torpaqları osmanlılara verildi.


1590-cı il İstanbul müqaviləsi Səfəvilərin imzaladığı ən ağır şərtli sülh müqaviləsi idi. Bu müqavilənin şərtlərinə görə, Səfəvi dövləti öz ərazisinin xeyli hissəsini itirdi.


Şah I Abbas cəsur, müdrik, səbirli, tədbirli, ədalətli bir dövlət xadimi olmaqla yanaşı, savadlı və geniş dünyagörüşünə sahib idi. Ağıllı strateji hədəflər müəyyən edir və müdrik siyasət yürüdürdü. Sülh yolu ilə münaqişəni həll etmək mümkün olduğu halda, müharibəyə üstünlük vermir və uzun vaxt alsa da, sülh yolu ilə problemi həll etməyə çalışırdı. Müharibə zamanı isə o, mükəmməl bir sərkərdə idi. Hərb meydanında ordusunu məharətlə idarə edir, istedadlı və cəsur bir döyüşçü kimi təhlükələrdən çəkinmirdi. Şah Abbas müharibə üçün çətin olan qış mövsümündə də əməliyyatlar keçirirdi. Sadə geyinir və dəbdəbəni sevmirdi. Əsas məqsədi ölkənin rifahını və təhlükəsizliyini təmin etmək idi. Bir ölkənin yaxşı idarə edilməsi üçün hökmdarının bacarıqlı olmasını və fərmanlarının dərhal yerinə yetirilməsini qeyd edərdi. Yalan söyləyən məmurları sərt şəkildə cəzalandırırdı. Şah Abbas alimləri və şairləri himayə edirdi. Xristian və yəhudi təbəələrə qarşı olduqca tolerant idi. Onların öz dini ibadətlərini sərbəst yerinə yetirmələrini təmin etməklə yanaşı, məbədlər tikmələrinə də icazə verirdi.


Şah I Abbas osmanlılarla sülh müqaviləsi bağladıqdan sonra itirilmiş torpaqları geri almaq, dövlətin sarsılmış qüdrətini bərpa etmək məqsədilə islahatlara başladı.


İslahatlar, əsasən, hərbi və inzibati sahələrdə aparıldı. Mərkəzi hakimiyyətə qarşı çıxan Qızılbaş hərbi əyanları cəzalandırıldı. Qızılbaş tayfa başçılığında irsilik prinsipi ləğv olundu. Bu tədbirlər ölkə daxilində siyasi sabitliyin bərpa olunmasına və mərkəzi hakimiyyətin nüfuzunun artmasına xeyli kömək etdi.


Odlu silahdan geniş istifadə edilmirdi. Orduda köklü islahatlar aparmaq lazım idi. Şah I Abbas Səfəvi ordusunu yenidən qurdu. O, odlu silaha malik nizami ordu yaratdı. Ordu tayfa müxtəlifliyi prinsipi əsasında təşkil edildi və ayrı-ayrı qoşun növləri yaradıldı.
Azərbaycan tarixçisi, şairi və ictimai xadimi Abbasqulu ağa Bakıxanov məşhur “Güliistani-İrəm ” əsərində yazır: “Müdrik dövlət idarəçiliyi və quruculuq işləri ilə şöhrət qazanan Şah I Abbas elə mülki və hərbi qayda- qanunlar qoyub gedib ki, indi də onlardan istifadə edilir. ...Şah I Abbas o qədər ictimai binalar ucaldıb ki, Şərqin heç bir hökmdarı bu barədə onunla ayaqlaşa bilməz. Bütün Cənubi Qafqaz diyarı boyunca şəhərlərdə tikilən məscid və məktəblər, düzəngahlarda salınan karvansara və su kəmərləri onun nəcib əməllərindən hələ uzun zaman soraq verəcəkdir. Şah I Abbas öz dövründə yaşamış bütün şair və alimlərlə dostluq etmiş, özü də indiyə qədər yüksək qiymətləndirilən şeirlər yazmışdır”.


Məlumat əsasında Şah I Abbasın Səfəvi dövlətinin mədəni inkişafı üçün apardığı tədbirləri qiymətləndirin.


Şah I Abbas inzibati sahədə dəyişikliklər edərək Qızılüzən və Kür çayları arasında yerləşən ərazilər — Ərdəbil, Zəncan, Xalxal, Qaradağ, Lənkəran vilayətləri hesabına Azərbaycan bəylərbəyiliyi yaratdı. Bəylərbəyiliyin «Azərbaycan qoşunu» adlı xüsusi hərbi birləşməsi vardı. Bununla da Şah I Abbas Azərbaycanın dövlətçilik ənənələrini qorudu.


Dövlətin paytaxtı İsfahana köçürüldü. Həmin dövrdə orduda, sarayda və diplomatik sənədlərdə Azərbaycan dilindən yenə də istifadə olunurdu.


Şah I Abbas Azərbaycan türkcəsinə böyük önəm verirdi. Sarayda türk (Azərbaycan) dilində danışmaq məcburi idi. italyan səyyahı Pietro Della Valle məktubunda yazır: “Şah mənim türk dilini bilib-bilmədiyimi soruşdu və sonra mənə “xoş gəldin, səfa gətirdin” dedi. Əyləşmək üçün şahın iznini aldıqdan sonra türk dilində səyahətimin səbəbləri və digər məsələlər haqqında məni sorğu-sual etdi. Mən qısa olaraq vəziyyətimlə bağlı məlumat verdim”.


Məlumat əsasında Şah I Abbasın Səfəvi dövlətinin hansı ənənəsini qoruyub saxladığını müəyyən edin.


Şah I Abbasın islahatları mərkəzi hakimiyyətin xeyli qüvvətlənməsinə, Səfəvi dövlətinin öz keçmiş qüdrətini bərpa etməsinə şərait yaratdı.


Şah I Abbasın xarici siyasəti. XVI əsrin sonlarında Səfəvi dövlətinin xarici siyasətinin əsas məqsədi dövlətin ərazi bütövlüyünü təmin etmək idi.


Bunun üçün Şeybanilərin tutduğu Xorasanı qaytarmaq, osmanlıların işğal etdikləri torpaqları azad etmək, İran körfəzində mühüm liman olan Hörmüzü* portuqaliyalılardan geri almaq, Portuqaliyanın buradakı hegemonluğuna son qoymaq lazım idi.


Şah I Abbas Avropanın qüdrətli dövlətləri — Müqəddəs Roma imperiyası, İngiltərə, Fransa, İspaniya və Rusiya ilə diplomatik əlaqələri genişləndirdi. Bu, Səfəvi dövlətinin beynəlxalq nüfuzunun artmasına təsir göstərdi.