Təbiət

Titikaka gölünün nəhəng qurbağası

Telmatobius culeus –Titikaka gölündə və ona axan çaylarda yaşayan qeyri-adi həyat tərzinə və xarici görünüşünə sahib olan qurbağadır. Böyük su qurbağasıdır: bədən uzunluğu 14 sm, çəkisi 250 qr-dır.  

 

Telmatobius culeus qurbağasının özəlliyi -  qırışmış, bədəni boyunca sallanan dəriyə sahib olması və bu dəri vasitəsilə oksigen udmasıdır. Bu xüsusiyyətinə görə amfibiyanı “torba qurbağası” da adlandırırlar. Digər adı “Fit çalan” qurbağadır. Bu qurbağanın daha bir qeyri adiliyi - heç zaman suyun səthinə çıxmamasıdır.

 

Titikaka gölünün sahilləri 3812 m yüksəklikdə yerləşir və bildiyimiz kimi bu hündürlükdə hava seyrək, su isə soyuqdur (temperatur təxminən 10°C-dir). Bəlkə də məhz buna görə Fit çalan qurbağa sudan qırağa çıxmır və dayaz göllərin, çayların dibində yaşayır.

 

Titikaka fit çalan qurbağasının ağciyəri çox kiçikdir (digər qurbağalara nisbətən üç dəfə kiçikdir), nəfəs alma dəri vasitəsilə baş verir, buna görə də bədəni boyunca sallanan dəri - nazik və çoxsaylı kapilyarlarla öltülüdür. Dəridəki qıvrımlar isə qaz mübadiləsində iştirak edir.

 

Bu növ, qurbağalar arasında ən aşağı metabolizm prosesinə sahibdir, bu da müvəqqəti hipoksiyaya dözməyə kömək edir.

 

Telmatobius culeus qurbağası vaxtının çoxunu suyun dibində keçirir, yumurtasını sahil yaxınlığında dayaz sularda qoyur. Xərçəngkimilər, molyuskalar, ilbizlər və qurdlarla qidalanır.

 

Növ Beynəlxalq Qırmızı Kitabda nəsli kəsilməkdə olan kimi siyahıya alınmışdır. Qurbağanın sayının kəskin azalması - yerli əhali tərəfindən tibbi məqsədlər üçün çıxarılması, gölün çirkab suları ilə çirklənməsi, yumurtalarının digər balıqlar tərəfindən yeyilməsi ilə əlaqədardır. Qurbağaların dəqiq sayı məlum deyil, lakin azalma göz qabağındadır. Təkcə 2015-ci ildə tədqiqatçılar gölün Boliviya tərəfində 10 000-ə yaxın ölü qurbağa tapıblar. Ölümün mümkün səbəbi gölün kimyəvi maddələrlə çirklənməsidir. Bundan əlavə, qurbağaların dərisində patogen göbələk aşkar edilib ki, bu da suda-quruda yaşayanların bir çox növlərini artıq məhv edib.

 

Bununla belə, unikal növün qorunmasına hələ də ümid var - əhali ilə maarifləndirmə işi aparılır və əsirlikdə qurbağaların yetişdirilməsi sayəsində işlər görülür. 2010-cu ildə bazarlardan müsadirə edilən qurbağalar Peru və Boliviyada yetişdirmə mərkəzlərində saxlanılıb və ilk dəfə artım müşahidə olunub. 2015-ci ildə Şimali Amerikada Denver Zooparkında artımına nail olmağı bacarıblar.