Görkəmli şəxsiyyətlər

Fərman Kərimzadə

Yazıçı Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. 12 yaşı olanda Qərbi Azərbaycandan deportasiya olunublar. Beyləqanda məskunlaşıblar. Fərman və bacı-qardaşları yarımçıq qalmış orta təhsili Beyləqan rayonunun Şahsevən kəndində başa vurublar.


“Son eksponat”, “Toy toğlusu”, “Mis qazan”, “Talada”, “Ümid”, “Xınalı” hekayələri, “Xallı maral”, “Toy dəvətnaməsi” povestləri böyük uğur qazansa da, yazıçı daha çox “Qanlı aşırım”, “Xudafərin körpüsü”, “Çaldıran döyüşü” kimi tarixi romanların, “Təbriz namusu”, “Qoca qartalın ölümü” əsərlərinin müəllifi kimi tanınıb.


F.Kərimzadənin imzası əsasən tarixi roman müəllifi kimi tanınır. 1967-ci ildə çap olunan “Qarlı aşırım” romanı, onun gələcək nəsillər üçün önəmli fikirlər ortaya qoyacağından xəbər vermişdir. 


1982-ci ildə nəşr edilən “Xudafərin körpüsü” tarixi romanında XV əsrin sonu XVI əsrin əvvəllərində baş vermiş tarixi hadisələr, Şah İsmayıl Xətainin həyatı, hakimiyyət uğrundakı mübarizəsi qələmə alınıb. Uzun Həsən, Sara Xatun, Hüseyn Lələ bəy, Əbih Sultan kimi tarixi şəxsiyyətlərin yadda qalan obrazları yaradılıb.


Bütün bunların nəticəsidir ki, onun əsərləri kino sənəti üçün zəngin material vermişdir. “Toy toğlusu” hekayəsi əsasında qısametrajlı “Zınqırov”, novellası əsasında “Arvadım mənim, mənim uşaqlarım” filmləri çəkilmişdir.


“Qarlı aşırım” romanı əsasında 1971-ci ildə rejissor Kamil Rüstəmbəyovun quruluş verdiyi “Axırıncı aşırım” filmi isə Azərbaycan kinosunun ən uğurlu filmlərindən biri heab olunur.


Ekran əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində Sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir.


F.Kərimzadə filmin hazırlıq prosesi dövründə Azərbaycan Dövlət Radiosuna (1970) verdiyi müsahibədə əsas obrazlardan biri olan Abbasqulu bəy Şadlinskinin xalqımızın çox böyük qəhrəmanlarından olduğunu dilə gətirib.


Yazıçı “Qarlı aşırım” əsərinin müəllifi kimi, eyni zamanda  filmin ssenaristi  kimi “Axırıncı aşırım”ın çəkiliş prosesində yaxından iştirak edib. Və hər iki yaradıcının böyük məsuliyyət hissilə yaratdığı film istər öz dövründə, istərsə də hazırkı dövrdə böyük maraqla baxılır. Filmdən danışarkən əsas uğurlarından biri kimi personajların dialoqları göstərilir. Əlbəttə ki, bütün bunların uğurlu alınmasında yazıçının sözləri kəlmə-kəlmə axtarıb taparaq obrazların münasibətinə uyğun tərzə uyğunlaşdırması əsas rol oynayıb.