Xəbərlər

Məktəbli qızların forması yay və qış geyimlərindən ibarət olacaq

Məktəbli qızların məktəb forması yay və qış geyimlərindən ibarətdir. Yay forması - üçdüyməli qısaqol köynək və ətək, qış forması - üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket olacaq.

 

AZƏRTAC xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” haqqında qərarında öz əksini tapıb.

 

Qərara əsasən qızlar üçün ətək - rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), açıq-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60 faiz, poliester 40 faiz) iplikdən toxunulmuş parçadan çoxsaylı şaquli qırçınlı, yarımdairə klyoş və ya trapesiyaşəkilli tikilir. Ətəyin uzunluğu diz xəttindən aşağı olmalıdır. Çoxsaylı şaquli qırçınlı ətəyin arxa və ön hissələri bel səviyyəsində köklənib. Ətək kəmərli və ya rezinli olur. Kəmərli ətəkdə yan hissədə bağlanma yeri adi kiçik düymə və ya zəncirbəndlə bağlanılır. Kəmərə öndə iki və arxada iki ədəd körpücük tikilir. Yarımdairə klyoş ətəyin arxa və ön hissələri bel səviyyəsində köklənib. Ətək kəmərli və ya rezinli olur. Kəmərli ətəkdə yan hissədə bağlanma yeri adi kiçik düymə və ya zəncirbəndlə bağlanılır. Kəmərə öndə iki və arxada iki ədəd körpücük tikilir. Trapesiyaşəkilli ətəyin arxa və ön hissələri bel səviyyəsində köklənib. Ətək kəmərli olur, kəmərə öndə iki və arxada iki ədəd körpücük tikilir. Ətəyin sağ yanda kəmər hissədə bağlanma yeri adi kiçik düymə və ya zəncirbəndlə bağlanılır.

 

Qızlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60 faiz, poliester 40 faiz) iplikdən toxunmuş parçadan düzünə və manjetsiz tikilir. Şalvara kəmər tətbiq edilir. Kəmər üçün ön hissədə iki, yanda iki və arxada iki ədəd körpücük tikilir. Şalvarın kəsmə yan cibləri və arxadan bir tərəfdən adi kiçik düymə ilə düymələnən kəsmə cibi var. Şalvar ön və ya yan hissədən kəmərdə qarmaq, adi kiçik düymə və zəncirbəndlə bağlanılır. Qısaqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye) parçadan (100 faiz pambıq) polo tipli tikilir. Köynəyin üçdüyməli düymə plankası, manjetlər və ətək hissəsi ikiqat tikişlə tikilir. Uzunqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye), (100 faiz pambıq) orta qalın toxunma parçadan tikilir. Köynəyin forması polo tiplidir. Köynəyin üçdüyməli düymə plankası, manjetlər və ətək hissəsi ikiqat tikişlə tikilir. Önü bağlanılan cibli jaket - rəngli (göy, boz, yaşıl, qəhvəyi-yaşıl (xaki) yarımyun (yun 50faiz, akril 50 faiz) tərkibli qalın toxunma parçadan tikilir. Jaket birbortludur, bort zəncirbəndlə açılıb bağlanılır, arxası bütövdür. Kəsmə yan cibi, yaxalığı, ətəyi və qol manjetləri ikiqat toxunuşludur.

 

Xatırladaq ki, Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərar imzalayıb. Qərar 2022/2023-cü tədris ilindən tətbiq ediləcək. Qərara əsasən hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər.