Şeirlər

Nüsrət Kəsəmənli. Xocalı

Tanklar qan üstündən yeridi,
Neçə can üstündən yeridi.
Körpələr qaldı dəmir ayaqlar altında,
İmdad istəyən böyüklərə
Güvənmədilər daha.
Ölü anaların döşlərindən
süd əmmədilər daha.

 

Gözləri heyrətləndirən böyük idi,
Açılmışdı yaradan axan qan kimi.
Üzüqoylu yıxılmışdılar,
Təzədən öləcəkdilər ayağa qalxan kimi.
Xocalı keçirdi xəyanət marağından,
Xocalı keçirdi
tank lüləsindən,
yağı gülləsindən,
avtomat darağından.

 

Güllələdilər adamından qarışqasınadək,
Güllələdilər quzusunu, qoçunu,
Güllələdilər anaların çəpərlərə
ilişib qalmış saçını,
qardaşı, bacını.
Güllələdilər Babəkin qılıncını,
Koroğlunun atını,
Güllələri qaytarmadı
Cavanşirin qalxanı.

 


Əzdilər yıxılanı,
Vurdular qalxanı.
Hanı bu yurdun
Nəbisi, Səttarxanı?!
Nadanlar satıb getdi
dağı, daşı, torpağı.
Ölənlər "Vətən!” deyib
kəfən etdi bayrağı.
Nənələr dilində duası ölmüşdü,
Onları aparmağa
uluların ruhu gəlmişdi.

 


Təzə ruhların əllərindən tutub apardılar,
Körpələri ayağa qaldırdılar –
Balaca tabutlara dönmüşdü beşikləri,
Qulaqlarında hələ yaşayırdı
layla səsləri.
Bir az göz yaşlarına,
Bir az ağıya bənzəyirdi.
Laylalar uçulu evlərin
divarlarına dəyirdi,
Laylalar dizlərinə döyürdü,
Dünənə, bugünə, sabaha
nifrətlə gülümsəyirdi...