Xəbərlər

AZƏRTAC-ın Uşaq Bilik Portalının təşkilatçılığı ilə “Peşə testi” mövzusunda seminar təşkil olunub

Aprelin 16-da Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Uşaq Bilik Portalının təşkilatçılığı ilə uşaqlar üçün “Peşə testi” mövzusunda seminar təşkil edilib. Seminarda Bakı Avropa Liseyinin 6-cı sinif şagirdləri iştirak ediblər.

 

AZƏRTAC xəbər verir ki, seminarın məqsədi yeniyetmə uşaqları peşə seçimində düzgün istiqamətləndirməkdir.

 

Agentliyin Uşaq Bilik Portalının bölmə müdiri İradə İsayeva qeyd edib ki, peşə seçimi hər bir insanın həyatında verdiyi vacib qərarlardan biridir. Çünki onun gələcəkdə həyatda tutacağı mövqe, karyerası, gəliri bu seçimlə bağlıdır. Müasir dövrdə texnologiyaların sürətlə inkişafı, iqtisadiyyatın dinamikası yerli və xarici əmək bazarındakı peşələrə ciddi təsir göstərir. Peşələr sürətlə dəyişir, bəzi peşələrə tələbat olmadığından onlar sıradan çıxır, yeni peşələr meydana gəlir. Bu mənada hər kəs peşə seçimi ilə bağlı qərar verməzdən əvvəl öz bilik və bacarıqlarını dəyərləndirməlidir.

 

Uşaq və yeniyetmələr üzrə psixoloq Yasəmən Səfərzadə vurğulayıb ki, məktəb illəri şagirdlərin peşə seçimi üçün vacib dövr hesab edilir. Onları bu dövrdə peşə seçiminə hazırlamaq vacib məsələlərdən biridir. Öz qabiliyyətləri, maraq və ehtiyacları haqqında doğru məlumata və qiymətləndirməyə sahib olmayan şagirdlər peşənin verdiyi fürsətlər, onun üstünlükləri, mənfi cəhətləri haqqında çox vaxt kimdənsə eşitdikləri səthi məlumatlarla peşə seçirlər. Təhsil aldığı dövrdə bir çox şagirdlər adətən öz maraq, istək və qabiliyyətlərinin hansı peşə sahəsinə daha uyğun olduğunu bilmədən, peşələri tanımadan peşə seçimi ilə bağlı qərar verirlər. Bunun qarşısını almaq üçün yeniyetmələrə doğru, şüurlu, əsaslandırılmış qərar verməkdə köməkçi olmaq üçün müəyyən psixoloji testlər aparılmalı, onların maraq dairələri, bacarıqları, qabiliyyətləri müəyyənləşdirilməlidir.

 

Seminarda psixoloq uşaqlarla “Mövcud olmayan canlı”, “Peşə testi”, “Rəsm analizi” üzrə iş aparıb, “Antistres” oyunu oynayıb.

 

Uşaqların peşə seçimi ilə bağlı fikirləri öyrənilib, onların sualları cavablandırılıb.