Xəbərlər

AZƏRTAC-da balacalar üçün “Axır çərşənbə” adlı ustad dərsi təşkil olunub

Novruzu göyərdilən yamyaşıl səmənisiz, rəngbərəng boyanmış yumurtasız, üstü naxışlarla bəzədilən şəkərburasız təsəvvür etmək olarmı?

Əlbəttə yox!

 

Bunlar hər il yurdumuza qədəm qoyan yazın ən əsas simvollarıdır.

 

Artıq yazın nəfəsi hər yerdə duyulmağa başlayır – oyanan, sinəsindən buğ qalxan torpaq, puçurlayan, çiçək açmağa hazırlaşan ağaclar, çağlayan sular, qaranquş nəğmələri, hər səhər nurlu şəfəqlərini pəncərəmizdən ələyən Günəş şüaları...

 

Hamı xalqımızın qədim milli bayramı olan Novruzun pişvazına çıxır. Novruzun ən təntənəli mərasimləri axır çərşənbədə keçirilir.

 

Yazın gəlişinə bir həftə qalır...

 

“Torpaq çərşənbəsi” yazın gəlişinə daha yaxın olduğuna görə onu xüsusi qeyd edirlər. Ən böyük bayram tonqalı da həmin gün qalanır. Xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə”, “Axır çərşənbə” və s.adlarla da tanınan bu bayramı uşaqlar da çox sevir və gəlişini səbirsizliklə gözləyirlər. Hər il bu əziz bayram şərəfinə balacalar üçün bir-birindən maraqlı, yaddaqalan mərasimlər təşkil olunur.

 

Martın 12-də belə şənliklərdən biri də AZƏRTAC-da təşkil edilib. AZƏRTAC-ın Uşaq Bilik Portalı balacalar üçün “Axır çərşənbə” adlı ustad dərsi keçirib.

 

On beş uşağın iştirak etdiyi ustad dərsində uşaqlara səməni cücərtməyi, yumurta boyamağı və şəkərbura bişirməyi öyrədiblər.

 

AZƏRTAC-ın Uşaqlar üçün informasiya bölməsinin müdiri İradə İsayeva əvvəlcə balacalara bolluq və bərəkət simvolu olan, baharın gəlişindən, təbiətin oyanışından xəbər verən Novruz bayramı haqqında ətraflı məlumat verib: “Novruz xalqımızın ən qədim və ən sevimli bayramıdır. Novruz Baharın gəlişi yeni ilin, yeni mövsümün başlanğıcı hesab olunur. Təbiət oyanır, dağlarda qar əriyir, torpağın köksündən yamyaşıl otları cücərir, ağaclar çiçək açır, çobanlar qoyun –quzunu çöllərə yayır... Novruzun özünəməxsus adət-ənənələri var: səməni cücərtmək, tonqal qalamaq, şəkərbura-paxlava bişirmək, yumurta boyamaq, oddan tullanmaq, papaq atmaq, qapı pusmaq və s. Bu gün biz Novruzun ən gözəl adətlərindən bir neçəsini birlikdə yerinə yetirəcəyik...”

 

O, “Uşaqlar, qoğal Günəşin, şəkərbura Ayın, paxlava isə alovun rəmzidir. İstəyirəm ki bunları siz də biləsiniz”,-deyərək həmin mərasimləri balacalara izah edib.

 

Milli geyimdə olan Nəsrin, Xalidə, Əsmər, Duyğu, Tuncay, Aydın, Zərif, Selcan, Fidan və başqaları bildikləri Novruz adət-ənənələrindən danışıb, şeirlər söyləyib, bayram nəğmələri oxuyublar.

 

İki saat ərzində balacalar şəkərbura hazırlayaraq kövrək barmaqları ilə onun üzərinə naxışlar vurub, Novruz xonçası üçün rəngbərəng və naxışlı yumurtalar boyayıb, səməni cücərdiblər.

 

AZƏRTAC-ın bu təşəbbüsü bahar ətirli, səma üzü kimi saf, yaz çiçəkləri kimi kövrək körpə qəlbində həmişə yaşayacaq, illər boyu xatırlanacaq. Mərasimdən onların aldığı təəssürat, könüllərindəki duyğular belə düşünməyə əsas verir.