Oyunlar

Kosa-kosa

Bayram günlərində cavanlar meydana toplaşırlar. Bir nəfər zirək, hazırcavab oğlana tərsinə kürk geyindirirlər. Üzünü möhkəm unlayır, başına uzun motal papaq qoyurlar. Ayaqlarının altına ayaq formasında ağac sarıyırlar. Boynuna zınqırov salır, paltarının altından qamma yastıq bağlayırlar. Bir çömçəni qırmızı bəzəyib əlinə verir, qapı-qapı gəzdirib oynadaraq pay toplayırlar. Kosanı gəzdirənlər bu nəğməni oxuyurlar:

 

Ay kosa-kosa, gəlsənə,
Gəlib salam versənə,
Çömçəni doldursana,
Kosanı yola salsana.

 

Kosam bir oyun eylər,
Quzunu qoyun eylər.
Yığar bayram xonçası,
Hər yerdə düyün eylər.

 

Novruz-novruz bahara,
Güllər-güllər nübara.
Bağçamızda gül olsun,
Gül olsun, bülbül olsun.

 

Bal olmasın, yağ olsun,
Evdəkilər sağ olsun.
Xanım dursun ayağa,
Kosaya pay versin ağa.

 

Nəğmə qurtaran kimi, kosa “kosa öldü”, - deyib, yerə yıxılır. Bu zaman ona suallar verib cavab alırlar:


- Kosa, hardan gəlirsən?


- Dərbənddən.


- Nə gətirmisən?


- Alma.


- Almanı neylədin?


- Satdım.


Bal olmasın, yağ olsun, Evdəkilər sağ olsun. Xanım dursun ayağa, Kosaya pay versin ağa.


- Pulunu neylədin?


- Öküz aldım.


- Öküzü neylədin?


- Vurdum öldü.

 

Kosanın bu sözündən sonra yoldaşları birlikdə bu nəğməni oxuyurlar:

 

Başın sağ olsun, kosa,

Arşın uzun, bez qısa,

Kəfənsiz ölməz kosa.

 

Bundan sonra da kosaya çoxlu suallar verib cavab alır , nəğmə oxuyurlar.

 

Ev yiyəsi yerindən gec dursa, oyunçular bir ağızdan oxuyurlar:

 

 

Ay kosa-kosa gəlmisən,

Gəlmisən meydana sən,

Almayınca payını,

Çəkilmə bir yana sən...

 

Nəğmədən sonra kosaya pay verirlər. Oyunçular kosanı o biri evə aparırlar. Belə-belə bütün evləri gəzir, yığdıqları şeyləri düzəltdikləri evə gətirir, şənlik keçirirlər.