Xəbərlər

Respublika fənn müsabiqələrinə və Lütfi Zadə adına məntiq olimpiadasına qeydiyyat başlanıb

Martın 9-dan respublika fənn müsabiqələrində və Lütfi Zadə adına məntiq olimpiadasında iştirak üçün elektron qeydiyyat prosesinə start verilib.

 

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, hər iki bilik yarışında iştirak etmək istəyən şagirdlər portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.

 

VI və VII sinif şagirdlərinin iştirak etdiyi fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə təşkil olunur. Bu müsabiqələrin keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağının artırılmasından ibarətdir.

 

Lütfi Zadə adına məntiq olimpiadası isə V sinif şagirdləri arasında keçirilir. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə riyazi məntiqlə yanaşı məntiqi təfəkkür, yaradıcılıq, diqqət, hafizə, analiz, müqayisə, planlama və təhlil kimi bacarıqlarının inkişafına müsbət təsir göstərməkdir.

 

Qeyd edək ki, portal.edu.az Təhsil Nazirliyinin təqdim etdiyi bütün elektron xidmətləri bir məkanda birləşdirən vahid təhsil platformasıdır. Vətəndaşlar bir platformada qeydiyyatdan keçməklə “Şəxsi kabinet”ləri vasitəsilə müvafiq elektron xidmətlərdən faydalana bilirlər.