Xəbərlər

Kukla Teatrında yeni premyera - "Ağca və yeddi Cırtdan"

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ənənəsinə sadiq qalaraq 10 mart - Milli Teatr Gününü premyera ilə qeyd edəcək.

 

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 10-da teatrda dünyaca məşhur "Ağca və yeddi Cırtdan" tamaşasının premyerası keçiriləcək.

 

Repertuarda daim yeniliklər etməyə, onun rəngarəngliyini və mövzu müxtəlifliyini qorumağa çalışan yaradıcı heyət bu dəfə Qrimm qardaşlarının müxtəlif teatr səhnələrində özünün fərqli formalarda quruluş həllini tapan əsərinə müraciət ediblər.

 

Klassik kukla teatrı estetikasında hazırlanmış tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadədir.

 

Birhissəli kukla tamaşasında rolları teatrın aparıcı aktyorları - Aygül Ağayeva, Cavid Telman, Səriyyə Mansurova, Elmira Hüseynova, Samirə Nəcəfova, Araz Həsənli və başqaları ifa edirlər.