Nağıllar, hekayələr

Qəşəm İsabəyli. Üç xoruzla bir toyuq

Həyətin ağac–uğacı vardı, kol-kosu vardı, ot-pəncəri vardı. Ağac–uğaca quşlar düşürdü, kol–kosa kəpənəklər qonurdu, ot-pəncər də üç xoruzla bir toyuğun idi.

 

Xoruzların üçü də bir rəngdəydi–al qırmızı. Toyuğun isə təkbaşına üç rəngi vardı; Ağ-appaq–tüklərinin rəngiydi, qap–qara–gözlərinin rəngiydi, bom-boz  da-lap aşağı əzalarının, rəngiydi. Hələ başqa–başqa fərqləri də vardı toyuqla xoruzların.

 

Xoruzlar dən yeməyi bilirdi, su içməyi bilirdi, eşənək atmağı bilirdi ...Bir də kefləri duranda qanadlarını şappıldadıb, banlamağı. Bu banlamağın da özlərindən başqa heç kimə faydası olmazdı;hirsləri,acıqları çıxırdı canlarından.Yoxsa bir–birini didib–dağıdıb ,qızıl qana bulayardılar.

 

Gəl ki, yumurtlayan da toyuq olardı, kürt düşən də toyuq olardı, bala çıxaran da.

 

Bütün ili doğub–yağmaqla ömrünü üzən toyuq, yaz yetişən kimi, bir topa yumurtanı altına basıb, nə az, nə azacıq, düz 21 gün köksü üstə düşüb qalardı; Ağzı dinib–danışmaqdan, qarnı yemək–içməkdən olar, səsi kallaşar, deyingən arvadlar kimi hirsə-hikkəyə dolardı. Beş gündən bir, bir həftədən bir çığıra–çığıra atılıb yerindən qalxar, cumub bir qurtum su içər, bir dimdik dən götürər, yenidən qayıdıb yıxılardı yumurtaların üstünə.

 

Elə bilirsiz ana olmaq asandı! Dünyaya bir övlad gətirincə kirpikləriylə od götürür analar. Vay odur ki, min bir əzabla dünyaya gələn övlad özü öz qədrini bilməyə!

 

Günlər ötər, bir görərdin toyuğun kal səsinə  nazik, cingiltili səslər qarışıb. Baxardın ki, ağ–appaq tüklərin  yan–yörəsində sap–sarı, qap–qara, bom–boz, balaca- bapbalaca başlar oynaşır. Toyuq da həmin gündən hörmətə minərdi; adının baş həfi böyüyər, qabağına da soyadı düşərdi; - “Anac Toyuq”.