Zahid Xəlil. Təkər
Taxtadan düzəldilmiş bir təkər yolun kənarına düşüb qalmışdı. Buradan maşınlar keçirdi.
– Götür məni, – deyə təkər onlardan xahiş etdi.
– Taxta təkər nəyimizə lazımdır? – maşınlar ona lağ etdi.
Yoldan bir araba keçirdi.
– Götür məni, – deyə təkər yalvardı.
– Əgər dörd dənə olsaydın, götürərdim, – deyə araba da keçib-getdi.
Yolda bir oğlan göründü. O, əlində çanta məktəbdən gəlirdi.
“Eh, mən onun nəyinə lazımam axı”, – deyə təkər fikrindən keçirdi. Amma buna baxmayaraq, soruşdu:
– Məni götürərsən?
– Böyük məmnuniyyətlə! – Oğlan təkəri aparıb evin damına qoydu. Leyləklər uçub gəldilər, təkərin üstündə özlərinə rahat yuva qurdular.
Təkər, nəhayət, bir işə yaradığına görə çox məmnun oldu.
08.04.2024