Odlar Yurdu

Göyçə mahalı

Pəmbək, Əlibəy, Ağmanqan, Güneydağ, Alagöllərin başı dağ silsilələrindən ayrılan çıxıntılar Göyçə hövzəsinin əsas hissəsini təşkil edir. Bölgənin ən mühüm dağ zirvələrini Pəmbək dağında Maymak, Kömürlü, Pirdağ zirvələri, Güneydağ silsiləsində Maralca, Soyuqbulaq, Kirtikdağ zirvələri, Məzrə dağlarında Keytidağ zirvəsi, Ağmanqan dağlarında isə Ağmanqan və Üçtəpələr zirvələri təşkil edir. Dağ silsilələrindən ayrılan çıxıntılar Göyçə hövzəsinin aşağı hüdudlarında iki düzənlik – Məzrə və Zəngi düzənliklərini yaradır.

 

Məzrə düzənliyi Göyçə hövzəsinin Yelizavetpol (Gəncə) qəzası ilə həmsərhəd olan şərq hissəsində yerləşməklə cənub şərqdən Göyçə gölünə doğru uzanır, onun enni 15, uzunluğu isə 20 verst təşkil edir.


Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisi 114 min kv.km olmuşdur. 1920-ci ildən ADR-i işğal edən yeni rus bolşevik imperiyası Azərbaycanın ərazisi olan Zəngəzur mahalı, Göyçə mahalı, Şərur mahalı, Dərələyəz mahalı, Dilican ərazisini qanunsuz şəkildə Ermənistana vermişdir. Göyçə mahalı "Kitabi-Dədə Qorqud"da rast gəlinən yer-yurd adlarının izini Göyçə gölü boyunca hər tərəfdə tapmaq olar. Bu eposda Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlər azərbaycanlıların qədim yaddaşının və mədəniyyətinin izidir.


Göyçə mahalı cənubdan – Ağlağan təpəsi, Dəlik, Çənlibel dağları, Səlimgədiyi, şimalda isə Murğuz, Şahdağ silsiləsi ilə əhatə olunmuşdur. Şah dağından baxanda bu mahal ortasına ayna salınmış güllü bir nəlbəkini xatırladırdı. Göyçə mahalı çox qədim zamanlardan bəri el şairlərinin vətəni olmuşdur. Göyçə mahalında yaşayıb-yaratmış saz ustaları aşıq sənətinə yenilməzlik gətirmişlər. Buranın əhalisi şad günlərdə, qəmli anlarda qədim qopuzun varisi olan sazı kökləmiş və onun sədaları ilə ürək çırpıntısını, daxili sızıltısını ifadə etmişdir.


Göyçənin elə bir guşəsi yoxdur ki, orada türk-oğuz izlərinə rast gəlinməsin. Toxluca kəndindəki Qanqalı dağı, Göyərçin kəndinin örüşündə Qara Quzeyadlı dağı, Zod aşırımında soyuq bulaq uzaq keçmişdən bu günə kimi oğuz türklərinin daş yaddaşı idi. Göyçə elinin şifahi xalq ədəbiyyatı nümunələrindəki mifoloji varlıqlar haqqında inanclarının kökü qədim dövrə gedərək tanrıçılıq, şamançılıq dünyagörüşünə söykənir.