Görkəmli şəxsiyyətlər

Əlibaba Məmmədov

Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri olan Əlibaba Məmmədov 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1956–1960-cı illərdə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində məşhur xanəndə Seyid Şuşinskinin sinfində musiqi təhsili almış, mədəni irsimizin tükənməz xəzinəsi olan muğamın sirlərinə dərindən yiyələnmişdir.

 

Əmək fəaliyyətinə 1940-cı illərin sonunda Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Əlibaba Məmmədov 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdində yaratdığı “Hümayun” xalq çalğı alətləri ansamblına otuz il boyunca rəhbərlik etmişdir. O, eyni zamanda, 1978–1988-ci illərdə “Azkonsert birliyi”nin solisti olmuşdur.

 

Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirən sənətkarlarımızdandır. O, hələ gənc yaşlarından Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühitində yetkin xanəndə olaraq formalaşmış, klassik muğam ənənələrinin qorunub saxlanmasını dolğun yaradıcılığının başlıca qayəsinə çevirmişdir. Ustad xanəndənin xüsusi məharətlə ifa etdiyi “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam dəstgahları kamil sənət nümunələri səviyyəsinə yüksəlmiş və musiqi mədəniyyətimizin qızıl fondunda özünə həmişəlik yer tutmuşdur. Geniş repertuarı, məlahətli səsi və bənzərsiz ifa tərzi Əlibaba Məmmədova muğamsevərlərin böyük rəğbətini qazandırmışdır. Sənətkarın müqtədir şairlərimizin şeirlərinə sözlə musiqinin uğurlu vəhdətində bəstələdiyi çox sayda mahnı və təsniflər dillər əzbəri olmuş, dinləyicilərin qəlbində silinməz iz qoymuşdur.

 

Əlibaba Məmmədov xanəndəlik fəaliyyəti ilə yanaşı, 1963-cü ildən etibarən yarım əsrdən artıq bir dövr ərzində indiki Bakı Musiqi Kollecində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Milli Konservatoriyasında dərs demiş, muğam sənətinin incəliklərini gənc ifaçılar nəslinə aşılamışdır. Ustad xanəndənin yetirmələri müxtəlif beynəlxalq festivalların və müsabiqələrin qalibi adına layiq görülmüşlər. Muğamla bağlı həyata keçirilən genişmiqyaslı layihə və proqramlarda yaxından iştirakı Əlibaba Məmmədovun muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində çoxillik səmərəli fəaliyyətinin ayrılmaz parçasıdır.

 

Milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə Əlibaba Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2010-cu ildə “İstiqlal” və 2020-ci ildə “Şərəf” ordenləri ilə təltif edilmişdir.

 

Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Əlibaba Balaəhməd oğlu Məmmədov 2022-ci il fevralın 25-də ömrünün 93-cü ilində vəfat etmişdir.