Nağıllar, hekayələr

Elçin Əfəndiyev. Mən "Lalə" istəyirəm

Lalə elə balacadı, elə balacadı, elə balacadı, lap bir cıqqılı. Lalə mənim bacımdı.

 

Nənəm deyir:

 

– Mənim Laləm, Laləciyim...

 

Mən deyirəm:

 

– Nənə, Lalə mənimdi!

 

Nənəm deyir:

 

– Yaxşı, Səlim, sənindi...

 

Amma sonra yadından çıxır. Yenə deyir:

 

– Mənim Laləm, Laləciyim...

 

Anam deyir:

 

– Lalə qızım, qəşəng qızım, mənim qızım...

 

Mən deyirəm:

 

– Ana, Lalə mənimdi!

 

Anam deyir:

 

– Yaxşı, Səlim, sənindi...

 

Amma sonra yadından çıxır. Yenə deyir:

 

– Lalə qızım, qəşəng qızım, mənim qızım...

 

Atam da belə deyir. Babam da belə deyir. Axı, belə olmaz. Axı, Lalə mənimdi.

 

Yaxşı hirsləndirdiniz məni, baxarsız!.. Mən də gedərəm Firudin əmidən özümə başqa Lalə alaram.

 

Firudin əmi bizim həyətdə süd satır, özü də mənim dostumdu. Mən ona deyirəm:

 

– Firudin əmi, mənə Lalə ver.

 

Firudin əmi deyir:

 

– Lalə? Laləni neyləyirsən, Səlim?

 

Mən deyirəm:

 

– Istəyirəm ki, mənim özümün Laləm olsun!

 

Firudin əmi deyir:

 

– Yaxşı, Səlim, əgər tapsam, sabah sənə lalə gətirərəm.

 

Sabah Firudin əminin yanına gəlirəm. Mən deyirəm:

 

– Salam, Firudin əmi, mənə Lalə gətirdin?

 

Firudin əmi deyir:

 

– Gətirdim, Səlim, güclə tapdım, al.

 

Firudin əmi mənə bir dənə qırmızı gül verir. Mən deyirəm:

 

– Bu nədi?

 

Firudin əmi deyir:

 

– Lalədi. Yavaş götür, dağılmasın. Lalənin ləçəkləri çox zərif olur.

 

Eh, Firudin əmi gör mənə nə gətirib?! Gül!..

 

Mən deyirəm:

 

– Firudin əmi, mən belə lalə istəmirəm...

 

Firudin əmi deyir:

 

– Bəs, sən nə cür lalə istəyirsən, Səlim?

 

Mən deyirəm:

 

– Mən bacım Lalədən istəyirəm.

 

Firudin əmi bərkdən gülür. Sonra deyir:

 

– Ay səni, Səlim!

 

Yenə mənə gülürlər. Heç belə də iş olar?