Muğam adlarının etimologiyası
Muğam adlarının etimologiyası maraqlıdır. Bəzi muğam adları rəqəmlərlə bağlıdır: məs., "Dügah": dü - ikinci, gah - "məqam", "məkan", "mövqe" mənasını daşıyır, "ikinci məqam" deməkdir. O cümlədən, "Segah" - "üçüncü", "Çahargah" - "dördüncü", "Pəncgah" - "beşinci" məqam mənasını verir. Ölkə və şəhər adları ilə bağlı muğamlar var: "Azərbaycan", "Hicaz", "Zabul", "Bayatı-Şiraz", "Bayatı-Isfahan", "Əraq" (və yaxud "Iraq"), "Arazbarı", "Heyratı", "Kabili", "Qarabağ şikəstəsi" və s. yer adlarını daşıyır. Tarixi şəxsiyyətlərlə və ifaçılarla bağlı muğam adları: "Mənsuriyyə", "Heydəri", "Baba Tahir", "Hacı Dərviş", "Hacı Yuni", "Şah Xətai" muğam şöbələrində öz əksini tapır. Heyvanat aləmi ilə bağlı muğam adlarına da rast gəlinir: məs., "Balu-kəbutər" - "qaranquş qanadları", "Zəngi-şötör" - "dəvə zəngləri" mənalarmı daşıyır. Musiqinin obrazlı məzmunu ilə əlaqədar muğam adları mövcuddur: "Səmayi-Şəms", "Şur", "Hümayun", "Şah-naz", "Dilkəş", "Dilrüba" və s. Eyni zamanda, türk qəbilə və tayfa adları da muğamlarda öz əksini tapmışdır: məs., "Bayatı" - Bayat tayfasının, "Ovşarı" ("Əfşarı") - Əfşar tayfasının adı ilə bağlıdır. Həmçinin, "Bayatı-Türk", "Bayatı-Qacar", "Bayatı-Kürd" ("Kürd" sözü türk mənşəli "Qurd" sözünün xalq arasında tələffüz formasıdır) muğamların qədim türk kökləri ilə bağlılığından xəbər verir.
Muğam ənənələri bu gün də qorunub saxlanılır. Muğam - əsaslı ustad məktəbi keçmiş, ifaçılıq texnikasına məharətlə yiyələnmiş, virtuoz improvizə bacarığına və bəstəkarlıq istedadına malik, muğam qanunlarını və poeziyanı dərindən bilən professional musiqiçilər tərəfindən şifahi ənənə əsasında oxunub-çalınaraq yaradılır. Muğam bir yaradıcılıq prosesidir və sənətkarın təxəyyülü üçün geniş imkanlar açır. Muğam ifaçısı - xanəndə və ya xalq çalğı ansamblı ifaçısı öz zövqündən, məharətindən, bacarığından asılı olaraq, ciddi qayda-qanunlar əsasında qurulan muğam kompozisiyasında bir muğamdan-digərinə keçərək, onu rəngarəngləşdirir, öz ifaçılıq versiyasını yaradır.
29.04.2022