Bu maraqlıdır!

Sizif əməyi

Təsəvvür edin ki, çox çətin və həllolunmaz bir işlə məşğulsunuz. Hətta bu işin öhdəsindən gəlsəniz belə, onun nə özünüz, nə də ətrafdakılar üçün heç bir faydası olmayacaq. Nəhayət, bir adam yaxınlaşıb sizə deyir:

 

– Burax bu işin başını. Bu ki lap Sizif əməyidir.

 

Əlbəttə, siz həmin adamın nə demək istədiyini təxmin edə bilərsiniz. Lakin “Sizif əməyi” ifadəsinin mənşəyini bilsəniz, onun sözlərini daha dəqiq başa düşər və düzgün nəticə çıxararsınız.

 

Bu ifadə yunan mifologiyası ilə bağlıdır. Öz hiyləgərliyi ilə məşhur olan Sizif baş ilah Zevsin qəzəbinə düçar olur. Zevs onu cəzalandırmaq qərarına gəlir. Sizif onun əmri ilə ağır bir daşı diyirlədə-diyirlədə yüksək bir dağın başına qaldırmalı olur. Lakin dağın başına çatan kimi daş aşağı diyirlənir və bu iş əbədi təkrarlanır.

 

Beləliklə, biri ağır və mənasız bir işlə məşğul olanda bunu “Sizif əməyi” adlandırırlar