Nağıllar, hekayələr

Qriqori Oster. Bəlkə alınacaq!

Bir dəfə fil balası, tutuquşu, boa ilanı və meymun oturub söhbət edirdilər. Birdən tutuquşu ayağa qalxıb dedi:

 

- Oldu, dostlar, artıq getməliyəm!

 

- Hara? - boa ilanı təəccüblə soruşdu.

 

- Yuvama! – deyə tutuquşu cavab verdi.

 

- Orada nə var? - meymun soruşdu.

 

- Hər şey! Orada hər şey var! – deyə tutuquşu cavab verdi və hər biri ilə ayrılıqda sağollaşmağa başladı. - Əlvida, fil balası! Görüşənədək, boa ilanı! Sağol, meymun!

 

- Tez qayıdacaqsan? - fil balası soruşdu.

 

- Xeyr. Yuva uzaqdadır, ona görə gec qayıdacam! - tutuquşu izah etdi. - Əvvəlcə ora, ora, ora, ora, ora gedəcəm, sonunda yuvaya çatacam. Sonra geri, geri, geri, geri yola davam edəcəm və üç günə gəlib yanınıza çatacam. Salamat qalın!

 

Tutuquşu təzəcə yola çıxmışdı ki, hətta bir neçə addım belə atmışdı ki, fil balası qəfildən onun yolunu kəsib dedi:

 

- Qulaq as, tutuquşu. Niyə piyada gedirsən?

 

- Bəs nə ilə getsin? - meymun təəccüb ilə soruşdu.

 

- Niyə yuvana uçaraq getmirsən?

 

- Həqiqətən! - boa ilanı da söhbətə qoşuldu - Niyə?!

 

- Həqiqətən! - meymun da sevinərək dedi - Niyə o... uçmur?!

 

Tutuquşu çox təəccübləndi:

 

- Niyə mən... yox, nə etməliyəm?

 

- Uçmalısan! - fil izah etdi. - Bir, iki - və oradasan!

 

- Bir, iki ... və harada? - tutuquşu soruşdu.

 

- Yuvanda! - meymun yüksək səslə dedi.

 

- Necə yəni?

 

- Bu, çox sadədir -  boa ilanı başa salmağa çalışdı. - Uçursan, uçursan, tez bir zamanda yuvandasan və sonra geri uçursan, uçursan və budur tezliklə burdasan!

 

Tutuquşu diqqətlə filə, sonra boa ilanına, daha sonra meymuna baxdı və hər üçündən soruşdu:

 

- Siz ağlınızı itirmisiz, hə?

 

- Sən ki quşsan! - boa ilanı ona xatırlatdı.

 

- MƏN?! - tutuquşu bərk incimiş vəziyyətdə dedi. - Qulaq as, niyə məni təhqir edirsən?

 

- O səni təhqir etmir, - fil izah etməyə çalışdı - Sən tutuquşusan, tutuquşu isə quşdur!

 

- Ola bilər! - tutuquşu dedi. - Amma bu o demək deyil ki, mənə hər hansı bir şəkildə alçalda bilərsiz!

 

- Yaxşı, səndə onlardan var?... - fil balası qulaqlarını yellədi.

 

- Onlar nədir? - tutuquşu inamsızcasına soruşdu.

 

- Onlar daaa! - fil balası qulaqlarını daha bərk yellədi.

 

- Aaaa! Qanadlar! - tutuquşu təxmin etdi. - Var! Nə olsun?

 

- Elə isə uç! - boa ilanı özünü saxlaya bilməyib yenə dedi.

 

- Uç! - meymun boa ilanını dəstəklədi.

 

- Hara? - tutuquşu məsum səslə soruşdu.

 

- Yuvaya! - bütün səbrini itirən boa ilanı dedi.

 

- Deməli belə! - tutuquşu dedi - İndi məndən nə istədiyinizi başa düşdüm. Mən də fikirləşirdim kİ, məndən nə istəyirlər? Yəni mənə yuvaya uçmağı təklif edirsiz? Bəli?

 

- Bəli – meymun cavab verdi.

 

- Xeyr, -tutuquşu dedi, - təklifə görə çox sağ olun. Bu, əlbəttə ki, çox cəlbedicidir, bu sizin təklifinizdir, amma mən piyada getməyi üstün tuturam!

 

- Bəlkə uçmağı bilmirsən? - meymun soruşdu.

 

- MƏN? - tutuquşu yenə incimiş şəkildə soruşdu. - Bilmirəm necə?

 

- Bəli, - meymun dedi, - Sən uçmağı bacarmırsan!

 

Tutuquşu ətrafa baxdı, sonra meymuna yaxınlaşıb qulağına çox sakitcə nəsə pıçıldadı.

 

- Nə deyir? - boa ilanı soruşdu.

 

 - O deyir ki, bu bir sirrdir- deyə meymun cavab verdi.

 

- Nə sirrdir? - fil balası da başa düşməyib soruşdu.

 

- Uçmağı bilir, ya bilmir. – meymun cavab verdi.

 

- Sirr kimdəndir? - boa ilanı təəcüblə soruşdu - Bizdən?

 

- Xeyr – tutuquşu cavab verdi – Sizdən yox. Məndən. Mənim üçün də sirrdir, uça bilərəm, yoxsa yox.

 

- Niyə?

 

- Çünki özüm belə bilmirəm uçmağı bacarıram ya yox!? Mən hələ heç vaxt uçmağı sınamamışam!

 

- Sadəcə cəhd et! - fil balası təklif etdi.

 

- Mən... Qorxuram, - tutuquşu utanaraq etiraf etdi.

 

- Nədən qorxursan?

 

- Bəs əgər... birdən məndə alınsa! - tutuquşu dəhşətlə dedi.

 

- Bu ki qorxulu deyil, yaxşıdır! - boa ilanı tutuquşunu əmin etməyə çalışdı.

 

- Doğrudan? - tutuquşu boa ilanına diqqətlə baxdı. - Bəs sən cəhd etmisən?

 

- MƏN? - boa ilanı çaşdı. - Uçmaq? Xeyr, mən sınamamışam!

 

- Elə isə cəhd et! - tutuquşu ona təklif etdi. - Sonra necə olduğunu deyərsən! ...

 

- Mən bilirəm necə etmək lazımdır! - meymun qışqırdı. - Tullanmaq lazımdır! Bax belə! - və meymun necə tullanmağı göstərdi.

 

- Və qanadları çırpmaq lazımdır! - fil əlavə etdi. – Bax belə!

 

Meymun yuxarı-aşağı tullanır, fil isə qulaqlarını yelləyərək qanadları necə çırpmaq lazım olduğunu göstərdi. Tutuquşu bir qədər meymuna və filə baxdı, sonra o da atılmağa başlayıb qanadlarını çırpdı. Tutuquşu uzun müddət hoppanıb qanadlarını çırpdı, lakin heç bir nəticə vermədi. Bundan bezən tutuquşu dayanıb hirslə dostlarından soruşdu:

 

- Nə oldu?

 

- Qoy qaçsın! - boa ilanı təklif etdi.

 

- Xeyr-  meymun yeni bir təklif etdi. - Gəlin onu itələyək!

 

- Necə yəni itələyək? - tutuquşu qorxaraq soruşdu.

 

- Filin belindən! - meymun aydınlıq gətirdi.

 

Boa ilanı və fil dərhal hər şeyi başa düşdülər. Boa ilanı tutuquşunu tutub filin belinə qoydu. Amma tutuquşu meymunun təklifini heç bəyənmədi.

 

- Mən hoppanmaq istəmirəm! - tutuquşu qışqırdı. - Mən düşüb yaralanacam!

 

- Sən uçacaqsan! - tərpənməməyə çalışan fil ona ehtiyatla cavab verdi.

 

- Sən niyə belə fikirləşirsən? - tutuquşu soruşdu.

 

- Çünki biz sənə inanırıq! - boa ilanı elan etdi. Bax beləcə boa ilanı, meymun və fil balası tutuquşu üçün mahnı oxudular:

 

Bunu əbədi olaraq yadda saxla!

 

Özünə inam vacibdir!

 

Heç vaxt şübhə etmə!

 

Cəsarətli olmaqdan qorxma!

 

Əgər hazırlaşıb

 

Amma cəsarət etmirsənsə!

 

Bil ki, bir gün başlamalısan!

 

Özünü ələ al! Əziyyət çəkməyə ehtiyac yoxdur!

 

Çalış! Və səndə alınacaqdır!

 

Əgər nəticə verməsə,

 

Yenidən cəhd etməlisən!

 

- Bəs yenə alınmasa? - tutuquşu fildən soruşdu.

 

- Yenidən cəhd edəcəksən! - bir daha fil, boa ilanı və meymun xorla oxudular.

 

- Biz əminik ki, sən çox yaxşı uça bilirsən! - boa ilanı dedi- - Heç cəhd etməmisən. İndi isə cəhd et və özünə inan!

 

- Bax beləcə uçacaqsan! - boa ilanı danışarkən, meymun sakitcə filin üstünə çıxdı, arxadan tutuquşuya yaxınlaşıb və onu oradan itələdi.

 

Tutuquşu həqiqətən uçdu, yalnız yuxarı deyil, aşağı doğru. Başı aşağı yerə çırpıldı.

 

- Görürsən! - boa ilanı tutuquşunu yerdən qaldıraraq dedi. – Sən isə qorxurdun! Hər şeyin necə gözəl olduğunu görürsən! - və boa ilanı tutuquşunu yenidən fil balasının üzərinə qoydu.

 

- Sən get burdan! - tutuquşu yenidən onu itələmək istəyən meymuna qışqırdı. - Məndən uzaqlaş! Mən özüm tullanacam!

 

Beləcə tutuquşu cəsarətlə özünü fildən atdı yerə. Əvvəlcə, ilk dəfə olduğu kimi, aşağı doğ=ğru uçdu.

 

- Qanadları çırp, qanadları çırp! - boa ilanı təkid etdi.

 

Tutuquşu qanadları ilə işləməyə başladı. Və birdən... birdən tutuquşu hiss etdi ki, artıq yıxılmır. Tutuquşu uçduğunu hiss etdi. Daha yüksək və daha yüksəklərə! Tutuquşu başa düşdü ki, onda alındı!

 

- Uçur! - meymun qışqırdı.

 

- Uçur! - fil heyranlıqla pıçıldadı.

 

- Uçur! - qürurla səmada uçan tutuquşu seyr edən boa ilanı dedi.

 

Xoşbəxt tutuquşu isə səmaya süzüb düşünürdü: “Mən uçuram! Mən bunu bacardım! Belə çıxır ki, mən bunu çox yaxşı bacarıram!”

 

Boa ilanı, fil və meymun tutuquşunun getdikcə uzaqlaşdığını gördü. Nəhayət, o, tamamilə gözdən itdi və dərhal yenidən göründü. Tutuquşu dostlarının başı üzərində dairə edib enməyə başladı. O, yerə enib boa ilanının qarşısında dayandı.

 

-Bəh-bəh - boa ilanı qürurla tutuquşuna dedi. - Bir bilsəydin necə gözəldi! Nəcə də gözəl uçdun!

 

Tutuquşu qürurla hamıya növbə ilə baxdı və bir anda hamıya təvazökarlıqla baş əydi.

 

- Niyə yuvana uçmadın? - meymun soruşdu.

 

- Mən artıq yuvama getmişəm, indi isə geri uçub gəlmişəm, - tutuquşu dedi. – Yuvada idim!

 

- Zəhmət olmasa, - fil tutuquşudan xahiş etdi, - Yenidən uç! Bir az da üç! Səni yenə seyr edək!

 

- Bu günə bəsdir! - tutuquşu dedi. - Əsas özünə inanmaqdır. Mən isə artıq özümə inanıram!