Şeirlər

Zahid Xəlil. Fərruxun dişi

Dişi mırıqdı, Fərruxun
İşi fırıqdı, Fərruxun
Armud demir,
Alma demir,
Çəkir dişə,
Dişi də ki,
Düşür bir - bir
Gəlmir işə.
Heyvaya bir
Dişdəm çaldı
Dişdəmdə bir
Dişi qaldı.
Dişi mırıqdı, Fərruxun
İşi fırıqdı, Fərruxun.
Dedim: - Fərrux,
Çəkmə fikir.
Çıxacaqdı
Dişin bir - bir.
Çıxacaqdı iynə dişlər.
Balta dişlər,
Düymə dişlər.
Onda heç kəs
Deyə bilməz:
Dişi mırıqdı, Fərruxun
İşi fırıqdı Fərruxun.