Nağıllar, hekayələr

Sevinc Ağa Xəlilqızı. Qaranquş və sərçənin əhvalatı

Yaradan çox möcüzələr yaratmışdır. Yeri, göyü, torpağı. Aylı gecəni işıqlandırmaq üçün ulduzları səmayə inci dənəsi kimi tək-tək paylamışdır. Səmaya günəşi bəxş etmişdir. Buludlarda yığılıb gizlənən süzən yağışları torpağı yumuşaltsın deyə topa-topa yağdırmışdır. 


Tanrı Ana təbiətə elə gözəlliklər bəxş etmişdir ki...  Tanrı Ana təbiətin rəngarəng, özünəməxsus gözəlliyini dörd fəsilə bölmüşdür:  yaz, yay, payız, qış. Hər bir fəsil özünəməxsus gözəllikləri,  çiçəkləri, abu-havası, quşları, heyvanları ilə fərqlənir.

 

Qış fəsli öz sərtliyi, boran, şaxtası, soyuğu ilə digər fəsillərdən fərqlənirdi. Payız gəldikdə qaranquşlar uçub isti ölkələrə köçüb gedirlər. Onların qışın sərtliyinə dözümləri olmur. Bir də yaz fəsli gəldikdə qonşu ölkələrdən köçüb yurd-yuvalarına qayıdırlar. Qış bu il də çox sərt keçirdi. 


Ana sərçə hey qarın üstündə balaları üçün yem axtarırdı. Sərt külək elə bil ağaclara güc gəlib, onları köklərindən çıxartmaq istəyirdi. Külək ana sərçəni elə uçurdurdu ki... 

 

Ana sərçə tez şam ağacının budaqları arasında gizlənərək, soyuğa dözürdü. Çünki, budaqların arasında balalarını gizlətmişdir. 


Bir müddətdən sonra elə bil buludların arxasından günəş çıxmağa başladı. Günəş elə bil sərt küləyə meydan oxuyaraq deyirdi: “Mən hələ öz sözümü deməmişəm. Günəşə şərt küləklərin gücü yetməz!” 


Günəşin çıxmasından sevinən sərçə budaqların arasından çıxaraq, yerə enib, qarın üstündə yem axtarırdı. Bir də gördü ki, bir balaca uşaq qarla oynayır, sonra əlindəki çörəyi qarın üstünə səpir. Sərçə balalarına yem tapdığına görə çox sevinirdi. Çörək qırıntılarını  bir-bir dimdiyində yerdən götürüb ağaca qonub, balalarını yedizdirirdi. Bəlkə on, iyirmi dəfədən çox yerə qonur, çörək qırıntılarını dimdiyinə alıb, ağacın üstünə uçurdu...


Ağaca qonan qarğa demə, kənardan sərçəni müşahidə edirmiş. O, bərkdən gülərək dedi:


– Axmaq, ağılsız balaca sərçə... Bayaqdan baxıram, yerə qonub, qalxırsan budağa.  Nə qədər çıxıb-düşmək olar? Gedək mənimlə, nə qədər leş var, onları ye, əziyyət də çəkmə... 


Sərçə mənalı-mənalı qarğaya baxıb dedi:


– Düzdür, mən çox balacayam. Amma çox zəhmətsevərəm. Qışın soyuğundan, sərt küləkdən də qorxmaram. Mən sənin kimi böyük olmasam da,  uzunömürlü olmasam da, yüksək səslə hər yana səs salmasam da, amma leş yeməyi sevmərəm. 


Sərçənin bu sözləri qarğanı qəzəbləndirdi. O, sərçənin üzərinə hücum çəkmək istərkən, budaq sınıb  qarğanın üstünə düşdü. Çirkin qarğa hay-həşir salaraq, bağırdı. Onun qanadları sınmışdır... Sərçə ona baxaraq dedi:  


– Öyünməyin, lovğalığın sonu budur! Məni özündən kiçik görüb mənə gülüb, lağa qoyurdun. Tanrı sənə verdiyi gücü, qanadlarını da bir anda əlindən aldı.


Beləcə aylar keçdi...


Sərt  qış yerini yaz fəslinə verdi.  Yazın öz gözəllikləri var... Ana təbiət qış yuxusundan oyanır. Yazın müjdəsini ilk qaranquş xəbər gətirir. Çəmənlərdən novruzgülü boylanmağa başlayır, xoşətri aləmə yayılır... Bənövşə bəndə düşüb, nərgiz gülünü haraylayır. 


Hamıdan çox yazın gəlişinə sərçə sevinirdi. Sərt soyuğa dözərək, isti yazı səbirsizliklə gözləyirdi. O ağaca qonur, bu ağaca qonur cik-cik edərək uçurdu. Qaranquş özündən razı halda uçaraq, hər yana, çölə-çəmənə haray çəkirdi: “Mən gəlmişəm, gəlişimlə yazın müjdəsini gətirmişəm”.


Turac, kəklik, torağay səs-səsə verib oxuyurdular. Dovşan və dələ bir-birinin ardınca koldan-kola qaçırdılar.


Yazın gəlişi, Ana təbiətin oyanışı ilə əlaqədar heyvanlar meşədə tonqal qalayırdılar. Tonqal çox yüksəkliyə qalxdı, alovun bir parçası palıd ağacına düşdü. Palıd ağacı yanmağa başladı. 


Odun ətrafında olan heyvanlar palıd ağacını xilas etmək üçün  yaxınlıqdakı çaya qaçıb su götürürdülər. Sərçə özünü oda-közə vurub, dəfələrlə çaya tərəf uçur, dimdiyində su gətirib ağaca tökürdü... Kənarda dayanmış qaranquş sərçəni səsləyib dedi:


– Nə özünü oda-közə vurursan, sənin gətirdiyin bir damcı su ilə palıd ağacı sönən deyil. O boyda palıd ağacına sənin gətirdiyin su gərək də deyil.


Sərçə dedi:


– Düzdür, palıd ağacına bəlkə gərək deyil kiçik bir su damlası. Amma mənim vicdanım rahat olacaq ki, mən sənin kimi kənardan durub soyuqqanlıqla seyr etmədim. Əlimdən bu gəlir, bunu da etdim...


Qaranquş dedi:


– Sənin dilin çox uzanıb deyəsən, sərçəcik. Məni hamı çox sevir. İndi mən səni cəzalandıraram.


Sərçə cavab verdi:


– Mən səndən qorxmuram. Bilirsən niyə? Sərt, boranlı qışa sinə gəlib, dözən sərçəcik də olsam, sənin kimi öz yurdumu, obamı soyuqda, payızda qoyub, heç zaman isti ölkələrə uçub getmirəm. Soyuğuna da, boranına da, yağışına da, istisinə də dözüb qalıram.

Mən mübariz sərçəyəm... Mənim bir sirrim də var. Əgər göy üzünü buludlar örtərsə, onda arxası üstə çevrilib ayaqlarımı göyə sarı tuturam. Buludları sanki ayaqlarımla saxlayıram, yer üzünü qoruyuram.


Sərçənin bu sözlərinə qulaq asan torağay, turac, sağsağan, kəklik elə qanad çaldılar ki, sanki sərçəni alqışlayırdılar... 


Qaranquş etdiklərindən kor-peşman oldu. 


Heçnə demədən uçub ordan uzaqlaşdı. Çünki o, sərçəyə məğlub olmuşdur... Balaca sərçə bax bu əməlləri ilə, zəhmətsevərliyi, yurdsevərliyi, əzmi ilə quşlar arasında böyük hörmət qazandı...


Atalar gözəl demiş: “Abırını alıb, dirilik suyu versələr, ağıllı adam almaz, çünki  zillətlə yaşamağı özünə şərəf yox, təhqir bilər...”