Odlar Yurdu

Dənizkənarı Milli Park

Bakının özünəməxsus tarixi-memarlıq xüsusiyyətləri var. Onun bir parçası olan Dənizkənarı Milli Park şəhərsalma nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıyır. Bakı Bulvarı maddi mədəniyyətimizin əsrarəngiz nümunəsi olmaqla yanaşı, onun həm tarixi, həm də müasir simasını əks etdirən xüsusi təbii komplekslərdən biridir.


 “Bulvar” sözü fransız mənşəlidir və “sahil boyunca gəzinti zolağı” anlamını verir. İlk bulvar XVII-XVIII əsrlərdə Qərbi Avropada yaradılıb.

 

Bulvar yerli sakinlər və qonaqların əsas gəzinti və istirahət məkanlarındandır. Bakı Bulvarının yaranma tarixi XX əsrin əvvəllərindən başlayır. Məhz 1909-cu ildə Xəzərin Bakı sahili və o zaman rus imperatoru II Aleksandrın adını daşıyan sahil küçəsi arasında yaşıllıq zolağı – bulvar – salınıb. Qeyd etmək lazımdır ki, Bakı Bulvarının salınması bilavasitə dənizkənarı sahilin nizamlanması ilə bağlı məsələ idi. Bu ərazidə tikinti işlərinin başlanması XIX əsrin ikinci yarısına təsadüf edir. Sahil zolağında ilk mühəndis işləri azərbaycanlı memar Qasım bəy Hacıbababəyov (1811–1874) tərəfindən aparılıb.  O, 1862-ci ildə bütün sahil boyunca anbarların tikilməsi haqqında layihə tərtib edib. Bura 1867-ci ildə su kəməri çəkilib, fəvvarə quraşdırılıb və tikililər inşa olunub.

 

İlk bulvarın ərazisi “Daş körpü”dən (indiki Azneft meydanından) “Qafqaz və Merkuri” şirkətinin körpüsünə (A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasına) kimi olan ərazini əhatə edir.

 

Sovet dövründə Dənizkənarı Bulvar daha da abadlaşır. 1930-cu illərdə sahildəki bir sıra körpülər söküldükdən sonra bulvarın ikinci hissəsi tikilir. Kukla teatrından Bülbül prospektinədək olan ərazilər abadlaşdırılır. Bulvarın növbəti inkişaf mərhələsi 1936–1938-ci illərə təsadüf edir. Bu zaman artıq əks istiqamətdə – Azneft meydanından köhnə  “İnturist” mehmanxanasına kimi olan ərazidə işlər tamamlanır. Burada yaşıllaşdırma və quruculuq işləri həyata keçirilir.

 

 1970-ci illərdə respublikada və Bakı şəhərində yaşıllaşdırma və abadlaşdırma işlərinin genişləndirilməsi nəticəsində Dənizkənarı Bulvarda da yenidənqurma işləri aparıldı. Bulvar şərq və qərb istiqamətlərində genişləndirilərək uzunluğu 3,7 kilometrə çatdırıldı.

 

80-ci illərin sonu, 90-cı illərin əvvəllərində ölkə həyatının digər sahələrində olduğu kimi Bakı şəhərinin abadlığı da böhran vəziyyətinə düşdü. Bu proses Dənizkənarı parkda dağıntılarla, burada insanların istirahətinə mane olan onlarla obyektin tikilməsi, onların təsiri, eləcə də Xəzərin səviyyəsinin qalxması səbəbindən qiymətli ağac növlərinin məhv olması ilə nəticələndi.

 

Dənizkənarı bulvara ölkənin maddi mədəniyyətinin, tarixinin bir hissəsi kimi yanaşan Ümummilli lider Heydər Əliyev 1998-ci il dekabrın 29-da bulvara Milli Park statusu verilməsi haqqında Fərman imzaladı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2001-ci il tarixli 132 nömrəli qərarına əsasən, Dənizkənarı Milli Park ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri sırasına daxil edildi.

 

Dənizkənarı Bulvarın təbii landşaftının bərpası, onun tarixi simasının saxlanılması, ərazinin zəngin florasının inkişaf etdirilməsi, bulvarın mühafizə olunması, burada sosial-mədəni tədbirlərin həyata keçirilməsi məsələlərinin həllini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci il yanvarın 10-da Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında Fərman imzaladı. Bu Fərmandan sonra Dənizkənarı Milli Parkın əsaslı şəkildə abadlaşdırılmasına başlanıldı. Görülən abadlıq işləri sayəsində parkın yaşıllıq zolağı xeyli genişləndirildi. Burada yeni ağac və gül növləri əkildi. Onların arasında olan ekzotik bitkilər (palmalar, Argentinadan gətirilmiş baobablar, Meksikadan gətirilmiş kaktuslar və s.) bulvarın gözəlliyini daha da artırır. Ərazidə yeni attraksionlar və kino nümayişi ilə bağlı məkanlar da var. Burada özünəməxsus istirahət növü olan dəniz gəzintisi də təşkil olunur.

 

Milli Parkın ərazisinin genişləndirilməsi və inkişafı dövlət başçısı İlham Əliyevin daim diqqətindədir. Prezident İlham Əliyevin tapşırığı və rəhbərliyi ilə Avroviziya musiqi yarışması ərəfəsində Dənizkənarı Milli Parkın ərazisinin Əl Oyunları Sarayından Dövlət Bayrağı Meydanına qədər uzadılması işləri tamamlandı. Şəhər sakinlərinin istifadəsinə verilən Yeni Bulvarın ərazisi 1,8 kilometr, sahəsi 17,26 hektardır. Bu ərazidə tarixi əhəmiyyətli məkanlar yaradılıb. Dövlət Bayrağı Meydanı, Dövlət Bayrağı Muzeyi və Avroviziya müsabiqəsinin keçirildiyi idman-əyləncə kompleksi olan Bakı Kristal Zalı da bu məkanların sırasına daxildir.

 

2015-ci ildə Birinci Avropa Oyunları ərəfəsində bulvarın iki istiqamətdə genişləndirilməsi işi başa çatdı. Birinci istiqamət Dövlət Bayrağı Meydanından (Daş Salnamə Muzeyinin qarşısından) Bibiheybət istiqamətində genişləndirilən “Bayıl Bulvarı”, digər istiqamət isə Dəniz Ticarəti Limanından “Bulvar” hotelə kimi uzadılan Ağ Şəhər Bulvarıdır. Bakı “Ağ Şəhər” Bulvarının uzunluğu 2,7 kilometr, sahəsi 34,6 hektardır. “Bayıl Bulvarı”nın uzunluğu 2,3 kilometr, sahəsi 24 hektardır.  Yeni bulvar ərazisində yenidənqurma və abadlıq işləri nəticəsində müxtəlif istirahət və iaşə obyektləri ilə yanaşı müasir mədəniyyət obyektləri də inşa edilib. Bu gün Bakı Bulvarının ərazisi 215.164 hektar olmaqla, uzunluğu 16 kilometrə çatdırılıb. Qərblə  Şərqin memarlıq elementlərini özündə birləşdirən Dənizkənarı Milli Parkda tikinti və abadlıq işləri davam etdirilir.